Vergi ödənişi asanlaşdırılır

post-img

220 min subyektə “ASAN imza” sertifikatı verilib

Cari ilin yanvar-iyun aylarında vergi ödəyicilərinə, ümumilikdə, 456 min 880 sayda xidmət göstərilib ki, bunun da 158,8 mindən çoxu şifahi xidmətlər (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 105 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) olub.

Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, göstərilən ümumi xidmətlərin 89,3 faizini bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası), sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi, “ASAN imza” sertifikatlarının verilməsi təşkil edib.

Beləliklə, bu ilin ilk yarısında vergi ödəyicilərindən daxil olmuş 17 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 14 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2104 vergi ödəyicisinin iştirakı ilə 205 görüş keçirilib, 2541 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 583 mindən çox SMS göndərilib. Hesabat dövründə, ümumilikdə, vergi ödəyicilərinə 220 min “ASAN imza” sertifikatı verilib.

 

İqtisadiyyat