Gənc ifaçıların performansı

post-img

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən 14-cü musiqi bayramı ətraf dağlarda əks-səda verməkdədir.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilmiş budəfəki festivala dünya musiqisinin müxtəlif ünlü simaları toplaşıblar. Qəbələ beynəlxalq mədəni dialoqun bir növ episentridir.

İyulun 24-də start götürmüş bayramın növbəti günündə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək orkestrin fəaliyyəti barədə məlumat verib.

Konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Uvertüra” ilə başlayıb. Ardınca Arif Məlikov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Müslüm Maqomayev, Musa Mirzəyev, həmçinin G.Puççini, P.İ.Çaykovski, A.Piazzolla, D.Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirilib. Solistlər – əməkdar artistlər Afaq Abbasova (soprano) və Aleksey Mittixin (cello), Nicat Salmanov (fleyta), Rəfiqə Quluzadə (piano), Cəlal Kərimov (bariton), Şərif Bağırov (klarnet), Hüseynağa Asalanovun (qiraətçi) ifaları, Daniyə Nəsirova (rəqqasə) və Ülvi Əliəhmədlinin (rəqqas) çıxışları alqışlarla qarşılanıb.

Proqrama uyğun olaraq Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konsert proqramı da təşkil olunub. Konsertdən əvvəl bildirilib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı ilin noyabrında olub. Həmin vaxtdan onlar mütəmadi olaraq hər ay bir neçə dəfə silsilə konsertlər verərək öz dinləyici kütləsini yaradıb, geniş auditoriyanın rəğbətini qazanıblar. “Gənclərə dəstək” layihəsi cəmi 9 ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.

Respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatları konsertdə öz performanslarını göstəriblər. Tenor Cavidan Babazadə, soprano səsli Tamilla Həsənova və Xədicə Həziyevanın ifaları maraqla qarşılanıb. Onları pianoda Svetlana Əhmədova, Samirə Əmiraslanova və Nuridə Novruzova müşayiət ediblər.

Dünən gündüz isə Zəhra Quliyevanın rəhbərliyi ilə “Detaşe-Sabah” violinoçular ansamblının konserti təqdim olunub. Festivalın qarşıdakı günlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin, Fuad İbrahimovun dirijorluğu ilə Bakı Dövlət Kamera Orkestrinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olacaq, kamera musiqisi axşamı təşkil ediləcək.

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq musiqi platformasına çevrilərək, mədəniyyətlərarası körpü rolunda da çıxış edir. Festivalın qonaqları sırasında Gürcüstanın tanınmış musiqi qrupu “Tbilisi Big Band” da var. Kollektiv caz, ritm və enerji dolu əsrarəngiz çıxışı ilə musiqisevərləri sevindirəcək. XVIII əsrin məşhur italiyalı ustalarının hazırladıqları nadiq musiqi alətlərini dilləndirən Litvanın “Ciurlionis” kvartetinin virtuoz təqdimatı da festivalın izləyicilərə növbəti hədiyyəsi olacaq.

Bəli, artıq 4 gündür ki, təbiətlə musiqinin qovuşduğu məkanda – Qəbələdə tanınmış incəsənət ətrafa gur işıq saçır, hər kəsə valehedici musiqi və unudulmaz axşamlar bəxş edilir. Gözəl ənənəyə çevrilən Qəbələ Musiqi Festivalı daha 2 gün davam edəcək.

XQ



Mədəniyyət