Ukraynada döyüşlər davam edir. Kiyev Baxmut yaxınlığında və Zaporojyenin bəzi rayonlarında müəyyən uğurlar əldə edib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib: “Düşmən hücuma keçməyə çalışır, lakin heç bir nəticə yoxdur. Ukrayna Zaporojye istiqamətində əks-hücum əməliyyatını genişləndirir. Baxmut ətrafında cinahlardan qismən irəliləyişlər əldə edilib”.
Zaporojye istiqaməti Ukrayna Silahlı Qüvvələrinin əsas məqsədlərindən biri sayılır, çünki Kiyev rusların döyüş zonasına yük daşımalarına imkan verən Krım yarımadasından Donbasa gedən dəhliz buradan keçir. Bu dəhliz bağlanmalı, Rusiya Ordusuna hərbi təchizatın qarşısı alınmalıdır. Artıq bu istiqamətdə Ukrayna hərbçiləri Rabotino-Verbovoye bölgəsində rusların müdafiə xəttini yara bilib. Rəqibin 291-ci alayı ciddi itkilər verərək geri çəkilib. Son sutkada ruslar Baxmut və Zaporojye döyüşlərində min nəfərdən çox hərbçi itirib. Hazırda Zaporojye vilayətinin 80 faizi rusların işğalı altındadır. Dəhliz tutulandan sonra Krımın da işğaldan azad edilməsi asanlaşacaq.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) sözçüsü Andriy Yusov bu barədə danışaşrkən deyib ki, Ukrayna, şübhəsiz ki, Krımı qaytaracaq”. O, Ukrayna təhlükəsizlik və müdafiə qüvvələrinin hərəkətlərinin aktiv mərhələsinin və müdafiə əməliyyatının davam etdirildiyinə işarə edərək, Krımın işğaldan azad edilməsi üçün ehtimal olunan yeni tarix açıqlamayıb. “Düşünürəm ki, indi konkret tarixləri müzakirə etməyimiz düzgün deyil, amma bu baş verəndə hələ “isti mövsüm” olacaq”, - deyə Yusov bildirib.
Rusiya tərəfi isə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bu, tamamilə bilərəkdən edilir. Onlar Xersonu və bölgənin su altında qalan yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Hətta evakuasiya məntəqələrini də atəşə tuturlar. Evakuasiya zamanı mülki şəxslərin atəşə tutulması nəticəsində həkimlər və xilasedicilər də daxil olmaqla azı 9 nəfər xəsarət alıb. Digər tərəfdən Ukraynanın Jıtomir vilayəti atəşə tutulub.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hücumlarını dəf edə bilib. “Kiyev rejimi yalnız Qərb ölkələrinin koalisiyasının görünməmiş dəstəyi sayəsində ayaqda qala bilir”, – məlumatda deyilir.
Amerikalı təhlilçilər də bu fikirdədirlər. Onlar əmindirlər ki, Avropa və ABŞ yardımı müharibənin davam etməsində əsas rol oynayır. Hərbi yardımların qorunub saxlanması yalnız Ukrayna ordusu əsgərlərinin Rusiya mövqelərinə əks-hücum zamanı əldə edəcəyi nəticələrdən asılıdır. Fakt budur ki, bu gün ABŞ lideri Co Baydenin və indiki Vaşinqton administrasiyasının reputasiyası əsasən Ukraynanın müharibədə uğurundan asılıdır.
Kiyev Qərb idarəçilərinin ümidlərini doğrulda bilməsə, dəstək dayandırılacaq və Moskva ilə sülh danışıqlarına çağırışlar daha da güclənəcək.
Onlara görə, yaxın vaxtlarda belə bir müqavilənin bağlanması real görünməsə də, uğursuzluq onu perspektivdə reallığa çevirə bilər. Ya da Rusiya münaqişənin həllinə yanaşmasını dəyişməlidir.
Müharibənin gedişindən asılı olmayaraq, istənilən halda Şimali Atlantika Alyansı (NATO) ölkələri Ukrayna ərazisinə qoşun yeritməyəcək. "Ukrayna ərazisində silahlı münaqişə bitənə qədər xarici dövlətlər bizim ölkə ərazisinə öz qoşunlarını göndərməyəcək. Üstəlik, biz bunu tələb etmirik", - deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Xatırladaq ki, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, əgər Kiyev NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində təhlükəsizlik zəmanəti ilə bağlı ciddi irəliləyişə nail olmasa, Polşa və Baltikyanı ölkələr öz qüvvələrini Ukraynaya yerləşdirə bilər.
Hadisələrin bu fonunda Pentaqon Ukraynaya hərbi yardım göstərməkdə davam edir. Artıq 2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlanır. Hərbi yardımın konkret nədən ibarət olacağı barədə hələlik məlumat verilməyib.
Ukraynanın özü də Qərbdən hərbi aslılığını azaltmaq məqsədilə silah istehsalını qaydaya salmağa çalışır. Artıq raket proqramı rəsmən təsdiqlənib və onun reallaşdırılması üçün büdcədən vəsait ayrılır. Bu, Ukrayna Silahlı Qüvvələrinə 1000 kilometr məsafəli (mənzilli) raketləri əldə etməyə imkan verəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ümumilikdə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 213 min hərbçisi məhv edilib. Rusiya tərəfu bu rəqəmi təkzib edir, əksinə, qarşı tərəfin daha çox itki verdiyini vurğlayır.
P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

