Ali məktəb yeni dərs ilini yüksək hazırlıqla qarşılayır
Ölkəmizdə yeni tədris ili başlayır. Artıq ikinci ildir ki, öz tələbələrini qarşılamağa hazırlaşan Qarabağ Universitetində də bu günlərdə sevinc və qürur dolu anlar yaşanır. Azad Qarabağımızın ilk və hələlik yeganə ali təhsil müəssisəsi olan bu universitetdə 2025–2026-cı tədris ilinə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün Xankəndidə Qarabağ Universitetinin rektoru Şahin Bayramovla həmsöhbət olduq.
– Şahin müəllim, sizi və kollektivinizi qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edirik. Tələbələrinizi qarşılamaq üçün hazırlıqlar yekunlaşıbmı?
– Bəli, ilk akademik tədris ilini uğurla başa vurmuş Qarabağ Universitetində 2025–2026-cı tədris ilinə hazırlıq işləri tamamilə yekunlaşıb, artıq yeni tələbələrimizi qarşılamağa başlamışıq. Hazırlıq prosesimiz ilk növbədə tələbə qəbulu ilə bağlı olub. “Xalq qəzeti”nə bundan əvvəlki müsahibəmizdə də bildirdiyimiz kimi, universitetimizdə bu il yeni ixtisasların tədrisinə başlanacaq. Pedaqoji, Humanitar və sosial elmlər, İncəsənət, İqtisadiyyat, Turizm və Mühəndislik fakültələri ilə yanaşı, Tibb və sağlamlıq elmləri fakültəsində də kadr hazırlığı aparılacaq.
Əlavə olaraq, 10 yeni ixtisas - “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix müəllimliyi”, “Bəstəkarlıq”, “Musiqişünaslıq”, “Riyaziyyat”, “Data analitikası”, “Tibb” və “Tibb bacısı (qardaşı) işi” üzrə tələbə qəbulu həyata keçirilib. Bununla da Qarabağ Universitetində bakalavriat səviyyəsində tədris ediləcək ixtisasların sayı 25-dən 35-ə yüksəlib. Artıq bütün ixtisaslar üzrə tələbə qəbulumuz uğurla yekunlaşıb və qəbul planımız əsasən dolub.
Bu proses zamanı keyfiyyət elementi xüsusilə diqqətdə saxlanılıb, əsas prioritetimiz daha yüksək bal toplamış, yüksək intellektli gənclərin universitetimizi seçməsinə nail olmaq idi. Çünki əsas hədəflərimiz sırasında dünya səviyyəli, müasir dövrün iddialı ali təhsil ocağına çevrilmək var. Bütün bu tələblər fonunda qəbulun nəticələri bizi sevindirir və onu deməyə əsas verir ki, gənclərimiz Qarabağ Universitetinə böyük maraq göstəriblər. Ayrı-ayrı ixtisaslar üzrə qəbul balı ilə bağlı göstəricilər də bu mənzərəni daha yaxşı müşahidə etməyə imkan verir. Məsələn, əgər ötən il 600-dən artıq bal toplamış 101 gənc univeristetimizə qəbul olmuşdusa, bu il bu göstərici 127-yə yüksəlib.
Digər nəticələr də ürəkaçandır: 500-dən yuxarı bal toplamış 332, 400-dən çox bal toplayan 613 abituriyent Qarabağ Universitetini seçib. İlk dəfə qəbul həyata keçirdiyimiz tibb ixtisasına keçid balı 614, orta qəbul balı 624 olub. Hüquqşünaslıq ixtisasında orta qəbul balı 604, xarici dil müəllimliyi ixtisası üzrə isə 542 bal təşkil edib. Ən yüksək bal göstəricisi isə 684-dür, məhz bu yüksək balı toplamış abituriyent tələbə kimi universitetimizin Tibb və sağlamlıq elmləri fakültəsində təhsil alacaq.
Ötən tədris ilində respublika fənn olimpiadalarında qalib gəlmiş, yüksək yer tutmuş 1 gənc ali təhsil ocağımıza müsabiqədənkənar qəbul olunmuşdursa, bu il 5 belə gənc Qarabağ Universitetində təhsil alacaq. Özü də bu il tələbə heyətimiz ölkəmizin 66 şəhər və rayonunu təmsil edir, müasir Azərbaycan gənci yaşadığı məkandan, məzun olduğu məktəbdən asılı olmayaraq, Qarabağ Universitetində təhsil almağa üstünlük veriblər.
Tələbə sayına görə şəhər və rayonların ilk onluğuna Bakı, Gəncə, Bərdə, Naxçıvan, Ağdam, Şəmkir, Ağcabədi, Mingəçevir, Sumqayıt və Şəki daxildir. Bir maraqlı statistikanı da diqqətinizə çatdıraq ki, bu il universitetimizə qəbul olunan tələbələrin arasında faiz göstəricisinə görə qızlar üstünlük təşkil edir. Əgər ötənilki qəbulda tələbələrimizin cəmi 46 faizi qızlar idisə, bu il göstərici 58 faizə yüksəlib.
Ümumilikdə, yeni tədris ilinə hazırlıq məqsədilə universitetimizin tədris imkanları genişləndirilib, ötən il qurulmuş infrastruktur bir az da müasirləşdirilib, növbəti kursların ehtiyaclarına uyğun zəruri baza formalaşdırılıb. İnzibati, akademik heyət, bina və avadanlıq baxımından universitetimiz yeni tədris ilinə tam hazırdır.
– Yəqin ki, tələbələrinizin sayının artması, yeni ixtisasların tədrisi müəllimlərin də sayını artırıb.
– Bəli, sözsüz ki, pedaqoji heyətimiz də genişləndirilib və yeni müəllimlərin qəbulu prosesi aparılıb. Fəaliyyət dövründə universitetimizə əməkdaşların qəbulu ilə bağlı çox şəffaf mexanizm formalaşdırılıb. Müxtəlif ixtisaslar üzrə ali təhsilli kadr hazırlığı aparan peşəkar mütəxəssislərin akademik fəaliyyətə cəlb olunması bu mexanizm əsasında həyata keçirilib.
Sevindirici haldır ki, Qarabağ Universitetində çalışmaq, uğurlarımızda pay sahibi olmaq istəyənlərin sayı kifayət qədər çoxdur. Həm ölkəmizin, həm də dünyanın aparıcı ali təhsil ocaqlarında magistr, doktorantura təhsili almış çoxsaylı mütəxəssislərin universitetimizdə fəaliyyət göstərmək istəkləri ciddi rəqabət mühiti yaradıb. Buna görə də seçim zamanı ilk növbədə namizədlərin aidiyyəti ixtisas üzrə peşəkarlıq səviyyəsi, tədris və tədqiqat bacarıqları, innovativ yanaşma tərzinin olması, müasir dövrün gəncləri ilə həm tədris, həm də elmi fəaliyyət istiqamətində çalışmaq imkanları maksimal dərəcədə nəzərə alınıb. Nəticə olaraq, peşəkar komandamızla 2025–2026-cı tədris ilinə tam hazırıq.
– Tələbə yataqxanalarında vəziyyət necədir?
– Qarabağ Universiteti özünün ən böyük hamisi Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində böyük hədəflərə doğru irəliləyir. Bu diqqət və qayğının nəticəsidir ki, ötən il olduğu kimi, bu il də universitetimizə qəbul olan bütün tələbələr müasir, mənzil konseptli yataqxanalarla təmin ediləcəklər, özü də heç bir ödəniş həyata keçirmədən. Bununla bağlı ödənişlər dövlətimiz tərəfindən qarşılanır.
Biz Azərbaycanda yeganə ali təhsil müəssisəsiyik ki, istisnasız olaraq bütün tələbələrimizi pulsuz yataqxanalarla təmin edirik. Yataqxanalarda tələbələrin yaşamaları üçün bütün imkanlar yaradılıb. Geniş, tam təmirli, işıqlı otaqlar, yaradılmış şərait, infrastruktur gənclərin yaxşı təhsil almalarına, çox məzmunlu tələbə həyatı yaşamalarına imkan yaradır. Bunun üçün bütün zəruri təmir işləri yekunlaşıb, artıq həmin yataqxanalar tələbələrimizin istifadəsinə verilməsi üçün tam hazırdır.
– Bu tədris ili həm də Qarabağ Universitetinin Klinikasının açılışı ilə yadda qalacaq. Klinikada işlər yekunlaşıbmıı?
– Dövlət başçısının 7 fevral 2025-ci il tarixli fərmanına əsasən Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Həmçinin, yuxarıda qeyd etdiyimiz kimi, bu tədris ilində universitetimiz üçün mühüm yeniliklərdən biri də Tibb və sağlamlıq elmləri fakültəsinin strukturlaşması və fəaliyyətə başlamasıdır. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə uyğun 6 illik “Tibb” və 4 illik “Tibb bacısı (qardaşı) işi” proqramlarının tədrisi həyata keçiriləcək.
Bu fakültənin fəaliyyət göstərəcəyi klinikada müasir akademik məzmuna malik tədris metodlarının, ən yeni kliniki alətlərin tətbiq olunacağı ali tibb təhsili vermək imkanımız olacaq. Klinikanın burada təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin etməklə yanaşı, tibb sahəsində elmi tədqiqatlar aparması, regionda əhalinin sağlamlığının qorunmasında iştirakı nəzərdə tutulub. Burada da artıq bütün zəruri hazırlıq işləri yekunlaşıb. Klinika həm pedaqoji heyəti və həkimləri, həm də tələbələri qarşılamağa tam hazırdır.
Sıralarımız genişlənir, komandamızın da, tələbələrimizin də sayı artır. Ümumilikdə bu tədris ilində 400-ə yaxın inzibati-pedaqoji heyətin fəaliyyət göstərəcəyini və 2100-dən artıq tələbənin təhsil alacağını gözləyirik.Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ Universiteti həm də işğaldan azad olunmuş ərazilərimizdə gedən məskunlaşma, həyatın bərpası prosesində də çox fəal iştirak edir və Qarabağın ən böyük işəgötürənlərindən birinə çevrilməkdədir. İlk tədris ili üzrə göstəricilərə əsasən universitetimizin inzibati-pedaqoji heyətində 31 keçmiş məcburi köçkün, 5 müharibə veteranı, 1 şəhid ailəsi üzvü çalışır və bu saylar növbəti illərdə mütəmadi olaraq artacaq.
Qarabağ Universitetinin quruculuğu ilə məşğul olacaq bu insanlar möhtərəm Prezidentimiz tərəfindən qarşımıza qoyulmuş strateji hədəflərə çatmaq yolunda birlikdə irəliləyirlər və düşünürük ki, universitetimiz yaxın gələcəkdə sürətlə dirçələn Qarabağımızın elm və təhsil simvoluna çevriləcək, bütövlükdə Qarabağda gedən bu proseslərdə, buradakı ekosistemin inkişafında öz davamlı töhfəsini mütləq şəkildə verəcək.
– Müsahibə üçün təşəkkür edirik.
Söhbəti qələmə aldı:
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi