“Heydər Əliyev ili” münasibətilə keçirilən silsilə tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Ağsu rayonunda da davam etdirilir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət evində keçirilən “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir daha böyük auditoriyanı əhatə edirdi. Tədbirdə RİH aparatının, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, müharibə iştirakçıları, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ağsu şəhərindəki Heydər parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzüldü və xatirəsinə dərin ehtiram bildirildi. Mədəniyyət evində təşkil olunan yığıncaqda Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
RİH başçısı Rövşən Bağırov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu öndər öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, ümummilli liderimizin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir. Bu gün güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.
Digər natiqlər ulu öndərlə bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Qeyd olundu ki, hamımız Heydər Əliyevin əsasını qoyduğu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə fəxr edirik.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri