Yaxşılıq insanın nəcib əxlaqi sifətidir. Həyatda insanlar belə ali keyfiyyətlərinə görə nüfuz qazanırlar. İnsan zahirinin necəliyini güzgüdə gördüyü kimi, onun mənəvi aləmini də nəcib əməlləri müəyyən edir.
Dünya gör-götür dünyasıdır, – deyiblər. Uşaqlıq və gənclik illərimi xatırlayanda könlümdə iz buraxan yaxşı insanlar gözlərim önünə gəlir. Nəbi müəllimin el şənliklərində məclisi idarə edərkən insanları düşündürən müdrik sözünü, söhbətini kəndimizin yaşlı sakinləri, ağsaqqalları indi də xatırlayırlar.
O, kənd camaatının məsləhətçisi idi. Elin xeyir-şər işi olanda həmişə onun yanına məsləhətə gedər və ondan razı qayıdardılar. O müdrik insanda çox mahir və fitri inandırmaq qabiliyyəti vardı. Mən kəndimizdəki orta məktəbi bitirənədək Nəbi müəllimin etdiyi xeyirxahlıqların canlı şahidi olmuşam. Məktəb direktoru işləyəndə müəllimlər də, şagirdlər də, ümumiyyətlə, kənd camaatı da onu özlərinin yaxın dostu, sirdaşı, dar günlərinin həmdəmi, dayağı hesab edirdilər.
O müdrik insanın siması bugünkü kimi gözümün önündədir. Ucaboylu, enli kürəkli, tökmə bədənli bir kişi idi. Görkəmindən əlavə, ziyalı hərəkətləri, mənalı danışığı onu daha da cazibədar edirdi. Dünyanın hər üzünü görmüş məğrur kişi idi. Başından dağların dumanı keçsəydi də, qürurunu sındırmazdı.
O, orta məktəbdə az bir müddət mənə riyaziyyat fənnindən dərs demişdi. Mən əlaçı şagird olsam da, riyaziyyatdan axsayırdım. Gələcəyin jurnalisti kimi, daha çox humanitar fənlərə üstünlük verirdim. Nəbi müəllim buna görə məni çətinliyə salmırdı. Bilirdi ki, mən riyaziyyatçı olmayacam. Yerli rayon qəzetində vaxtaşırı məqalə və şeirlərlə çıxış edirdim. Nəbi müəllim ilk qələm təcrübələrimi oxuyub bəyənirdi:
–Yaxşı yazırsan, yaz, amma həqiqəti yaz.
Onun sözləri o vaxtdan qulağımdan sırğa kim asılıb. Təkcə o sözləri deyil, Nəbi müəllimin çox sözləri aforizm kimi yadımda qalıb. O, kəndin toylarında yaxşı masabəyi kimi də tanınırdı. Onun sözləri məclis iştirakçılarına, xüsusilə cavanlara qol - qanad verirdi. İndi ahıl yaşında olan həmin cavanlardan biri mənə dedi:
–Mən hər məclisdə Nəbi müəllimin müdrik kəlamlarını dinləyəndə heyrətdən gözlərim dolurdu. O, aydan-aya, ildən-ilə deyil, bəlkə də gündən-günə daha da kamilləşirdi. Təkcə müəllim deyil, həm də nitq mədəniyyəti, davranışı ilə seçilirdi. Məclislərin yaraşığı idi.
Bəli, o, nurlu, qürurlu el ağsaqqalı, qeyrətli, cəsarətli, sadə-səmimi kənd müəllimi, masabəyi kimi də sözü məqamında və cəsarətlə deməkdən çəkinmirdi. Əsl ziyalı kimi, heç bir təmənna, qarşılıq gözləmədən öz işığını, nurunu el-obaya yayırdı. Həm də bu uca keyfiyyətləri insanın mənəvi bəzəyi adlandırırdı. Onun hər hərəkətinin, hər sözünün mahiyyətində müəyyən bir motiv gizlənirdi.
...Son illərdən bəri “pullu masabəyi”lik biznesə çevrilib. Sanki, bunu edənlərin mənəviyyatı tənəzzülə uğrayıb. İndi mühakiməsi bəsit olanlar pul qarşılığında tamadalıq edir. Belələri masabəyliyinin dərin və zəngin mahiyyətini, yaxşı xüsusiyyətini dərk etməkdən çox uzaqdır.
Mikrofon əllərində, ələbaxımlıqla, boğazdan yuxarı sağlıqlar deməklə, guya kimlərinsə ürəyinin sarı siminə toxunur, hissləri coşdurmağa can atırlar. Məclisi xoş olmayan bir tərzdə dirijor kimi idarə edirlər. Bu yolla “hörmət” və pul qazanırlar.
Belə “pullu masabəyi”lərə məsləhət görərdim ki, gözəl şairimiz, rəhmətlik Ənvər Rzanın bu şeirini oxusunlar və ibrət götürsünlər:
Dayan, toy yiyəsi, bir az səbr elə,
Bu təzə dəblərdən təzə halıyam.
O masabəyinə söz vermə hələ,
Məqamdır izin ver, danışmalıyam.
Bir çevir üzünü, bax, bu tərəfə,
Bir gör tanışdırmı bu masabəyi?
Ömründə görübmü tək bircə dəfə
Hardasa gəlini, hardasa bəyi?
Oturub hər şeyi pünhan soruşur,
Yaxşı ki, tanışlar yetir köməyə.
Tez-tez ad soruşur, ünvan soruşur –
Kişi hazırlaşır sağlıq deməyə.
Toylarda tamada olur o, hər gün,
Hirsim paltar oldu əynimə yenə.
Haqq alır, muzd alır bu “zəhmət” üçün,
Qan vurub sıçradı beynimə yenə.
Axı, təhqir olur bəy də, gəlin də,
Allah, görəcəkli günümüz varmış!
Koroğlu yurdunda, Qorqud elində
Xeyir-dua vermək pulla olarmış!
Əlbəttə, günah həm də özümüzdədir. Belə “pullu tamada”ları hörmətlə, ehtiramla qarşılayırıq, cibinə pul basırıq. Nədi-nədi haqqımızda boğazdan yuxarı təriflər desin. Bir sözlə, nəcib əxlaqi sifəti olmayandan masabəyi olmaz.
Həzi HƏSƏNLİ,
şair-publisist