“Fintex sammit 2023 – Maliyyə və texnologiyalar”

post-img

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Fintex sammit 2023 – Maliyyə və texnologiyalar sərgisi” keçiriləcək. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın təşkilatçılığı, İqtisadi İsla­hatların Təhlili və Kommunikasiya Mərkə­zinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaş­lığı ilə iyunun 13-14-də “Fintex sammit 2023” (Maliyyə və texnologiyalar sərgisi) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təh­lükəsizlik” adlı sammit keçiriləcək.

Müvafiq dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşki­latlarla yanaşı, beynəlxalq maliyyə institut­larının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi bu tədbirdə Türkiyə, Amerika Bir­ləşmiş Ştatları, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilat­ların və nüfuzlu şirkətlərin nümayəndələri­nin iştirakı nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, 2 gün davam edəcək sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platfor­ma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal val­yutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.

Sammit 8 paneldən ibarət olmaqla, “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafinda ümummilli lider Heydər Əliye­vin rolu”, “Gələcək: rəqəmsal bank”, “Ay­rılmaz ekosistemlər: bankçılıq və texnologi­ya”, “Ödənişlərdə növbəti böyük partlayış (BIG BANG)”, “Komplayns üçün rəqəmsal həllər”, “Super bank tətbiqləri, yaxud super fintex xidmətləri”, “Kibertəhlükəsizlik” və “ESG üçün faydalı olan sektor üçün faydalı­dır” kimi mövzuları əhatə edəcək.

Sammit çərçivəsində iyunun 13-də “Türkdilli Dövlətlərin Banklar Assosiasi­yaları Şurası”nın ikinci iclası baş tutacaq. 2022-ci ilin noyabr ayında yaradılan və ikinci iclası Bakıda keçiriləcək şuranın iclasına üzv ölkələr olan Azərbaycan, Qa­zaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və qonaq qismində Macarıstan, Şimali Kipr Banklar Assosiasiyasının rəhbərləri və nü­mayəndələri qatılacaq.

Bundan əlavə, sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Bey­nəlxalq Maliyyə Korporasiyası (IFC), “Türk Katılım Banklar Birliği” və Macarıstan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanacaq. 1200 iştirakçının qatılacağı sammitdə 50-yə yaxın spikerin əlaqədar mövzularda çıxış etməsi gözlənilir.

“Xalq qəzeti”

Son xəbərlər