“Azərbaycan dramaturgiyası və milli teatr”

post-img

Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan milli teatrının yaradılmasının 150-ci ildönümünə həsr olunmuş “Azərbaycan dramaturgiyası və milli teatr” mövzusunda respublika elmi konfransı keçirildi.

Tədbir iştirakçıları əvvəlcə görkəmli dramaturqlar Hüseyn Cavid və Cəfər Cabbarlının ya­radıcılığından bəhs edən sərgi ilə tanış olublar.

Konfransı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direk­toru akademik Rafael Hüseynov açaraq Azərbaycan milli teatrının və dramaturgiyasının tarixindən, keçdiyi inkişaf yolundan söz açıb. Akademik bildirib ki, Azərbaycan dramaturgiyası və milli teatrı hər bir azərbaycanlı, eyni zaman­da, tariximiz və mənəviyyatımız üçün yüksək məna və dəyər da­şıyır. Çünki peşəkar tariximizin yaşı ilk afişadan götürülsə də əs­lində Azərbaycan teatrının yaşı daha qədimdir. Meydan tamaşa­larından tutmuş, xalq arasındakı müxtəlif kütləvi tamaşa növlə­rindən başlamış milli teatrımız özünəməxsus tərzdə inkişaf edib.

Rafael Hüseynovun sözlərinə görə, Azərbaycan peşəkar teatrı­nın yarandığı 1873-cü il mədə­niyyət hadisəsi Avropa üslublu teatr tariximizin başlanğıc döv­rüdür. Lakin Azərbaycanda hələ orta əsrlərdə Yaxın Şərqdə olduğu kimi, imam Hüseyn müsibətini səhnələşdirən şəbih tamaşaları göstərilirdi. Akademik onu da əlavə edib ki, Məhəmməd Füzuli­nin “Hədiqətüs-süəda” əsərini bu mənada Kərbəla hadisələrindən bəhs edən xüsusi bir ssenari he­sab etmək olar. Ərəb və farsdilli mənbələrdə bu mövzuda yazılmış əsərlərdən fərqli olaraq ustad Fü­zulinin yaratdığı poemada həmin faciənin türkmənşəli tarixi qəhrə­manlarının da obrazları yer alır.

R.Hüseynov dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”dan “Koroğluya” qədər” məqaləsinə istinad edərək xalq musiqisi əsasında yazılmış “Leyli və Məcnun” operasından Avro­pa üslubunun tələblərinə cavab verən “Koroğlu” operasına qə­dərki inkişaf dövrünü Azərbaycan operasının otuz illik yüksəliş çağı olduğunu qeyd edib.

Akademik R.Hüseynov Azərbaycan dramaturgiyasının da inkişaf mərhələlərindən bəhs edərək, rus, Avropa ədəbiyyatı­na yaxından bələd olmuş Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər ədibləri­mizin zəngin dramaturji irsini teatr sənətinin vüsəti adlandırıb. Azərbaycan dramaturgiyasının şərəfli tarixinə nəzər salan R.Hü­seynov Hüseyn Cavidin və Cəfər Cabbarlının yaradıcılığından söz açıb. Zəngin Azərbaycan drama­turgiyasının inkişafında bu bö­yük mütəfəkkirlərin xüsusi rolu olduğunu vurğulayıb. Qeyd edib ki, Hüseyn Cavid Azərbaycan po­etik teatrının təməlini qoyan bir şəxsdir, Cəfər Cabbarlı isə müasir Azərbaycan dramaturgiyasının yaradıcısı idi.

Azərbaycan Dövlət Teatr Mu­zeyinin direktoru Sevinc Mikayı­lova rəhbərlik etdiyi mədəniyyət ocağının yaranma tarixindən və fəaliyyətindən söz açıb. 

Konfransın plenar iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyevanın “Azərbaycan drama­turgiyasında tələffüz məsələləri”, Azərbaycan Dillər Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəy­linin “Azərbaycan dramaturgiya­sının banisi M.F.Axundzadənin yaradıcılığında gender problemi”, Nizami Muzeyinin əməkdaşı Za­rema İbrahimovanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəyişilən ekspozisiyasında Azərbaycan teatrının əksi keçmişdə və indi” mövzusunda məruzələri dinlənil­di.

Elmi konfransın “Azərbay­can teatr tarixi muzey arxivlə­rində”, “Tarixi şəxsiyyətlər dram əsərlərində və teatr səhnəsində”, “Teatr tarixi, teatr tənqidi və ədəbi tənqid” və digər mövzuları əhatə edən bölmə iclaslarında ən müxtəlif elm, təhsil, mədəniyyət ocaqlarından daxil olmuş mə­ruzələr təqdim edildi.

Sonda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olundu.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Mədəniyyət