Fransa Tokioda NATO ofisinin açılmasına qarşı çıxıb. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, əgər Tokioda NATO ofisi açılarsa, bu, Asiya dövlətləri və ilk növbədə Çinlə münasibətləri gərginləşdirəcək. O, diqqəti Şimali Atlantika regionuna yönəltməyə çağırıb.
Qeyd edib ki, təşkilatın fəaliyyət sərhədləri nizamnamə ilə müəyyən edilir. "Əgər NATO-nu əhatə dairəsini və coğrafiyasını genişləndirməyə sövq etsək, böyük səhv etmiş olarıq".
Fransa Prezidenti Çinin Rusiyaya yaxınlaşaraq onu silahla təchiz etməyə başlayacağından ehtiyat edir.
Alyansın Asiyada ilk nümayəndəliyinin açılması ilə bağlı qərar isə Vilnüsdə iyulun 11-12-də keçiriləcək sammitdə qəbul edilə bilər. Forumda Yaponiyanın Baş naziri Fumio Kişidanın şəxsən iştirakı planlaşdırılır.
Lakin Parisin mövqeyi danışıqları çətinləşdirir, çünki bütün NATO üzvlərinin yekdil razılığı lazımdır. Beləliklə, Fransa bu hərəkəti əngəlləyə bilər.
Ə.PÜNHAN, “Xalq qəzeti”

