Xarici yatırımlar 30 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard manat (ötən ilin müvafiq dövrünə nəzərən 471 milyon manat və ya 30 faiz çox) məbləğində investisiya yatırılıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyaların 1milyard 403 milyon manatı neft-qaz sektoru, 600 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,8 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,6 dəfə çoxalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.

Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 13,5 faiz artıb. Ümumi sərmayənin 4 milyard 67 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinin, 2 milyard 672 milyon manatı (33,1 faizi) xidmət sahələrinin, 1 milyard 333 milyon milyard manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

 

İqtisadiyyat