Qətər Avropaya qaz ixracını dayandıracaqmı?

post-img

Qətər Avropa İttifaqına (Aİ) xəbərdarlıq edib ki, əgər Avropa Komissiyası yeni iqlim normalarını təchizat zəncirinə dair direktivdən çıxarmazsa, ölkə Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandıra bilər. Bu barədə “Welt am Sonntag” nəşri Qətərin energetika məsələləri üzrə dövlət naziri və “QatarEnergy” şirkətinin rəhbəri Saad bin Şarida əl-Kaabinin məktubuna istinadla məlumat yayıb.

Əl-Kaabi məktubunda bildirib ki, mövcud direktiv Qətər qanunvericiliyi ilə ziddiyyət təşkil edir və Paris İqlim Sazişinin əsas prinsiplərinə ziddir. O xatırladıb ki, saziş hər bir ölkəyə öz milli məqsədlərini müəyyənləşdirmək hüququ verir. Nazir Aİ-nin əlavə iqlim şərtlərinin tətbiqini beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib. Əgər tələblər dəyişməzsə, Qətər Avropa bazarını tərk edib digər alternativ regionlara yönələcəyini istisna etmir.

Qətərin xəbərdarlığı nə deməkdir və Aİ-nin enerji təhlükəsizliyinə necə təsir edə bilər? Qətər ilə Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığı uzun illərdir qarşılıqlı maraqlara əsaslansa da, son günlərdə tərəflər arasında yeni bir gərginlik yaranıb. Səbəb Avropa Komissiyasının təklif etdiyi təchizat zənciri direktividir, hansı ki, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində enerji idxalçılarına əlavə şərtlər qoyur.

Xatırladaq ki, Avropa İttifaqı “yaşıl keçid” məqsədilə 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq istəyir. Bu baxımdan, enerji idxalında da ekoloji şərtlərin tətbiqi vacib sayılır. Lakin Qətər kimi əsas enerji təchizatçılarının narazılığı Aİ üçün enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında seçim dilemması yarada bilər. Belə ki, Qətər hazırda Avropanın LNG ehtiyaclarının 15 faizindən çoxunu qarşılayır. Rusiyadan qaz axınının kəskin azalmasından sonra Qətər Aİ üçün strateji tərəfdaşa çevrilib. Belə bir vaxtda tərəflər arasında siyasi-enerji qarşıdurması böhran riskini artırır.

Bu qarşıdurma, eyni zamanda, beynəlxalq enerji siyasətində yeni gərginlik xəttini göstərir. Əgər Qətər ixrac istiqamətini dəyişərsə, bu, Asiya bazarlarında LNG bolluğu, Avropada qiymət artımı və enerji tədarükündə qeyri-müəyyənlik, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və ABŞ kimi ölkələrin qaz bazarına təsir imkanlarının artması demək ola bilər.

Beləliklə, Qətər və Aİ arasında yaranan bu fikir ayrılığı, sadəcə, texniki və ekoloji mübahisə deyil, enerji siyasətinin geosiyasi ölçüsünü də üzə çıxarır. Aİ-nin diversifikasiya səylərinə baxmayaraq, hələ də bəzi ölkələr (məsələn, Almaniya və İtaliya) üçün Qətər LNG-si mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli müqavilələrə bağlanmış Aİ ölkələri iqlim tələbləri ilə iqtisadi maraqlar arasında seçim dilemması ilə üz-üzədir. Buna görə də, Avropa “yaşıl keçid”ə gedərkən enerji təminatçılarının maraqlarını da nəzərə almalı olacaq. Əks halda, iqlim məqsədləri ilə enerji təhlükəsizliyi arasında balans pozula bilər.

S.ELAY
XQ

Siyasət