Şuşa – tarix və qəhrəmanlıq zirvəsi

post-img

Həyatımda çox səfərlər olub. Amma bu dəfə edəcəyim səfəri, keçəcəyim yolları nə az, nə çox, düz 30 il səbirsizliklə gözləmişəm. Səfərimiz isə dünyanın ən gözəl şəhərinə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşayadır. Yola çıxacağımız vaxt yaxınlaşdıqca həyəcanımız da artırdı. Nəhayət, saat 06:30-da Ağcabədidən yola düşürük. Səhər saat 8-də isə Füzuli rayonunda, daha doğrusu, Əhmədbəyli nəzarət-buraxılış məntəqəsində idik. Yol boyu düşmənin qazdığı dərin labirintli səngərlər, mühəndis istehkam qurğuları, müşahidə məntəqələri və daha nələr, nələr... Bir də yolun sağ-sol tərəfində dağıdılmış və viran qoyulmuş evlər vardı. Hətta, bəzi evlər təməlinədək sökülmüşdü. Füzuli şəhərində və yolumuzun üstündə olan bütün kəndlərdə də oxşar mənzərə ilə rastlaşdıq. 

Amma bir təsəllimiz var: Füzuli rayonunda qu­ruculuq və yenidənqurma işləri, infrastrukturun bərpası həyata keçirilir, yeni yaşayış kompleksləri, evləri tikilir və burada ölkə əhəmiyyətli açılışlar hə­yata keçirilir. Yeni tikilən evlərdə insanlar yaşaya­caq, həyətlərində uşaqlar oynayacaq. Arzular boy atacaq, məclislər qurulacaq, insanlar yenidən şən­lənəcək, gələcəyə böyük ümidlərlə bağlanacaqlar.

... Şuşaya Zəfər yolu ilə qalxırıq. Alxanlı qəsə­bəsindən başlanan bu yol Füzuli Hava Limanı yaxınlığından keçir. Avtomobil yolunu hava limanı ilə əlaqələndirmək məqsədilə yolun 27-ci kilometr­liyində yol qovşağı və aerovağzala giriş yolu inşa olunub. Füzulidən sonra isə yol xüsusi relyefə ma­lik olan çətin ərazidən- dağlardan, vadilərdən çə­kilib. Özü də cəmi iki ilə yaxın müddətdə istifadəyə verilib. Belə bir qısa vaxtda icra olunan və dünya­da analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası, Prezident İlham Əliyevin qətiyyətini bütün dünya­ya göstərdi. 

Qeyd edim ki, Zəfər yolu Füzuli və Şuşa şəhər­ləri də daxil olmaqla bu rayonların onlarca yaşayış məntəqəsini əhatə edir, onların arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradır. Bu layihə, həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq in­sanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının ya­radılmasına xidmət edir. Ətraf ərazinin gözəlliyi isə böyük turizm potensialının olduğunu açıq-aydın hiss erdirir. Bu, həm də biznesin inkişafıdır.

Yol isə bizi Qarabağın tacı olan Şuşa şəhə­rinə aparır. Nə az, nə çox bir saatlıq yoldan sonra Şuşanın girişindəki posta çatırıq. Şəhərə girişdə sənədlərimiz yenidən yoxlanılır. Postun yaxınlığın­da isə Laçın–Xankəndi yolu keçir. Bu yolda Rusiya sülhməramlılarına aid “BTR” və bu ölkəyə məxsus bayraq diqqətimizi çəkir. Yaxınlıqda Rusiya sülh­məramlı kontingentinin əsgəri dayanmışdı. Təqri­bən, 10 metr aralıda Şuşa Rayon Polis Şöbəsi və Daxili Qoşunların əməkdaşları xidməti vəzifələri­ni yerinə yetirirdilər. Çox sərbəst, özlərindən çox əmin görünüşləri vardı və torpağın sahibləri olduq­ları aydın hiss olunurdu. 

Qeyd edim ki, postun yaxınlığında bir qədər əvvəl ekofəallarımızın dünyaya səs salmış aksi­yası keçirilmişdi. Məlum olduğu kimi, Rusiya sülh­məramlı kontingentinin müvəqqəti yerləşdiyi Azər­baycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, ekoloji fəsadlarla bağlı monitorinqin keçirilməsini sülhmə­ramlı kontingentin komandanlığından israrla tələb etmişdilər. O da məlumdur ki, Ermənistanla sər­həddə sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da, yolda hərəkət üzrə şəffaflığın, qanu­nun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən 138 gün davam etmiş dinc etiraz ak­siyası müvəqqəti dayandırılıb. 

...Sənədlərimiz yoxlandıqdan sonra yolumuza davam edirik. Artıq Şuşa şəhərindəyik. “Bravo” mağazasının yerləşdiyi binanın ikinci mərtəbəsin­də yerləşən kafedə səhər yeməyimizi yedikdən sonra şəhəri gəzirik. 

Xurşidbanu Natəvanın dağıdılmış evinin ya­nından keçərək Şuşa qalasına yaxınlaşırıq, sonra isə Gəncə qapısından keçib türməyə doğru gedi­rik. Yaxınlıqdakı qəbiristanlıqda ustalar təmir-bər­pa işləri görürdülər. Türmə isə sanki son günlərini yaşayır. Saatlı və Yuxarı Gövhər ağa məscidlə­rini, Molla Pənah Vaqifin məqbərəsini, Mir Möh­sün Nəvvabın məzarını ziyarət edib Cıdır düzünə qalxırıq. Cıdır düzü çoxsaylı yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edib. İki gün əvvəl isə bura­da “Xarıbülbül” festivalı keçirilib.

...Ətrafda bir sakitlik hakimdir, ərazidə yalnız təmizlik işçiləri çalışırdılar. Cıdır düzünün kənarın­dakı yarğanlığı maraqla izləyir və qürur hissi keçi­ririk. Burada 2020-ci noyabrın 6-da ağır döyüşlər getmişdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri­nin yüngül silah-sursatla təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik heyəti Şuşanın sıldırımlarına iplərlə dır­maşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və burada dərhal döyüşlər başlamışdı. Onların qalıxdığı sıldırımlardan biri də mənim kə­narında durduğum qayalıq idi. Bu döyüşlərlə Azər­baycan xüsusi təyinatlıları regionda ən hazırlıqlı komanda qüvvələri olduqlarını bir daha göstərmiş­dilər. Öz yaralı və şəhidlərini döyüş meydanında buraxmadan qayalarla qalxaraq döyüşlərini da­vam edirmiş və Şuşanı azad etmişdilər. Bunun özü isə yüksək hazırlığın nümunəsi idi. 

...Bir qaya parçasının üstündə oturub bir anlıq xəyala dalıram. Bu zaman arxamda iki nəfərin da­yandığını hiss edirəm. Sanki Şuşa şəhəri uğrun­da şəhid olmuş Bilal Qənbərov və Fariz Rəhimo­vun ruhları idilər. Arxaya çevrilməkdən qorxuram. Qorxuram ki, birdən görə bilmərəm, xəyal qırıqlı­ğına uğrayaram. Ən önəmlisi isə onların ruhunu yanımda hiss etmək, rahatlıq, hüzur tapmaq idi. Bunu yaşamaq istəyirdim, ona görə də çevrilib arxaya baxmıram. Bu çox qəribə hiss idi və onu yaşadım.

...Bilal Qənbərov və Fariz Rəhimov da Şuşanı azad etmək, küçələrini alnıaçıq, vüqarla gəzmək istəyirdilər. Bu, onların arzusu idi. Və xəyalən olsa da, biz birlikdə Şuşanı gəzdik. Mən buna əmin idim, çünki yanımda olduqlarına, qəribə də olsa inanırdım. 

...Bir anlıq ayılan kimi oldum. Sanki ətrafımda iki dumanlı ruh vardı, məndən uzaqlaşdılar... İna­nılası deyil, amma mən onları gördüyümə əminəm. 

Hər ikisi Füzuli, Cəbrayıl və Hadrutun azad edilməsində iştirak etmişlər. Hər ikisinin son döyü­şü Şuşa uğrunda olmuş və bir daha Vətənə sadiq, torpağına bağlı əsgər olduqlarını göstərmişdilər. Günlərlə çiynlərində yük, silahla gizli yollarla Şuşa şəhərinə doğru irəliləmiş, günlərlə ac-susuz qal­malarına baxmayaraq, ruhdan düşməmiş, döyüş­müşdülər. 

Deyilənlərə görə, Fariz Rəhimov bu döyüşlərin birində az qala həlak olacaqmış. Düşmən tərəfinin minaatanları dəfələrlə onların olduğu ərazini atəş altında saxlamağa çalışmışdı. Hətta mərmilərdən biri Farizin yaxınlığına düşmüşdü. Vaxtında qaya­nın arxasına uzanması həyatını xilas etmişdi. Dö­yüş dostları bu hadisədən sonra zarafatla – “sənə ölüm yoxdur!” demişdilər. 

Fariz Rəhimov MAXE və zabitlərdən ibarət bölükdə xidmət edən yeganə əsgər olub. O, və MAXE-lərlə döyüşlərdə iştirak edərək ən öndə vu­ruşub.

Onun son döyüşü də Şuşa uğrunda olub. 2020-ci il noyabrın 7-də gedən döyüşlərdə qəhrə­mancasına şəhid olub.

Bilal Qənbərovun da Şuşa uğrunda döyüşü asan olmayıb. Beş gün şəhər istiqamətində piya­da hərəkət etməli olub, döyüş yoldaşları ilə yar­ğanları, meşələri və dağları keçiblər. İlk dəstələr Şuşa istiqamətindəki strateji yüksəkliklərdə, kənd­lərdə möhkəmləniblər. Azərbaycan ordusunun ön dəstələrinin sıralarında Bilal Qənbərov da qəhrə­mançasına vuruşub.

“Hadrut–Şuşa yolunu piyada getdik. Dəfələrlə düşmən tərəfi bizi minaatalarla atəşə tutdu, yara­lanan və şəhid olanlarımız oldu, ruhdan düşmədik, yolumuza davam etdik. Döyüşdük, Şüşə istiqamə­tində kəndlərimizi azad etdik. Evlərə girəndə düş­mənin bizdən necə qoruxduğunun şahidi olurduq. Onlar döyüşmək bir yana, qorxularından addım səslərimizi eşidib qaçırdılar”,- Bilal atası ilə telefon danışığı zamanı belə demişdi.

Bilal Qənbərov özü bilmədən şəhadətə tələ­sirdi. Bu məqsəd üçün seçilmişlərdən biri idi, Bi­lal. Noyabrın 2-də döyüşdə əsgər yoldaşlarından biri yaralanarkən həyatını təhlükə altına atıb onu atəş zonasından çıxararaq sakit bir yerə aparıb təxliyə olunmasına kömək etmişdi. Noyabrın 3-də isə kəşfiyyatdan qayıdarkən düşmənlə qarşılaşıb. O, əvvəlcə qolundan snayper atəşi ilə yaralanıb. Sonra minaatan mərmisinin yaxınlıqda partlaması nəticəsində ayağından da qəlpə yarası alıb. Qız­ğın döyüşlər getdiyindən onu vaxtında təxliyə et­mək mümkün olmayıb. İlkin yardım göstərilsə də, çox qan itirdiyindən şəhadətə qovuşub. 

...Bilal və Farizin ən böyük arzuları Şuşaya bayraq sancmaq və evlərinə qələbə ilə qayıtmaq idi. Amma hər ikisi müqəddəs şəhərimizin azad olunmasını görmədilər, şəhid oldular. Onların ar­zularını döyüş yoldaşları həyata keçirdilər və Şu­şada Azərbaycan bayrağını dalğalandırdılar.

...Geri qayıdarkən qəhrəmanların məzarlarına səpmək üçün torpaq yığdım, su götürdüm. Mənə elə gəlir ki, onların məzarına Şuşa torpağından səpsəm, bunu hiss edəcəklər, sevinəcəklər. 

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat