Şəhid övladları, yeni dərs iliniz mübarək!

post-img

Qazandığınız uğurlar igid atalarınızın ruhunu sevindirir

Sabah yeni tədris ili başlayır. Bu il ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin yüzlərlə övladı ilk dəfə olaraq orta və ali məktəbə ayaq basacaq. İstər ölkəmizin ali təhsil ocaqlarına, istərsə də xaricdə tanınmış məktəblərə qəbul imtahanlarını müvəffəqiyyətlə verib tələbə adı qazanmış şəhid əmanətləri. Şəhid valideynlərinizlə yanaşı, Sizinlə də qürur duyur, fəxr edirik.

Qapılarını ilk dəfə açacağınız ali məktəblərdən həm sevincli, bir az da kədərli gözlərinizdən dünyanın xoşbəxtliyi boylanacaq. O qədər fərəhlisiniz ki... Siz Vətəni və Sizləri bizlərə əmanət edib, yağı düşməni doğma torpaqlarımızdan qovan, torpaq uğrunda canlarından keçən qəhrəmanların övladlarısınız. Hər birinizin əldə etdiyi uğurlar böyük qətiyyətin və əzmkarlığın nəticəsidir.

Bu gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi, xalqın sevgisi ilə əhatə olunmuş şəhid övladları qəhrəman atalarının yolunu şərəflə davam etdirirlər. Onlar hər zaman öndədirlər – Vətənə sədaqətdə, təhsildə, ictimai işlərdə. Builki qəbulda şəhid övladlarının tələbə adını qazanması bunu bir daha təsdiq edir.

İllərdir əziyyət çəkən, göz nurunu tökən, dünənin şagirdi, bu günün isə tələbələri olan gənclərin sevincinin həddi-hüdudu yoxdur. Statuslarınız təbrik yağışına tutulub: hüquq, informasiya təhlükəsizliyi, tibb, mühəndislik, maliyyə, filologiya, memarlıq və sair ixtisasların qəbulunun nə qədər çətin olmasına baxmayaraq, bu adı qazandınız. Bu Vətənə və şəhid atalarınızın adına layiqli övlad olacağınız şübhəsizdir.

Min bir əziyyətlə yüksək nəticə göstərərək tələbə adı qazanmış bir şəhid övladının atasının məzarı önündə sosial şəbəkələrdəki paylaşımı olduqca kədərli notlara köklənib.

– Ata, mən sənə söz vermişdim ki, tələbə adını qazanıb sənin arzularını yerinə yetirəcəm. Artıq mən tələbəyəm. Gözüm hər yerdə səni axtarır. Ata, sağlığında da, şəhid olandan sonra da səninlə fəxr edirəm. Həmişə də belə olacaq, heç vaxt dəyişməyəcək.

– Axı sən də söz vermişdin ki, sənin boynuna sarılıb ali məktəbə ilk qədəmlərini birgə atacağıq. İlk tədris günü mənim üçün həm sevincli, həm də kədərlidir. Yolboyu yəqin birgə gedəcəyik. Elə məktəbin qapısını, pilləkənləri qoşa addımlayacağıq. Ətrafımdakılar bunu hiss etməsə belə. Həyatım boyu ruhun mənimlə olacaq. Söz verirəm, adına layiq övlad olacağam. Bizi əmanət etdiyin Vətənin çiçəklənməsinə, inkişafına var qüvvəmlə çalışacağam.

Bu il tələbə adı qazanmış şəhidlərimizin övladları – Milli Qəhrəman, polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli – Türkiyənin Eskişehir Osmangazi Universitetinə, Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılov Bakı Mühəndislik Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə, MAXE nazir Xurşudovun oğlu Şahin Xurşudov Türkiyənin Balıkesir Universitetinə, polkovnik Şahin Mirzəyevin oğlu Əli Mirzəyev Azərbaycan Universiteti, İnformasiya təhlükəsizliyi, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin qızı Nigar Əliyeva Bakı Dövlət Universitetinin Tarix fakültəsinə, polkovnik-leytenant Sadiq Məmmədovun qızı Səbinə Məmmədzadə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə (Koreya dili üzrə), mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev Xəzər Universiteti, İnformasiya agentliyi fakültəsinə (tədris ingilis dilində), mayor Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə – Azərbaycan Dillər Universiteti, Alman dili fakültəsinə (tərcüməçi), mayor Sübhi Mürsəliyevin qızı Aişə Mürsəliyeva Azərbaycan Tibb Universitetinin Tibb bacısı işi fakültəsinə, mayor Fəqan Xudaverdiyevin oğlu Elcan Xudaverdiyev Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə, gizir Mais Səmədovun oğlu Süleyman Səmədov Azərbaycan İdman Akademiyasının Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi fakültəsinə qəbul olub.

Vətən müharibəsi qəhrəmanı Anar Əliyevin qızı Nigar Əliyeva açıqlamasında bildirib ki, "Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmaq mənim üçün həm də qürurludur: “Çünki tarix yazan birinin qızıyam. Oxuduğum, işlədiyim müddətdə özümü daha da inkişaf etdirmək məqsədindəyəm. Gələcəkdə isə ikinci təhsil kimi hüquqşünaslıq ixtisasına yiyələnmək istəyirəm. Atamla bu mövzuları çox danışmamışdıq. O, şəhid olanda hələ mənim yaşım az idi. Amma inanıram ki, o da indi məni görür və fəxr edir".

Milli Qəhrəman, şəhid polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli: “Türkiyənin Eskişehir Osmangazi Universitetinin Biznesin idarə olunması fakültəsinə qəbul olunmuşam. Hamı kimi mən də çox sevinirəm. Bu ixtisas atamın mənim üçün arzuladığı sahədir. Mən özümə borc bildim ki, onun bu arzusunu yerinə yetirim. Təhsilimi başa vurduqdan sonra işləmək üçün ölkəyə dönəcəyəm.

Tələbə adı qazanmış şəhid övladları, müstəqil həyatınız başlayır. Hər gün, hər səhər kimsə dərsə tələsəcək, kimsə kitablarını sinəsinə sıxıb oturacağı yeri, qrup yoldaşlarını, müəllimlərini həsrətlə gözləyəcək, alacağı bilikləri dərk edib həyatına tətbiq etmək haqqında düşünəcək. Elə tədrisin ilk günündə auditoriyada tanışlıq məqsədilə müəllimlərinizə "mən şəhid oğluyam!", "mən şəhid qızıyam!" sözlərini qürurla söyləyəcəksiniz.

Uğurlarınız bol olsun. Tələbəlik illəriniz uğurlu və faydalı keçsin. Yüksək zirvələrə aparan yolda hər birinizə cansağlığı, səbir və iradə arzulayırıq. Tələbə adınız və ilk tədris iliniz mübarək!

Müşfiq MİRZƏ
XQ

Sosial həyat