Görkəmli aktyor əbədiyyətə qovuşdu

post-img

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino və xadimi, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Hacı Murad Hacı Əhməd oğlu Yegizarov ömrünün 86-cı ilində Almaniyada müalicə prosesində dünyasını dəyişib.

XIX əsrdə Qafqazda tanınmış musiqi xadimi və xeyriyyəçi olmuş şamaxılı Mahmud ağanın nəticəsi Hacı Murad Yagizarov 1939-cu ildə Bakıda doğulub. Orta məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Görkəmli aktyor Ələsgər Ələkbərovun məsləhəti ilə İncəsənət İnstitutuna daxil olan gənc sənətçi aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunu bitirib. Şux qaməti, istedadı kinorejissorların da diqqətini cəlb edib. O, instituta qəbul olunduğu 1958-ci ildə iki filmə rejissor Həbib İsmayılovun quruluş verdiyi “Ögey ana” filmində çəkilib.

Hacı Murad Yegizarov 1962-ci ildə Səməd Vurğun adına Rus Dram Teatrında fəaliyyətə başlayıb. İstedadlı aktyor ötən əsrin 60-70-ci illərində teatr səhnəsində “Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Pik saatı”, “Öz yolunla” və digər tamaşalardakı rolları ilə sənətdə ilk uğurlarını qazanıb. Onun sənət yolu “Valentin və Valentina”da Qusev, “İvanov”da doktor Lvov, “Qumluqdakı ev”də Eldar, “Aydın”da Dövlət bəy, 80-ci illərdə ilk dəfə rus dilində tamaşaya qoyulmuş “Şeyx Sənan2da Şeyx Sənan, “Arzu tramvayı”nda Stenli “Arşın mal alan”, “Böyük dayaq”, “Uzaq sahillərdə”, “Ulduz”, “Aygün”, “Bir cənub şəhərində”, “Bağ mövsümü, “Nizami”, “Babək”, “Birisigün, gecəyarısı”, “İnsan məskən salır”, “Qara gölün cəngavərləri”, “O qızı tapın”, “Səmt küləyi”, “Şeytan göz qabağında” və başqa filmlər Hacı Murad Yegizarovu kino aktyoru kimi də məşhurlaşdırıb. Aktyor Çexiyada, Gürcüstanda, Almaniyada da 40-dan çox filmə çəkilib.

Hacı Murad Yegizarov 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

“Xalq qəzeti”

Sosial həyat