Türkiyədə seçki təntənəsi: 85 milyonluq millətin qələbəsi!

post-img

“XXI əsr türk əsri olacaq!”– deyənlərin proqnozları doğrulmaqdadır. Bunu türk dünyasının böyük lideri olan Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi siyasi partiyanın daha bir seçkidə böyük qələbə qazanması da sübut edir. Bu qələbə son onillərin ən dəhşətli zəlzələsinin fəsadları ilə üz-üzə qalmış Türkiyənin yaralarını sağaltmaqla yanaşı, qəlbi Turan arzusuyla yanan çoxmilyonlu insanların yoluna işıq da salacaq. Bu qələbə ikili siyasi standartlarla, islamofobiya və türkofobiya ilə yaşayanların bir çox arzularını gözündə qoyacaq. 

Bu seçki təkcə türkdilli ölkələrdə və İslam dünyasında deyil, bütün dünya­da ən çox maraqla gözlənilən, hamı­nın diqqətlə izlədiyi siyasi kampaniya idi. Çünki Türkiyənin sürətlə inkişaf etməsini, təkcə Avrasiyada deyil, bü­tün dünyada söz sahibinə çevrilməsini istəməyənlər də çox idi, cənab Ərdoğa­nın qələbəsini arzulayanlar da. 

Bu seçki müsəlman ölkələrinə de­mokratiyadan “dərs keçmək” istəyən bəzi Qərb siyasi dairələrinə məhz de­mokratiya dərsi oldu. Türkiyədəki 2023-cü il parlament və prezident seçkiləri həm ölkə əhalisinin mütəşəkkilliyi ilə yadda qaldı, həm də ədalətli nəticə ilə. 

Bu seçki və Rəcəb Tayyib Ərdoğa­nın qələbəsi həm azərbaycanlıların, həm də Türkiyə siyasətçilərinin tez-tez işlətdiyi “Sevinciniz sevincimiz, kədə­riniz kədərimizdir!”– tezisinin də tarixi həqiqət olduğunu sübut etdi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev seçkinin nəticələrinin rəsmi şəkildə elan olunmasından əvvəl, ilkin nəticələ­ri öyrənən kimi cənab Ərdoğana zəng edərək, təbrik etdi. Bu telefon zəngi adi təbriklə bitmədi, dövlət başçımız qardaş ölkənin yeni seçilmiş Prezidentini Azər­baycana dəvət etməklə də sevincimizin hüdudsuz olduğunu göstərdi. 

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğa­nın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oldu­ğunu bildirdi ki, Rəcəb Tayyib Ərdoğa­nın liderliyi ilə növbəti illərdə də Türkiyə­nin hərtərəfli inkişafı davam etdiriləcək. Eləcə də, cənab Prezident Rəcəb Tay­yib Ərdoğana Türkiyə xalqının firavanlı­ğı və ölkənin tərəqqisi naminə fəaliyyə­tində yeni-yeni uğurlar arzulayıb.

Prezident seçkilərində növbəti dəfə qalib gələn Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib. Böyük etimada görə türk xalqına minnətdarlıq edən dövlət başçısı başqa bir məqama da toxunub: “Hazırda xarici ölkələrin lider­ləri zəng edərək təbrik edir. Bir az əv­vəl Azərbaycan Prezidenti İlham Əliyev zəng etdi. Bundan əlavə, Özbəkistan lideri Şavkat Mirziyoyev də zəng edib. Hər kəs ard-arda təbrik edir. Həmçinin Qətər və Liviyadan da təbriklər gəldi”.

Əlavə edək ki, Türkiyə mediası və əksər televiziya kanalları İlham Əliyevin Ərdoğanı təbrik etməsi xəbərinə geniş yer verib və bu təbrik xüsusi vurğulanıb.

Sonda xüsusilə vurğulayaq ki, Azər­baycanın 2020-ci ilin payızındakı tarixi qələbəsinin yaratdığı yeni reallıqları hələ də həzm edə bilməyən bədxahla­rımız açıq şəkildə deyirdilər ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki məğlu­biyyətindən sonra Azərbaycana təzyiq etmək asan olacaq. Olmadı, cənablar və heç zaman olmayacaq. Çünki Türk dünyası artıq sizin düşündüyünüz sə­viyyədə deyil. Azərbaycana və ya Tür­kiyəyə yuxarıdan aşağı baxmağı bir­dəfəlik unudacaqsınız. 

Təbriklər Türkiyə seçicisi, sevinci­nizə qoşuluruq Türk dünyası, yolunuz açıq olsun Turan sevdalıları! 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət