Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Adı tarixdə Güney Azərbaycan missiyasının – “Əziz Əliyev qrupu”nun rəhbəri, dağlar diyarı Dağıstanın xilaskarı kimi qalan Əziz Əliyevin siyasi hakimiyyətində Dağıstan dövrü mühüm əhəmiyyətə malikdir.
Əziz Məmmədkərim oğlu Əliyev Dağıstana rəhbər təyin olunanda orada ictimai-siyasi vəziyyət ağır idi. Dağlıq məmləkətin, sözün həqiqi mənasında, xilaskara ehtiyacı var idi. Çünki Dağıstan bölünmək, parçalanmaq, sürülmək, sürgün edilmək təhlükəsi ilə üz-üzə idi.
SSRİ-yə itaətsizlikdə ittiham olunan dağlılar sürgünlə təhdid edilir, çeçenlərin, inquşların, balkarların, qaraçayların, Axısqa türklərinin, Krım tatarlarının ardınca Dağıstan xalqlarının, Dərbənd türklərinin deportasiyası planlaşdırılırdı. Moskvada, Mərkəzi Komitədə Mikoyan–Beriya cütlüyü Stalini bu məsələyə inandırmışdı. 1938-ci ildə Güneyliləri Azərbaycandan deportasiya etdirən, onları şah rejiminin, fars imperiyasının xəfiyyəsi damğası ilə ləkələyən bu “məşhur”lar indi də Dağıstanı, bu torpaqların tarixi sakinlərini, qürurun, vüqarın, cəsarətin, ləyaqətin nümunəsi olan Şeyx Şamilin varislərini Şura hökümətinin düşməni sayır, Hitler Almaniyasının casusu kimi ləkələyir, şərləyirdi. Hər şeyin zamana, vaxtı ədalətin nəfinə işlədən sərkərdəyə ehtiyacı var idi.
İngilis hərbi birləşmələri İranda Rza şahın himayəsində SSRİ-nin cənub cəlladı kimi görünəndə Mircəfər Bağırov Stalinlə görüşdə cənub səngərini möhkəmlətmək, Bakı neftini ingilis, alman hərbi birləşmələrindən xilas etmək üçün Mərkəzi Komitədə ən etibarlı kadrlarından biri kimi qəbul etdiyi Əziz Məmmədkərim oğlunun sovet qoşunları, hərbi birləşmələri tərkibində siyasi rəhbər kimi Güney Azərbaycana, İrana göndərilməsini təklif edir. Özü də qafqazlı olan və Azərbaycan kişisini cəsarət, ləyaqət nümunəsi kimi qəbul edən Stalin Bağırova inanır. Bu inam, etimad Azərbaycanın cənubunda, tarixi torpaqlarında yaşayan türklərin və kürdlərin tarixi taleyini həll edir. Şah rejiminin, farsların Sovet hökuməti ilə münasibətlərindəki problemlərin çözülməsinə rəvac verir. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Milli hökumətdə müsbət izini qoyur. Əziz Əliyevin qüdrətli ictimai-siyasi xadim obrazını yaradır.
Onun dağlar diyarına gəlişi isə Dağıstanın mərd, cəsur, müdrik insanlarının üstündən şər pərdəsini qaldırır, sosial-iqtisadi inkişafının təməlini qoyur. Ən əsası “Göydə Allah, yerdə ağsaqqal” deyən bir məmləkət sürgün köçündən, repressiya, deportasiya burulğanından xilas olur. Qəhrəmanlar və qəhrəmanlıqlar diyarı kimi tarix içərisində tarix yaradır. Dilinin, dininin sahibi kimi dil içində dil, din içində din yaşadır. Rus dilinin hakimi-mütləq olduğu zamanlarda milli kadrların yetişdirilməsinə, elm, təhsil, mədəniyyət mərkəzlərinin qurulmasına nail olur. 130 mindən çox igid oğul və qızı İkinci Dünya müharibəsinin taleyini həll edənlərin sırasında yer alır. Beş mindən çox Sovet İttifaqı qəhrəmanı, sinəsini Şura hökumətinin orden-medalları bəzəyən cəsur, əməksevər insanları ilə tarix yaradır. Qayaların, qalaların quşqonmazında qartala, şahinə dönən, özü də bir sərt qala, sərt keçid olan dağlılar Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçir. Bütün bunlar polkovnik Əziz Əliyevin sərkərdə təşkilatçı rəhbər ucalığına bağlıydı.
Uğurlu seçim
Polkovnik Əziz Əliyevin Dağıstana rəhbərliyə gətirilməsinin əsas səbəblərindən biri, şübhəsiz ki, müharibənin taleyini həll edən Bakı nefti ilə əlaqəli idi. Stalinqradın işğalı, faşist qoşunlarının Moskvanın bir addımlığında manevrlər etməsi, Berlindən Mozdoka qədər irəliləməsi, Qroznı neftini ələ keçirməsi Bakı nefti üçün təhlükə idi. Qarşısıalınmaz, idarəolunmaz vəziyyət yaranmışdı. Belə bir ərəfədə özünəməxsus idarəçilik məktəbi, təşkilatçılıq qabiliyyəti, siyasi rəhbərlik xüsusiyyətləri, hərbçi, həkim kimi nüfuzu kara gələ bilərdi. Odur ki, polkovnik Əziz Əliyevə etimadın göstərilməsi qaçılmaz idi. Bunu daha çox o zamanlar SSRİ rəhbərinin yanında xüsusi nüfuza malik olan, SSRİ Müdafiə Komitəsinin Hərbi Şurasının üzvü, Azərbaycanın 1-ci katibi Bağırov, onun təqdimatına dərkənar qoyub, idarəçilik məharətini etirafda bulunan Ali Baş Komandan Stalin, Əziz Əliyevi Güney Azərbaycan Missiyasının – “Əziz Əliyev qrupu”nun rəhbəri kimi yaxından tanıyan SSRİ Xarici işlər nazirinin müavini Malenkov da anlayırdı. Zaman sübut etdi ki, bu təqdimat və təyinat gerçəkdən Bakı neftinin də, Bakının, Azərbaycanın da, 1941–1945-ci illər müharibəsinin də taleyini sözdə yox, əməldə həll edən amillərdən olub.
Möhkəm iradəli siyasətçi
Mərkəzi Komitənin qərarını plenum iştirakçılarına təqdim edən SSRİ Mərkəzi Komitəsinin şöbə müdiri Kiselyov dağlıların özü qədər əzəmətli, mərhəmətli rəhbərini, polkovnik Əziz Əliyevi təqdim edəndə nigaran olmadı. Təqdimatda deyilirdi: “Yoldaş Əziz Əliyev möhkəm iradəli partiya işçisidir. O, layiqli, mətin təşkilat olan Azərbaycan, Bakı partiya təşkilatlarında yetişmişdir. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin 3-cü katibi işləmişdir. ÜİK(b)P MK onun bacarıqlı və yetkin partiya işçisi kimi tanıyır və inanmaq olar ki, Dağıstan partiya təşkilatı yeni rəhbərliyi ilə bütün qüvvələrini səfərbərliyə alaraq respublikadakı vəziyyəti nizama salacaqdır”.
Kiselyovun Moskvanın adından xüsusi vurğuladığı “Respublikadakı vəziyyəti nizama salacaqdır” ifadəsi elə-belə deyilməmişdi. Polkovnik Əziz Əliyev peşəkar kadr kimi nizam-intizama, qayda-qanunlara təkcə hörmətlə yanaşmamışdı, vicdanının səsi, təşkilatçılıq məharəti ilə elə qərarlar vermişdi ki, yeniliklərə yollar görünmüş, problemlər ortadan götürülmüş, ciddi məsələlər həll edilmişdi. Təqdimatdan sonra polkovnik Əziz Əliyev kürsüyə qalxmış, Dağıstanın və dağlıların önündə söz vermişdi: Dağıstan Vilayət Partiya Komitəsinin sədri üzünü Moskvanın nümayəndəsinə və dağlılara tutub söyləmişdi: “Mənə göstərilən etimada görə öz minnətdarlığımı bildirirəm. Var gücümü əsirgəməyəcəm, sizin etimadınızı doğrultmağa çalışacağam. Elə hesab edirəm ki, 1–2 ildən sonra Dağıstanda geriliyin ləğvi haqda partiyamızın Mərkəzi Komitəsinə hesabat verə bilərik!”
Hərbi and kimi vəd
Polkovnik Əziz Əliyev sözünə sahib çıxmağı bacaran, vədinə əməl edən qüdrətli şəxsiyyətlərdən, təşkilatçı rəhbərlərdən idi. Bu səbəbdən də pillə-pillə yüksələr, xalq arasında, dövlət qarşısında hörmət qazanar, etimadı doğruldardı. Bu dəfə verdiyi vəd isə bir başqa idi. Hərbi and kimiydi. Çünki vəd verən təkcə bir kommunist, Dağıstan Vilayət Partiya Komitəsinin katibi deyildi. Polkovnik Əziz Əliyev Mahaçqala Müdafiə Komitəsinin sədri olmaqla yanaşı, həm də 47-ci və 58-ci Orduların Hərbi Şuralarının sədr müavini,
SSRİ-nin Hava Hücumundan Müdafiə Ordusu Bakı dairəsinin üzvü idi. Onun bir sərkərdə ucalığı olduğu kimi, həm də məsuliyyəti var idi.
O mürəkkəb, ziddiyyətli, eyni zamanda dəhşətli illərdə Dağıstan rəhbərliyinin, Mahaçqala Müdafiə Komitəsinin sədrinin qarşısında gerçəkdən mühüm vəzifələr dururdu. Dağıstanın sənaye obyektlərinin, zavod və fabriklərinin, kənd təsərrüfatı sisteminin, kolxoz və sovxozların pozulmuş ahəngini bərpa etmək, nəqliyyat sektorunu qaydaya salmaq, müdafiə qurğularının, istehkamların tikintisinə nail olmaq, əhalini səfərbər etmək, Zaqafqaziya cəbhəsinin səngər problemi ilə yanaşı, könüllü hərbi hissələrin təşkilinə çalışmaq, ordunun şərq cinahındakı arxa xəttini möhkəmlətmək, hərbi hissələrin yaradılmasını təmin etmək üçün mühüm vəzifələri icra etmək vacibdi.
Belə bir məsuliyyətli, eyni zamanda məşəqqətli, dəhşətli günlərdə faşist hərbi birləşmələri tərəfindən işğal edilmiş sovet respublikalarından, müxtəlif vilayət və şəhərlərdən, dağıdılmış kənd və qəsəbələrdən Dağıstana təxliyə olunan insanlara, səngərlərdə düşmənlə üz-üzə dayanan ölüm-qalım savaşına cəlb olunan əsgər və zabitlərin ailə üzvlərinə diqqət və qayğı göstərmək, ön cəbhədə qanı tökülən, qan tökən igidlərə arxa cəbhənin ehtiramını çatdırmaq, onlarda dövlətə inam hissini qüvvətləndirmək üçün mühüm işlər görmək gərəkdi. Müdafiə Komitəsinin sədri, hərbi şuraların üzvü kimi hərbi səfərbərlik problemlərini önə çəkən, ön cəbhənin uğurlar əldə etməsi üçün arxa cəbhədə siyasi sabitliyə, Dağıstanın və Azərbaycanın milli diviziyalarının təşkilinə nail olan Əziz Əliyev Vilayət Partiya Komitəsinin katibi təyin olunduğu ilk gündən cəsarətli addımları, müdrik qərarları ilə yerli əhalinin diqqətini özünə cəlb edir, xalqın hörmətini qazanır.
Xalq və qrupların birlik şüarı
Elə ilk gündən muxtar respublikanın təbii şəraitini, yaşayış məntəqələrinin yerləşməsini, ərazidə məskunlaşan xalqların və etnik qrupların kompakt yaşadıqları məntəqələri, Çeçen-İnquş Muxtar Respublikası ilə sərhəd zonalarının zəif nöqtələrini araşdıran Əziz Əliyev bütün fəaliyyətə lazımi, operativ nəzarəti təşkil etmək üçün sənədləri bir araya gətirir. Bəlli olur ki, respublika 50 min kv. km-dən artıq əraziyə malikdir. 50-dən artıq inzibati rayonu, bir neçə min kənd, qəsəbə və aulu var. Buralarda 80-dən çox xalq və etnik qrupun nümayəndələri yaşayır. Ən böyük çətinlik də buradan başlayır. Bu qədər müxtəlif xarakterli, adət-ənənələri olan xalq və qrupların yekdil bir ailədə birləşdirmək, ümumi işin qələbəsinə səfərbər etmək lazım idi. 50-dən artıq inzibati bölgü vahidini, rayonu, 80-dən artıq xalq və etnik qrupu bir araya gətirmək, səfərbər etmək, hərbi xidmətə, vətənə sədaqətə, dövlət idarəçilik sisteminə, xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına yönəltmək o qədər də asan məsələ deyildi. O, bunu bacarır.
Əziz Əliyevin idarəçilik məktəbini keçən, əyləşdiyi kürsünü uzun müddət şərəfləndirən, adını Dağıstan Respublikasının rəhbərləri sırasına qızıl hərflərlə, dağlıların qəlbinə məhəbbətlə yazan Vilayət Partiya Komitəsinin 1-ci katibi Maqomedsalam Umaxanov Əziz Əliyevlə birgə fəaliyyətini üstündən illər ötəndən sonra yada salaraq keçən əsrin 80-ci illərində onunla bağlı nəşr olunan “Xatirələr” kitabına təqdim etdiyi yazıda qeyd edir: “Onun başçılığı ilə Vilayət Partiya Təşkilatı siyasi və hərbi rəhbərliyi vəhdətdə götürərək, hər iki sahədə səfərbərliyin düzgün gedişatını təmin etmiş, cəbhə üçün sənaye məhsulu buraxılmasını qaydaya salmışdır. Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi diqqət yetirdiyi ən mühüm sahələrdən biri də respublikada ideoloji işin daha da təkmilləşdirilməsi idi. Onun rəhbərlik etdiyi vilayət partiya komitəsi, olduqca çətin hərbi şəraitdə çox münasib və əlverişli ideya-siyasi iş üsulları axtarıb tapırdı. Məsələn, Əziz Məmmədkərim oğlunun təşəbbüsü ilə vilayət partiya komitəsi döyüşən ordunun qızıl əsgərləri qarşısında öz ana dillərində çıxış etmək üçün Dağıstanın bütün xalqlarını təmsil edən ən yaxşı təbliğatçı və mühazirəçiləri seçib ön xətlərə göndərirdi. 1943-cü ilin sentyabrınadək Dağıstan təbliğatçılarının və təşviqat kollektivləri briqadalarının cəbhəyə 111 səfəri təşkil olunmuşdu.
Əziz Məmmədkərim oğlu Əliyev respublika ərazisində hərbi hissələrin təşkil olunmasına ciddi diqqət yetirir, səfərbərlik planlarının yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət edirdi. 15 min dağıstanlı Qızıl Ordu sıralarına könüllü olaraq daxil olmuşdu.
1942-ci ildə Əziz Əliyevin təşəbbüsü ilə Dağıstanda Vətəndaş müharibəsinin qəhrəmanı Qara Qarayevin komandanlığı altında Milli Süvari Eskadronu təşkil olundu. Eskadron cəbhəyə yola salınarkən Vilayət Partiya Komitəsinin 1-ci katibi eskadron üzərində “Ayrıca Dağıstan könüllü süvari eskadronu” sözləri yazılmış Qırmızı bayraq təqdim etdi. Dağıstanlı döyüşçülər öz həmyerlilərinin tapşırıqlarını şərəflə yerinə yetirəcəklərinə, bu bayrağı məğlub edilmiş Reyxstaqa sancacaqlarına söz verdilər və bu sözə sadiq qaldılar. Öz döyüş yolunu Mozdokun şərqindən İşşerskaya stansiyasından başlamış eskadron zəfər yürüşünü Berlində başa vurdu: 416-cı Taqanroq diviziyasının tərkibində zərbə taqımı kimi vuruşan dağıstanlı süvarilər çox məsul döyüş əməliyyatlarını şərəflə yerinə yetirdilər. O vaxt diviziya komandirinin vilayət partiya komitəsinin birinci katibinə göndərdiyi məktubda belə yazılmışdı: “Dağıstanlı döyüşçülər bizim sıralarımızda əzmlə, şücaətlə vuruşur, Vətənimizin düşmənlərinə sarsıdıcı zərbələr endirirdilər. Diviziyanın şanlı zəfər yollarında sizin süvarilər qəfil hücuma keçməklə, düşmən arxasına gözlənilməz reydlər etməklə fərqlənmişlər”...
Bütün bu faktlar yuxarıda qeyd etdiklərimizin dəqiqliyini təsdiqləyir. Ön cəbhədə qəhrəmanlıqlar göstərən, düşmənə amansız, sarsıdıcı zərbələr vuran, Vətənin hər qarışı uğrunda şəhid olmağa hazır olan dağlılar təkcə Şeyx Şamildən, ulu dədələrindən qalan qəhrəmanlıq, mərdlik, cəsurluq tarixini təkrarlamırdılar. Onları xəyanətdə, etibarsızlıqda, Osmanlıya və Hitler Almaniyasına casusluqda ittiham edən, deportasiyalarına, tarixi torpaqlarından köçürülmələrinə qərar verən Stalin-Mikoyan-Beriya üçlüyünə dərs verirdilər. Cəsarətin, ləyaqətin, Vətənə sədaqətin, sonsuz sevginin, qeyrətin dərsini.
Lider və nüfuz
“Əziz Məmmədkərim oğlu müharibə dövründə olduğu kimi, ondan sonrakı illərdə də özünəməxsus tükənməz enerji ilə çalışmışdır. Onun həmin illərdə Dağıstanda iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına göstərdiyi böyük qayğını Dağıstan xalqları heç zaman unutmayacaqlar. Mahaçqala elmi-tədqiqat bazası olan Akademik Mərkəzin, sonra isə SSRİ Elmlər Akademiyasının Dağıstan filialının yaranmasına o, xeyli səy göstərmişdir. Ali məktəblər bazasının genişləndirilməsində də təsiri az olmamışdır. Dağlı qızların orta və ali təhsil məsələsi, mütəxəssis qadın kadrların hazırlanması, onların respublikanın təsərrüfat və ictimai həyatına cəlb olunması işində Əziz Məmmədkərim oğlu Əliyevin əməyi misilsizdir. Onun bilavasitə iştirakı ilə Dağıstanda Qadın Müəllimlər İnstitutu və Qadın Pedaqoji Məktəbi açılmışdır. Yüksək ziyalı mədəniyyətinə malik olan Əziz Məmmədkərim oğlu yaradıcı ziyalılara da müstəsna qayğı göstərmişdir” –Bunlar Maqomedsalam Umaxanovun sadaladığı nailiyyətlərin bir qismidir.
Əziz Əliyev milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə özünəməxsus yeri olan, İrəvanın elmi-mədəni mühitində yetişmişdi. İbadulla bəy Muğanlinskinin məktəbində dövrünün görkəmli dilçi alimi Fars Abbasdan – Cabbar Məmmədzadədən dərs almışdı. Onun xüsusi qayğısını öz üzərində hiss etmişdi. İrəvan Gimnaziyasının qızıl medalla başa vurduqdan sonra Hacı Zeynalabdin Tağiyevin dəstəyi ilə Petroqrad Hərbi Tibbi Akademiyasına daxil olmuşdu. Mühitin insan şəxsiyyətinə təsirindən xəbərdar idi. Bu səbəbdən də Dağıstanın inkişafı, dağlıların irəliyə getməsi, tarixi əzəmətinə qayıtması üçün elmi-mədəni, ictimai-siyasi mühitin sütunları olan kadrları arayıb-axtarıb tapır, zərgər dəqiqliyi ilə seçir, yetişdirir, irəli çəkir, vəzifə etibar edir. Əbdülvahab Süleymanov, Şahruddin Şamxalov, Maqomedsalam Umaxanov Əziz Əliyev məktəbinin ən qüdrətli müdavimləri kimi sonralar da Dağıstan üçün böyük işlər gördülər.
1946-cı ildə əldə olunan nailiyyətlərə görə Mərkəzi Komitənin, Xalq Komissarları Sovetinin Keçici Qırmızı bayraqlarına, təltifnamələrinə layiq görülən dağıstanlılar daha böyük uğurlar, nailiyyətlər əldə etmək üçün çalışır, xalq təsərrüfatının kompleks inkişafına nail olurdular. 1947-ci ilin yazında Sovet İttifaqı Kommunist Partiyasının “Kənd təsərrüfatının müharibədən sonrakı illərdə yüksəldilməsinə, ölkə iqtisadiyyatının bu vacib sahəsinin tərəqqisinə həsr olunan” plenumda Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Əziz Məmmədkərim oğlu Əliyevin çıxış etməsi, söz sahibinə çevrilməsi təkcə bir müttəfiq respublikanın rəhbəri kimi hesabat verməsi deyildi, hesabata layiq Lider olmasının təsdiqi idi...
Mümkün olmayanları mümkünə çevirən Lider
Polkovnik Əziz Əliyev sıradan bir rəhbər, dövlət xadimi deyildi. Onun zabit şərəfi, sərkərdə-xaqan ucalığı vardı. Müharibənin qələbə ilə nəticələnməsi üçün əlindən gələni etmiş, hətta edilməsi mümkün olmayanları belə mümkünə çevirməyə iradəsi, cəsarəti çatmış Lider idi! Dağıstanın, Dağıstan qarışıq Azərbaycanın, Bakı neftinin xilaskarı Sovet İttifaqı qəhrəmanı, Bakı isə qəhrəman şəhər adını haqq etsə də, haqq yerini almadı. Onun tək bir dərdi, problemi vardı. O, Azərbaycanlı, Türk, Müsəlman idi. Məsələnin bu yönü ilə bağlı Hidayət Orucov haqlı olaraq qeyd edir ki, Moskvanın müdafiəsindəki xidmətləri ilə bağlı marşal Jukovun Stalin haqda bir sözü var: “O mümkün olmayan işləri həyata keçirirdi. Bu fikiri eyni ilə böyük eloğlumuzun həyatına, fəaliyyətinə də şamil etmək olar”.
Əziz Məmmədkərim oğlu Əliyev dəfələrlə SSRİ-nin, Azərbaycan SSR-nin və Dağıstan MSSR-nin Ali sovetlərinin deputatı olmuş, yüksək rəhbər partiya orqanlarının tərkibinə seçilmiş, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, bir çox başqa dövlət mükafatları ilə təltif edilmişdi. Azərbaycanın əməkdar həkimi idi. Lakin ən yüksək deputat mandatları və nişanları da, ordenlər və fəxri adlar da şəxsiyyət barədə düşünəndə və danışanda yada düşür, böyük simaların həyatını, fəaliyyətini heç bir mükafat və ya ad (ən ucası olsa da!) bütünlüklə əks etdirə bilmir və bu adlar da, mükafatlar da insansız özü-özlüyündə bir şey demir. Əziz Məmmədkərim oğlunun mükafatı iki qardaş ölkə xalqlarının ona sonsuz məhəbbəti, ən böyük adı Azərbaycan və Dağıstanda qurub yaratdıqlarıdır”.
Əziz Əliyev Azərbaycanın milli dövlət xadimi idi
Əziz Məmmədkərim oğlu Əliyev 1942-ci ildə Azərbaycanın birinci katibi Mircəfər Bağırovun təqdimatı, İosif Stalinin dərkənarı ilə etibarlı, inanılmış kadr kimi Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdu. 1947-ci ilin 14 oktyabrında Dağıstan Vilayət Partiya Komitəsinin plenumu onun təkrar seçkisini alqış sədaları altında təsdiq etmişdi. On minlərlə dağlını Dağlar diyarının Xilaskarından ayıra bilməmişdilər. Marşal Stalin “belini dağlar diyarında bərk saxlamaq”, onsuz da inadkar doğulan dağlıları bir daha Şura hökumətindən incik, narazı salmamaq üçün hər cür güzəştə getməyə hazır idi. Bunun həm də bir səbəbi vardı: “Göydə Allah, Dağıstanda Əziz Əliyev, Moskvada Stalin” olduğunu SSRİ məkanında hamı, hər kəs bilirdi!
Əziz Əliyev qüdrətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət, Böyük Vətən müharibəsinin taleyini dəyişən tarixi simalardan, Sovet xalqlarının monolit birliyini təmin edən liderlərdən idi. O, eyni zamanda iki ölkənin Dağıstan və Azərbaycan xalqlarının dostluğunun, qardaşlığının simvollarından idi. Ulu öndər Heydər Əliyev polkovnik–komissar Əziz Məmmədkərim oğlu Əliyevin 100 illik yubiley mərasimindəki çıxışında haqlı olaraq, bu barədə vüqarla qeyd edirdi: “İkinci Dünya müharibəsi bəşər tarixində ən ağır müharibədir. Böyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşı müharibə idi. Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər. Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi. O, ön xəttdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük iş idi və həmin işi Əziz Əliyev gördü. Bu işi o özünün qeyri-adi insani keyfiyyətləri, istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi. Açığını deyək ki, o vaxtlar Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında ali təhsili olan, ziyalılığı, zəngin elmi biliyi ilə fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi”.
Azərbaycan və Dağıstan xalqlarının dostluq qaynağı
Polkovnik-komissar Əziz Əliyev 1942-ci ildən 1948-ci ilə qədər Dağıstanda tarix yaratdı. Azərbaycan və Dağıstan xalqlarının dostluğu və qardaşlığının simvoluna çevriləcək qədər müqəddəs bir tarix. İkinci Dünya müharibəsində mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer almasına baxmayaraq, bir anın içərisində milli məsələlərə qurban getdi. Əziz Məmmədkərim oğlu Əliyev Dağıstandakı ali vəzifəsindən 1948-ci ildə Moskvada – Mərkəzdə Mikoyan – Beriya tərəfindən qaldırılan, Stalin tərəfindən icra olunan Qərbi Azərbaycan, Zəngəzur məsələsinə, azərbaycanlıların tarixi torpaqlarından deportasiyasına etirazına görə alındı. Komissar Nəriman Nərimanov 1920-ci illərdə Dağlıq Qarabağ, Naxçıvan, Zaqatala, ulu öndər Heydər Əliyev ötən əsrin 80-ci illərində Qarabağ məsələsinə görə hədəfə alındığı kimi.
1962-ci il iyulun 27-də 65 yaşında dünyaya vida nəğməsi oxuyan polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev varlığı qədər sevdiyi Azərbaycanın birliyi, bütövlüyü uğrunda ürəyindən getdi. Vida mərasiminə minlərlə dağıstanlı gəldi. Bu, onların rəhbər kimi çağırışına müntəzir olduqları, qardaş kimi sevdikləri liderlərinə sonsuz sevgilərinin göstəricisi, əlaməti idi. Əziz Məmmədkərim oğlunun adı bu gün də Dağıstan dövləti və xalqları tərəfindən hörmətlə çəkilir, xatirəsi əziz tutulur. Onun adını daşıyan küçə, tibb texnikumu, Mahaçqalanın mərkəzində ucaldılan abidəsi, haqqında dərc olunan kitablar, elmi-publisistik yazılar dediklərimizə əyani sübutdur.
Şərəf CƏLİLLİ,
yazıçı-publisist