Ukrayna Rusiyanın hücumlarınıdəf edir

post-img

Ukrayna Müdafiə Qüvvələri rəqibin 22 hücumunu dəf edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib. Xəbəri UNİAN agentliyi yayıb.

Məlumatda deyilir: “Son 24 saat ər­zində Rusiya Federasiyası “Shahed” PUA-larından istifadə etməklə Ukrayna ərazisinə növbəti kütləvi hava zərbələri endirib. Demək olar ki, bütün pilotsuz təy­yarələr müdafiəçilərimiz tərəfindən məhv edilib. Bununla belə, dinc əhali arasında ölənlər var. Binalara, digər mülki və inzi­bati infrastruktura ziyan dəyib”.

Xəbərdə həmçinin deyilir ki, Rusiya tərəfi əsas səylərini Luqansk və Donetsk vilayətlərini tamamilə işğal etmək niyyə­tindən əl çəkməyib. 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksiy Neijpapa bildirib ki, Ukrayna hərbçiləri Rusiya donanmasının 18 gəmisini məhv edib. O qeyd edib ki, bu rəqəmə həm gə­milər, həm də katerlər daxildir. Onların arasında “Zmeiny” adasını ələ keçirmək üçün əməliyyatlarda istifadə edilən “Rap­ter” tipli bir neçə desant gəmisi də var.

Bu arada Ukrayna Silahlı Qüvvələ­rinin cavab tədbiri olaraq əks-hücuma keçəcəyi barədə məlumatlar yayılıb. ABŞ-ın respublikaçı senatoru Lindsey Graham deyib ki, Ukraynanın əks-hücum planı effektli olacaq. “Yaxın günlərdə siz ukraynalıların kifayət qədər təsirli güc nü­mayişini görəcəksiniz”, – siyasətçi deyib.

Təhlilçilər bildiriblər ki, müttəfiqlər lazı­mi silahları Ukraynaya ötürdükdən sonra əks-hücum əməliyyatına başlanılacaq və səmərəli olacaq. Onların fikrincə, Rusiya­nın cavab vermək imkanları məhduddur. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Ko­mandanı Valeri Zalujnı da əks-hücum əməliyyatından danışıb. O bildirib: “Bizim geri qayıtmağımızın vaxtıdır”. 

Mayın 29-da isə Prezident Volodimir Zelenski Ukrayna qoşunlarının yerdəyiş­məsi ilə bağlı qərarın artıq qəbul edildiyi­ni bildirib. 

Dövlət başçısı ordunun silahla təmi­natının yaxşılaşdırılması istiqamətində də tədbirlər görüldüyünü deyib. Onun Britaniyanın “BAE Systems” müdafiə şirkətinin nümayəndələri ilə videogörüşü olub. Həmin şirkət “Challenger” tankları və M777 haubitsaları istehsal edir. 

“Biz Ukraynada “BAE Systems” ofi­sinin, daha sonra isə şirkətin məhsulları üçün təmir və istehsal müəssisələrinin açılması üzrə işə başlamaq barədə razı­lığa gəldik”, – deyə Zelenski əlavə edib.

Ukraynaya hərbi yardımın göstərilmə­si NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçiriləcək ikigünlük görüşündə də müzakirə ediləcək. “Politico” qəzetinin yazdığına görə, görüşdə hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində nə vəd edilə biləcəyi məsələsi də diqqətdə ola­caq. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu möv­zu müzakirə olunmadan keçirilməyib.

Qeyd edək ki, ABŞ və Qərbin hərbi yardımlarından əlavə, xeyriyyə fondla­rı da Ukrayna Silahlı Qüvvələrinə silah tədarük edir. Məsələn, “Favbet Founda­tion” xeyriyyə fondunun yardımı ilə Uk­rayna 120 hərbi maşın alıb. Xatırladaq ki, ümumilikdə, Favbet Fondunun yardımı ilə Ukrayna Silahlı Qüvvələri artıq 65-dən çox pilotsuz təyyarə və yüzlərlə yüksək texnologiyalı avadanlıq alıb. 

Ukrayna hərbçilərinin yaxın günlər­də əks-hücum əməliyyatına başlayacağı barədə xəbərlər isə Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən vilayətlərində nara­hatlıq yaradıb. Artıq Rusiyanın Belqorod vilayətinin Şebekino və Qrayvoronsk da­irələrindən 300 uşaq təxliyə edilib. Uşaq­lar Voronej vilayətinə aparılıb.

Rusiya tərəfinin narahatlığı isə ba­şadüşüləndi. Çünki Ukrayna ilə sərhəd­də yerləşən Belqorod vilayəti mütəmadi artilleriya zərbələrinə məruz qalır. Ötən gecə Şebekino şəhəri “Qrad” sistemlərin­dən yaylım atəşinə tutulub. Nəticədə, bir neçə yaşayış binasına, məktəbə və inzi­bati binaya ziyan dəyib.

P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya