3x3 basketbolu üzrə Azərbaycan millisinin və “Neftçi” klubunun Dünya Qadın Seriyasının növbəti mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Azərbaycan yığması Çexiyanın paytaxtı Praqada təşkil olunacaq yarışda qrupa vəsiqə qazanmaq üçün İsveçrə və Çili ilə təsnifat matçlarında qarşılaşacaq. “Neftçi” isə C qrupunda Litva və Latviya milliləri ilə üz-üzə gələcək.
Millimiz ilk təsnifat oyununu avqustun 4-də, Bakı vaxtı ilə saat 13:00-da İsveçrəyə qarşı keçirəcək. “Neftçi” isə qrupdakı birinci qarşılaşmasında həmin gün, Bakı vaxtı ilə saat 15:40-da Latviya yığması ilə mübarizə aparacaq.
3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi avqustun 4-5-də keçiriləcək. Turnirə 14 komanda qatılacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.
L.SABİRQIZI, “Xalq qəzeti”

