“Tam gizli” qrifli sənədlər

post-img

Xəyanətlər ermənilərin türk düşmənçiliyinə ayna tutur

(əvvəli qəzetin 24 iyul sayında)

Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında qurulan ittifaq yeni bir siyasi palitra yaratmışdı. Artıq “indiki Ermənistan”dakı (Qafqaz) gələcək sovet idarəsinin yalnız sözdə deyil, praktik olaraq “Böyük Ermənistan” düşüncəsindən vaz keçməsindən sonra Qafqazda qalan Türkiyə ermənilərinin “vətənə” qaytarılması təklif edilirdi. Bundan əlavə, Ermənistanda müsəlmanları sıxışdırmaq, narahat etmək siyasətinə birdəfəlik son qoyulmalı, beləliklə, müsəlman kütlələrinin etimadı qazanılmalı, həm türk xalqı ilə, həm də ermənilərlə müsbət münasibətlər qurmaqla erməniləri Türkiyəyə – yaşadıqları bölgələrə geri qaytarmaq mümkün ola bilərdi. Vəziyyətdən yeganə çıxış yolu kimi bu variant təklif olunurdu. Erməni bolşevik A.Mikoyanın “indiki Ermənistan” ifadəsindən sonra mötərizədə “Qafqaz” yazması yeni geosiyasi reallığı əks etdirirdi.

Ermənistan Kommunist Partiyasının III Kommunist İnternasionalın I Konqresindəki nümayəndəsi olan Mikoyan belə yazırdı: “Ermənistan Respublikası – həyasız bir saxtakarlıq, erməni xalqının öz müqəddəratını həqiqətən təyin etməsinin saxtalaşdırılmasıdır”. Osmanlı İmperiyasını, Türkiyə dövlətini, türkləri ermənilərə qarşı “soyqırımı” törətməkdə ittiham edən ermənilər 1,5–2 milyon soydaşlarının öldürüldüyünü yaymağa davam etdikləri halda, erməni kommunisti beynəlxalq tribunada Türkiyə ermənilərinin 300 min, sonralar isə 500 min qurban verdiyini bildirmişdi. Həm də bu itkilərin daşnakların “irəlini görə bilməyən və macərapərəst siyasətləri” nəticəsində baş verdiyini qeyd edirdi. Bu sənədlərdə ittiham olunan Türkiyə və ya Osmanlı dövləti deyil, Daşnaksütyun partiyası və onun liderləri idi. Bu səbəbdən sənədin yayılmasını erməni siyasi dairələri etirazla qarşılamışdı.

Birinci Dünya müharibəsinin sonunda, 1915-ci il hadisələrinə yaxın bir erməni kommunistinin səsləndirdiyi bu rəqəmlər və səbəblər indiki erməni siyasətçilərinin və ziyalılarının iddiaları ilə tamamilə ziddiyyət təşkil edir. Türkiyənin milli istiqlal savaşı ilə Sovet Rusiyası arasında qurulan müttəfiqlik əlaqələri nəticəsində “Türkiyə Ermənistanı” məsələsi uzun müddətə dondurulmuş oldu. Hətta erməni kommunistlərindən bəziləri Türkiyə erməniləri arasında iş aparmaq üçün erməni kommunistlərinin Türkiyə Kommunist Partiyasında birləşməsini və lazım olarsa bu partiyanın xüsusi erməni fraksiyasının yaradılmasını təklif edirdilər. Onlar Türkiyə erməniləri arasında fəaliyyət göstərmək üçün Ermənistan Kommunist Partiyasının siyasi gücünü kifayət hesab etmirdilər. Bu partiyanı “vahid bir Ermənistan (Qafqaz və Türkiyə) uğrunda mübarizə aparan, kommunizm adı altında erməni millətçiliyini yayan, sovet hakimiyyəti uğrunda mübarizə adı altında müsəlmanları qıran bir təşkilat” kimi dəyərləndirirdilər.

Ortaya çıxarılan yeni sənədlərdə qeyd edilir ki, Ermənistanda “Erməni məsələsi”nə xüsusi yanaşma formalaşmamışdı. Bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirdikdən sonra Rusiyanın “erməni məsələsi”nə baxışının dəyişmədiyini söyləmək mümkündür. Yeni Rusiya üçün “erməni məsələsi” müharibədən əvvəlki vəziyyətdən və “Türkiyə Ermənistanı” ilə bağlı iddialardan ibarət idi.

Təqdim olunan digər “gizli “ sənəd 1920-ci il dekabr ayının 6-da Ermənistan Sovet Sosialist Respublikası İnqilab Komitəsinin sədri S.Kasyan tərəfindən imzalanmış ilk dekret–ümumi qərardır. Bu, erməni tədqiqatçılar tərəfindən aşkarlanmış yeni sənəd idi və Ermənistanda ona “xəyanət sənədi” adı verilmişdi.

Həmin dekretlə Ermənistanda fövqəladə komissiya yaradılır, İnqilab Komitəsinin rəhbərliyinə Ayvazyan gətirilir, onun müavini isə Amatuni adlı bolşevik olacaqdı. Əsas məqsəd əvvəlki daşnak hakimiyyəti liderlərini mühakimə etmək və onları siyasi səhnədən uzaqlaşdırmaq idi. Mərkəzdən – yəni, Stalin tərəfindən göndərilmiş təlimat əsasında hərəkət edən Kasyan Türkiyəyə qarşı düşmənçilik siyasəti yürütmüş 21 nəfəri həbs etdirmişdi. Türklərlə Sərdarabad döyüşündə qəhrəman kimi tanınan Qorqanyan və Hamazasp da daxil olmaqla 21 erməni siyasi və hərbi lider həbsə alındı. 1920-ci il noyabrın 29-da Azərbaycan üzərindən 11-ci qızıl ordu ilə Ermənistana daxil olan Avis Nuricanyan özü adamları döyür, onları alçaldırdı. İndi bu sənədlərin üzə çıxması ermənilərin nə dərəcədə qəddar olduqlarını ortaya qoyur.

Daha bir “gizli” sənəd Rusiya–Türkiyə əməkdaşlığına aiddir. Bolşevik–Kemalist əməkdaşlığının ilk addımları Xəlil Paşa (Menteşe) tərəfindən atılmışdı. Digər paşa – Ali Fuat 1921-ci ilin fevralında ilk səfir kimi Moskvaya yola düşmüşdü. 1919-cu ilin sonlarında Xəlil Paşa Mustafa Kamalın əmri ilə Bakıya gəlmiş, daha sonra Moskvada Çiçerin və Karaxanla görüşmüşdü. Türk vilayətlərindəki vəziyyəti ruslara ətraflı izah edərək ermənilərin və ingilislərin planlarından bəhs etmiş, türklərin İngiltərə hökumətini məğlub etmək əzmini dilə gətirmişdi. Yeni bir hökumətin tezliklə qurulacağı yönündəki fikirlərə bolşevikləri inandırmış, iki ölkə arasında münasibətlərin qurulmasının hər iki tərəf üçün faydalı olacağını vurğulamış və onları Türkiyəyə silah və sursat göndərilməsinə inandırmışdı.

Həmin sənəddən öyrənirik ki, Bakı o illərdə kamalistlərin fəaliyyəti üçün bir mərkəzə çevrilmişdi. 1920-ci il iyulun 20-də Xəlil Paşa Moskvadan Bakıya geri dönmüş və Sovet yetkililəri tərəfindən rəsmi və təntənəli şəkildə qarşılanmışdı. Könüllülərin toplandığı Qusarda qeydiyyat və hərbi hazırlıq işləri sürətləndirilmiş, yeni İslam Ordusu dərhal təşkil olunmuşdu. Sovet hakimiyyəti bu ordunun xərclərini, geyimini, silah və sursatını təmin edərək Xəlil Paşaya dəstək vermişdi. Orduya rəhbərlik edən sovet zabiti idi. Rusiyanın müxtəlif bölgələrindən – Krım, Kazan, Ufa və Türküstandan gələn könüllü müsəlmanlar bu orduya daxil olmuşdular. Xəlil Paşa Sibirdən qayıdan türk əsirlərini də ordusuna cəlb edirdi. Hərbi hissələr sürətlə hazırlanır, ordu Qarabağ və Zəngəzuru keçərək Türkiyə sərhədinə çatmağı planlaşdırırdı. Yəni bolşeviklər yeni bir türk ordusunun qurulmasına yardım edirdilər.

Ermənistanda nəşr olunan “Lragir” adlı qəzetdə Vahram Tokmaçyan ( “Şüurlu Vətəndaşlar Cəmiyyəti” ) imzası ilə dərc olunan yazı “A. Mikoyan və S. Kasyanın anti-insani və anti-erməni səhifələri” adlandırılmışdı. Bundan dərhal sonra “Yelk” adlı siyasi blok paytaxt İrəvanda bolşevik ermənilər – Kasyan, Mikoyan və Frunze adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsini təklif edirlər. Onların fikrincə, bu şəxslər küçə adı daşımağa layiq deyillər. Nümunə kimi göstərilən bir sənədə istinad edirlər. Bəs Kasyanın “anti-erməni fəaliyyəti” nədən ibarət olub? 1920-ci il 2 dekabr müqaviləsi ilə Ermənistandakı hakimiyyət bolşeviklərin əlinə keçmişdi. Hökumətin əsl idarəedici orqanı – Sarkis Kasyanın rəhbərlik etdiyi İnqilab Komitəsi idi. Ermənistanda hakimiyyətə gəlməzdən əvvəl Kasyan ölkədən qaçmağa nail olmuş və hökumət əleyhinə fəaliyyəti səbəbindən Gürcüstanda iki dəfə həbs edilmişdi. Türk–erməni müharibəsi zamanı o və bir neçə digər erməni rəsmisi Ermənistandakı bolşeviklərə məktub göndərmişdilər. İndi həmin “gizli” qrifli məktub ortaya çıxmışdır. Məktubda yazılırdı ki: Erməni bolşeviklərin əsas vəzifəsi bu olmalıdır: “...Müharibə aparan erməni ordusunu hər yolla məhv etmək, yəni:

a) Ordu sıralarının dağılmasını təşkil etmək və orduya səfərbərliyi hər cür şəkildə əngəlləmək;

b) Əsgərlərin cəbhədə bunu anlamasını təmin etmək: onlar irəliləyən türklərə atəş açmasınlar, mövqelərini tərk edərək arxa cəbhəyə qayıtsınlar;

c) Komandirlərin əmrlərinə tabe olmasınlar və lazım gələrsə, onları məhv etsinlər.

Bütün bunlarla yanaşı, daha mühüm bir məsələ vardı: Ermənistan Respublikasının əsgərlərinə izah etmək lazım idi ki, qalib türk əsgəri inqilab əsgəridir, o, sadəcə məğlub olmuş ölkəyə qarşı hər hansı pis hərəkətə yol verməyəcək, eyni zamanda, Ermənistan xalqını imperialist maşası olan Daşnaksütyundan qurtarmaq üçün dəstəkləyəcək. Bir daha başa salmaq lazımdır ki, Daşnaksütyunun hökmranlığından qurtulmaq o deməkdir ki, Ermənistan daim Rusiyaya bağlı olacaq, müharibə bitəcək və aclıqla, münaqişələrlə dağıdılmış ölkə Rusiyanın çörəyinə əl uzada biləcək, dünya inqilabının böyük işinə öz töhfəsini verəcək. Həmin məktuba Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri S.Kasyan, A.Mravyan, A.Nuricanyan, Ş.Amirhanyan, İ.Dovlatyan, A.Hovhannisyan imza atmışdılar (No: 218, Bakı, 1920, 20 sentyabr.)”

Məktubun sonunda bir qeyd də var: “Bu yazını yalnız məhdud toplantıda oxumaq və sonra dərhal yandırmaq lazımdır”.

Bu sənədin üzə çıxması erməniləri niyə qəzəbləndirmişdir? 2 dekabr tarixindən dərhal sonra razılaşma müddəalarına baxmayaraq, Sarkis Kasyanın rəhbərlik etdiyi hökumət həbslər əmri vermişdi. İrəvana çatdıqdan sonra bolşeviklər 11-ci Ordunun yardımı ilə dərhal kütləvi həbslərə başladılar, keçmiş hökumətin minə yaxın üzvünü həbs etdilər. 1921-ci ilin yanvarın 24-də sağ qalmış təxminən 1400 erməni zabiti Rusiyaya sürgün edildi. İnqilab Komitəsinin qərarı ilə İrəvan həbsxanasında bir neçə siyasi və hərbi lider güllələnmişdi.

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət