Bakıda Türk Sənət Akademiyası

post-img

Dünyaca məşhur “Qurdlar vadisi” türk serialında Polat Alemdarın “sağ əli” olan Güllü Erhan rolunun ifaçısı – aktyor Erhan Ufak artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. O burada özünün Türk Sənət Akademiyasını yaradıb.

Əslən elazıxlı Erhan Ufak gənc yaşlarından etibarən səhnə və ekranlarda yer alıb. Populyarlaşması isə 2003-cü ildən çəkildiyi “Qurdlar vadisi” ilə başlayıb. Bir çox başqa layihələrdə də bacarıqlı performans sərgiləyib. “Zəhərli toxumlar: Ölüm yolu”, “Təpə əməliyyatı” və “Nisan” filmləri bu qəbildəndir. Gənc həmkarımız Aynur Ədil bu günlərdə Erhan Ufakla görüşərək ondan müsahibə alıb. Bəzi məqamlarından istifadə etdiyimiz söhbətdən anlaşılır ki, ünlü sənətçi ixtisasca ssenarist və aktyordur. Bununla bərabər, gənclərə yön verməyi, onlara sənətlə bağlı sirləri öyrətməyi sevir.

Onun dedikləri: “Mən öncə Türkiyədə akademiya yaratdım. Amma bizdə ora gələn tələbələrdən 70 faizi azərbaycanlı gənclər idi. Onları izləməyə başlayanda gördüm ki, çox istedadlı, brilyant kimi parıldayan gənclərdir. Kimi rejissorluq, kimi aktyorluq, kimi isə şəxsi inkişaf ilə bağlı təhsil almağa gəlirdi. Gözümə bu da sataşdı ki, birinci və ya ikinci aydan sonra onlar itirdilər… Və bunu araşdırdıqdan sonra məlum oldu ki, kiminin maddi gücü çatmır, kimi yaşayış icazəsinə görə qala bilmirdi. Niyə yarımçıq qoyduqlarını soruşdum. Cavabında bildirirdilər ki, bizim əlimizdə olan bir şey deyil. Sonra tamamilə qərara gəldik ki, əgər onlar bura gələ bilmirsə, biz gedək, orada öz məktəbimizi açaq.

Bir həftə, on gün burada dolaşıb, araşdırmasını apardım. Sonra gördük ki, burada akademiyaya həqiqətən ehtiyac var... Burada akademiyanı qurdum və artıq tələbələr gəlməyə başladı. Sonra ailəmi da buraya gətirdim. Onsuz da işimlə bağlı tez-tez gedib-gəlirdim. Düşündüm ki bura da sevdiyimiz bir yerdir. Həmçinin Azərbaycan mənim üçün çox özəl bir yerdir. Uşaq otağımda bəri bu belədir. Bizim otağımızda iki bayraq asılı idi: biri Türkiyə, digəri isə Azərbaycan bayrağı. Rəhmətlik atamdan soruşardım ki, o qədər türk dövlətləri olduğu halda, niyə məhz Azərbaycan? Heç bir zaman niyəsini mənə tam olaraq açıqlamadı. Elə bir an gəlirdi ki, qardaşıq deyirdi, elə bir an da olurdu ki, buranın gözəlliklərindən bəhs edirdi. Bu səbəbdən də Azərbaycan mənim üçün hər mənada özəldir. Akademiyanı da burada açdım. Bu da insanların çoxuna kömək oldu və kömək olmağa da davam edir. Əslində burada olan gənclər üçün gələn çox insan var idi və biri də mən oldum. Artıq dörd ildir ki, Azərbaycanda yaşayıram. Azərbaycanı da həqiqətən çox sevirəm.

İşlərimlə bağlı Türkiyəyə tez-tez gedib-gəlirəm. İndi də yenicə qayıtmışam, 20 gün idi ki, oradaydım. Bir sinema filmimiz var idi. Bir sözlə, işim olduğu təqdirdə gedib gələ bilirəm. Amma buranı sevdiyimə görə həyatıma burada davam etmək istəyirəm”.

Hələ ötən ay Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının təşkil etdiyi görüşdə iştirak edən Türk Sənət Akademiyasının direktoru Erhan Ufak ömür-gün dostu və “Türk Dünyası Tarix Yazan Uşaqlar” layihəsinin rəhbəri Süreyya Ufak (Kul) ilə gənclər, uşaqlar və Türk mədəniyyəti mövzusunda geniş fikir mübadiləsi aparılmış, Azərbaycana sevgilərini bir daha dilə gətirmiş, gənclərimizin çox istedadlı olduğunu vurğulamışdı.

Müsahib “Bizim ölkədə gəzəndə insanlar tərəfindən daha çox necə qarşılanırsınız?” sualını belə cavablandırıb: “Heç bir zaman qətiyyən soyuqluq görmədim. Daha çox sevgi gördüm. Açığı, çox gəzmirəm. Ən çox müəyyən yerlərdə gəzirəm. Getdiyim hər yerdə isə çox sağ olsunlar, var olsunlar ki, məni, sözün əsl mənasında, əl üstündə tuturlar”.

Bu isə onun “Gələcək üçün Türkiyə–Azərbaycan birliyini əks etdirən film, ya serial çəkməyi düşünürsünüzmü?” sualına cavabıdır: “Əlbəttə. Və hazırda da bu yöndə çalışıram. Hətta bir neçə iş var. Yavaş-yavaş başlayacağıq. Çox böyük büdcəsi olmayan, ancaq hər hansısa məna ifadə edən, gözəl bir səs salacaq ssenarim hazırlanır. Türkiyə və Azərbaycan arasında keçən bir hekayə kimi. Qısa bir film olacaq hələlik”.

Erhan Ufak akademiyaya gələn gənclərə tövsiyələrini bildirərək deyib: “Təhsil alsınlar ki, özlərini bir pillə yuxarı qaldırsınlar – sadəcə gənclərə tövsiyəm budur. Özləri üçün yatırım etsinlər. Hansı mövzuda çatışmazlıqları varsa, onu tamamlasınlar. Əgər kompüterləri yoxdursa, onu alsınlar, dil bilgiləri zəifdirsə, təkmilləşdirsinlər, sənətlə məşğuldurlarsa, bilik mədəniyyəti qazansınlar. Bir sözlə, özlərini inkişaf etdirsinlər, öz üzərlərində işləsinlər”.

Son olaraq əlavə edib ki, akademiya olaraq 4 ildən bəri yaranan ünsiyyətləri uğurla davam edir. Hazırda isə son dərslərdən sonra, sentyabr ayına kimi məşğələlər və qəbul prosesi dayandırılıb. Sentyabr ayından yeni layihələrə start veriləcək.

XQ

Mədəniyyət