Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında komandamızın çıxışı davam edir.
Universiadada növbəti medalı yığmamızın aktivinə cüdoçularımız yazdırıblar. Cüdo üzrə kişilərin mübarizəsində Kənan İsmayılov, Rəşid Məmmədəliyev, Məhərrəm İmamverdiyev, Elcan Hacıyev və Ruslan Nəsirlidən ibarət komandamız Monqolustan komandasına 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Bundan əvvəl bədii gimnastımız Zöhrə Ağamirova halqa, gürzlərlə hərəkətlərin icrasında gümüş, lentlə hərəkətlərdə isə bürünc medala sahib olub.
Fərdi yarışlarda isə cüdoçularımız Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) bürünc medala yiyələniblər.
Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.
L.SABİRQIZI, “Xalq qəzeti”

