Oğlan şagirdlərin ataları kimi tərbiyələnməsində bu amil önəmlidir
Müəllim xalqın gələcəyini formalaşdıran mənəvi dayaqlardan biridir. O, yalnız şagirdə bilik vermir, eyni zamanda onu yetişdirir və xarakterini formalaşdırır. Bu mənada müəllimlik yaradıcı yanaşma, səbir və qətiyyət tələb edən müqəddəs peşədir.
Hazırda ölkəmizdə ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərinin sayı 19 936 nəfərdir, onlardan 1781 nəfəri ibtidai sinif müəllimidir.
Cəmiyyətdə son dövrlərdə formalaşan stereotiplər tədricən müəllimliyi qadınların öhdəsinə buraxıb. “Uşaqlarla qadın məşğul olmalıdır” düşüncəsi kişiləri illər keçdikcə bu sahədən uzaqlaşdırıb. Nəticədə ibtidai siniflərdə və humanitar fənlərin tədrisində kişi müəllimlərin sayı azalıb.
Müasir dövrdə məktəblərdə kişi müəllimlərin azlığının bir sıra səbəbləri var. Bunlardan biri də maddi amildir. Müəllimlik peşəsi məsuliyyət və zəhmət tələb etsə də bu sahədə əməkhaqqı digər peşələrlə müqayisədə yüksək deyil. Xüsusən də ailə başçısı olan kişilər üçün maddi təminat mühümdür. Bu səbəbdən gənc oğlanlar peşə seçərkən daha çox gəlir gətirən sahələrə üstünlük verirlər.
“Müəllimlik əsl qadın peşəsidir” tendensiyası bəzi hallarda problemlərə yol açır. Belə ki, ilk siniflərdən yalnız qadın müəllimlərlə qarşılaşan şagirdlərin həyatında ideal kişi obrazı olmur. Bu gün məktəblərdə kişi ibtidai sinif müəllimlərinin sayı çox azdır. Halbuki təhsil sistemində gender balansı qorunarsa uşaqlar həm qadın, həm də kişi müəllimlərdən öyrənərək daha hərtərəfli şəxsiyyət kimi formalaşa bilərlər.
Orta məktəbdə tarix fənnini tədris edən Elmir Nəsirov məktəblərdə kişi müəllimlərin roluna xüsusi diqqət çəkərək deyir: “Kişi müəllimlərin təhsil ocaqlarında olması çox vacibdir. Çünki oğlan şagirdlər müəllimlərini ideal obraz kimi qəbul edir və onlardan nümunə götürürlər. Bu, təkcə onların dərsə münasibətində yox, həm də xarakterlərinin formalaşmasında özünü göstərir. Kişi müəllimlər oğlan şagirdlərə həm də həyatla bağlı məsləhət verir, yol göstərir. Şagirdlər müəllimlərində həm tələbkarlığı, həm də anlayışı görəndə, gələcəkdə öz həyatlarını daha sağlam əsas üzərində qururlar”.
Elmir müəllimin sözlərinə görə, bir çox şagirdi gələcəkdə müəllim olmağı məhz onun dərslərində arzulayıb: “Çox vaxt dərsdən sonra yanımda dayanıb müəllim olmaq istədiklərini deyirlər. Bu mənim üçün böyük qürurdur. Şagirdlərimdən biri isə inşa yazısına “Mənim ilk kişi müəllimim” adını vermişdi və orada məni öz idealı kimi təsvir etmişdi. Bu, müəllim üçün ən böyük mükafatdır”.
Məktəblərdə kişi müəllimlərin olması şagirdlərə vətənpərvərlik hissinin aşılanmasına da müsbət təsir göstərir. Oğlan şagirdlər düşünürlər ki, kişi müəllimlərin olması məktəblərdə daha ciddi şərait yaradır və nəticədə arzuolunmaz hadisələr baş vermir, dərslər daha ciddi təşkil olunur. Orta məktəb şagirdi Mircahad Ağayev deyir ki, hərbi və idman müəllimləri kişi olduqları üçün onları özlərinə daha yaxın hiss edir və səmimi məsləhətlər ala bilirlər.
Psixoloq Arifə Hüseynli qeyd edir ki, məktəblərdə qadın müəllimlərlə yanaşı, kişi müəllimlərin də mövcudluğu son dərəcə vacibdir, azyaşlı oğlan uşaqları arasında aparılan tədqiqatlarda maraqlı nümunələr ortaya çıxır: “Məsələn, birinci sinif şagirdi xanım müəlliminin ətəyini düzəldərək oturduğunu görür və özü də oturarkən eyni hərəkəti etməyə çalışır. Bu müşahidə göstərir ki, şagirdlər davranış və qaydaları müəllimlərinin nümunəsindən öyrənirlər. Məktəb uşaqların sosial və emosional bacarıqlarını öyrəndiyi məkandır. Kişi müəllimlər tələbkarlıq və bilik ötürmək funksiyasını yerinə yetirməklə yanaşı, uşaqlara məsuliyyət, hörmət və düzgün davranış nümunələri verirlər”.
Bu prosesin önəmi xüsusilə ilk illərdə, yəni ibtidai siniflərdə açıq-aydın görünür. Hər bir şagird qarşısında həm qadın, həm də kişi müəllim obrazlarını gördükcə, fərqli xarakter və davranış modellərini mənimsəyir. Qadın müəllimlər şagirdlərə incəlik, qayğı və diqqət nümunəsi göstərirsə, kişi müəllimlər yetkinlik, cəsarət və məsuliyyət hissini təcəssüm etdirir. Nəticədə uşaqlar hər iki cinsin güclü və zəif tərəflərini öyrənərək daha balanslı, yetkin şəxsiyyət kimi formalaşırlar.
Beləliklə, məktəblərdə kişi müəllimlərin olması şagirdlərin psixoloji və sosial inkişafına mühüm təsir edir. Bu nümunələr göstərir ki, müəllim yalnız bilik verən deyil, eyni zamanda uşaqların həyat yolunu formalaşdıran, davranış və xarakterlərinə təsir edən şəxsdir.
Ləman TƏHMƏZ
XQ