ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunakı cümə axşamı Ağ evdə qəbul edib. R.Sunakın səfəri onun ötən ilin oktyabrında Baş nazir seçilməsindən sonra ABŞ-a ilk səfəridir, lakin o, Baydenlə bu il artıq üç dəfə görüşüb. Məlumatı “Amerikanın səsi” radiosu yayıb.
Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib ki, liderlər bir sıra qlobal məsələləri, o cümlədən iqtisadi tərəfdaşlığı, Rusiyanın işğalçı müharibəsinə qarşı özünü müdafiə edən Ukraynaya birgə dəstəyi, həmçinin təmiz enerjiyə keçidin vacibliyi və s. məsələləri müzakirə ediblər.
Mətbuat katibi həmçinin bildirib ki, Prezident və baş nazir danışıqlar zamanı modern texnologiyalar üzrə qlobal müstəvidə ABŞ-Böyük Britaniya liderliyinin, eləcə də iqtisadi təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar, həmçinin strateji tərəfdaşlıq üzrə əldə olunan nailiyyətləri qorumaq üçün birgə öhdəliklərin bir hissəsi kimi Şimali İrlandiyada baş verən hadisələri nəzərdən keçiriblər.
Böyük Britaniyanın Baş naziri ABŞ Prezidenti ilə danışıqlardan əvvəl bildirib ki, rəsmi London iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsindəki sıx əməkdaşlığı eyni ruhda iqtisadi əlaqələrə şamil etməyi zəruri sayır.
“Hərbçilərimiz arasında qarşılıqlı fəaliyyət bizə düşmənlərimiz üzərində döyüş meydanında üstünlük verdiyi kimi, daha böyük və qarşılıqlı iqtisadi fəaliyyət də qarşıdakı onilliklərdə bizə mühüm üstünlük verəcək” - deyə R.Sunak bildirib.
Xatırladaq ki, R.Sunak Prezident Baydenlə görüşdən əvvəl ABŞ Konqresinin liderləri ilə danışıqlar aparıb və Arlinqton Milli Qəbiristanlığına əklil qoyulmasında iştirak edib.
M.HACIXANLI, “Xalq qəzeti”

