Bugünlərdə Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı keçirildi.
Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev yeni ekran əsəri barədə məlumat verərək bildirdi: “Mehmandarovlar nəslinə həsr olunan bu film tarixi-publisistik səpkidə çəkilib, özünəməxsusluğu ilə seçilir. Prodüseri Nazim Hüseynov, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli olan sənədli filmin çəkilişləri Bakıda və Şuşada aparılıb. Tarixi mövzuda sənədli film çəkmək çətin olsa da rejissor burada özünəməxsus forma tapa bilib. Eyni zamanda, ekran əsərinin simvolik sonluğu var. Əminəm ki, bu film milli kinematoqrafiyada öz layiqli yerini tutacaq”.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa Mehmandarov təqdimatdan məmnunluğunu bildirərək, filmin yaradıcı heyətinə təşəkkür edərək dedi: “Mehmandarovların irsinə və xatirəsinə göstərilən layiqli diqqətə görə bu nəsilin nümayəndələri adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Mehmandarovların Şuşada olan malikanə kompleksi misilsiz və gözəl şəkildə bərpa edilib.Bu film isə Azərbaycan kubarlığının yurdsevər bir nəsli olmuş Mehmandarovları xalqımıza tanıtmaq işinə dəyərli töhfədir”.
AMEA Tarix İnstitutunun direktoru professor Kərim Şükürov, filmin ssenarisinin və “Mehmandarovlar” kitabının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, ekran əsərinin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev Mehmandarovların milli-mənəvi dəyərlərimizə sıx bağlılığı və vətən sevgisi haqqında danışdılar.
Bildirildi ki, filmdə Qarabağ hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir: “Mehmandarovlar XIX-XX əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıblar. Filmdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı, Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır”.
Sonra “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olundu.
Mehmandarovlar barədə çoxillik araşdırmaları ilə tanınan tədqiqatçı-jurnalist Vasif Quliyev qəzetimiz üçün qısa müsahibəsində dedi:
–Mehmandarovların bioqrafiyasının filmə gətirilməsi ssenari müəllifi kimi məni çox sevindirir. Bu nüfuzlu və qeyrətli şəcərənin tanınmış nümayəndəsi Kərim bəyin həyat və fəaliyyəti xalqa xidmətin indiki nəsillərə ornək olan parlaq nümunəsidir.
Ümumiyətlə, Qarabağın köklü və tanınmış sülalələrinin tarixcəsinin yazılması, bu barədə filmlər çəkilməsi olduqca gərəklidir. Mən bu işə öz töhfəmi vermək üçün üzün illər müxtəlif qaynaqlardan–ailə saxlanclarından, arxivlərdən, rusdilli və anadilli mətbuatın səhifələrindən sənədlər, yazılar, xatirələr, şəkillər tapıb-toplamışam. Ötən illərdə silsilə məqalələr yazmışam, ayrıca kitab hazırlamışam. Odur ki, bu mövzuda filmin ssenarisini ərsəyə gətirmək o qədər də çətin olmadı.
Bu gün təqdim edilən film bu dəyərli nəsilin bitkin bioqrafiyasını və ictimai-mədəni fəaliyyətini öyrənmək baxımınan deyil, həm də Qarabağın və dövlət müstəqilliyini itirdikdən sonra onu iki dəfə bərpa etməyə nail olmuş Azərbaycanın son iki yüzillik həyatının bir çox məqamlarını öyrənməklə bağlı da olduqca qiymətli bir xronikadır.
Filmdə Mehmandarovlar sülaləsinin mənşəyi, Qarabağ xanlığının idarə edilməsində rolu, onların rus işğalından sonrakı dövrdə soy-kökdən gələn bacarıqları, təhsil və elmlərə yiyələnmək yolu ilə milli genefondun inkişafında seçilən rol oynamaları aparıcı yer tutur. Əbdül Kərim Mehmandarov barədə geniş məlumat və tarixi-etnoqrafik səciyyələndirmə bu nəsilin xalqımızın milli-mədəni həyatında oynadığı xüsusi rolu və xidmətlərinin çəkisini dolğun təsəvvür etməyə imkan yaradır.
T.AYDINOĞLU, “Xalq qəzeti”

