Ümummilli liderin yubileyi Rusiyada da ehtiramla qeyd edilir

post-img

Ötən yazılarımızdan birində ulu öndər Heydər Əliyevin tanınmış şəxsiyyətlərimizin biri haqqında danışarkən dediyi fikirləri xatırlatmışdıq: “Xalq üçün, dövlət üçün, bəşəri dəyərlərin zənginləşdirilməsi üçün xidmət göstərmiş adamların xatirəsi ölkənin istənilən vəziyyətində əziz tutulmalı, ehtiramla yad edilməlidir”. İndi haqqında söz açmaq istədiyimiz faktlar ümummilli liderimizin həmin tezislərinin təsdiqi kimi qəbul edilə bilər. 
Çünki söhbət Rusiyadan, daha doğrusu, bu şimal qonşumuzun paytaxtında və əyalətlərində ulu öndərimizin yüz illik yubileyinin genişmiqyaslı tədbirlərlə qeyd olunmasından gedir. Rusiya Ukraynada gedən xüsusi hərbi əməliyyata görə beynəlxalq aləm tərəfindən çoxsaylı sanksiyalara məruz qalıb. Ölkə iqtisadiyyatında vəziyyət kifayət qədər qəlizləşib, hərbi məsələlərdə problemlərin olduğu heç kəsə sirr deyil və s. Belə bir vaxtda bu ölkədə başqa bir xalqın böyük şəxsiyyətinin 100 illik yubileyinə geniş hazırlıqlar görülməsi, çoxsaylı tədbirlər keçirilməsi, sözün həqiqi mənasında, qədrbilənlik nümunəsidir. Bu zaman rus xalqının və Rusiya dövlətinin Heydər Əliyev şəxsiyyətinə münasibətini qeyd etməklə yanaşı, ümummilli liderimizin Azərbaycan və rus xalqları qarşısındakı tarixi xidmətlərini də yada salmağa ehtiyac duyulur. 
Onu da əlavə etmək lazımdır ki, adı çəkilən yubiley tədbirləri paytaxt Moskva ilə yanaşı, Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən “Moskva –Tında” qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da keçirilib. Həm də bu məlumatları hansısa xəbər agentliyindən yox, birbaşa dövlət başçısı Vladimir Putinin dilindən eşitdik .
Bundan başqa, təxminən on gün əvvəl postsovet məkanının əksər mətbuat vasitələri yazırdılar ki, Moskvada Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul keçirilib və Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova həmin tədbirdə iştirak edib. Azərbaycan parlamentinin spikeri Rusiyada belə tədbirlərin keçirilməsini xalqımızın böyük liderinin xatirəsinə, bütün azərbaycanlılara səmimi hörmətin təzahürü kimi dəyərləndirib.
Əlavə edək ki, həmin tədbiri Heydər Əliyev Fondu Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması, Federasiya Şurası və TASS Agentliyi birlikdə təşkil etmişdilər. Elə Dövlət Dumasının sədr müavini Aleksey Qordeyevin tədbirdə çıxış edərək Heydər Əliyev dühasına region xalqlarının göstərdiyi ehtiramı yüksək qiymətləndirməsi də mühüm faktlardan idi.
Həmin gün Moskvada “Heydər Əliyev ili” münasibətilə başqa bir tədbir də keçirilmişdir. Belə ki, mayın 15-də TASS Agentliyinin Moskvadakı mənzil-qərargahının qarşısındakı meydanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdi. Mətbuat yazır ki, sərgidə görkəmli siyasi və dövlət xadiminin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş etdirilirdi. Məsələn, ümummilli liderin SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolar sərginin mühüm eksponatlarından idi. 
Bundan başqa Heydər Əliyev ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan –Rusiya münasibətlərini əks etdirən fotolar da sərginin maraqlı eksponatlarından idi. TASS Agentliyinin baş direktoru Sergey Mixaylov və agentliyin əməkdaşları Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs edib, onun Rusiya –Azərbaycan münasibətlərinin inkişafında oynadığı roldan, SSRİ rəhbərliyində təmsil olunduğu illərdə gördüyü böyük işlərdən danışıblar.
Prezident Vladimir Putinin Heydər Əliyevə münasibəti barədə çoxsaylı mətbuat vasitələrində müxtəlif yazılar verilmişdir. Ancaq bu sətirlərin sonunda həmin yazılardan birini, daha doğrusu, ən çox təkrar edilənini yada salmaq istəyirik. “Putin ömrü boyu bir dəfə – Heydər Əliyev qarşısında üzrxahlıq etmişdir”– sərlövhəsi ilə verilən həmin xəbərin məğzi belə idi ki, Rusiya Prezidenti dövlət başçısı seçiləndən sonra Azərbaycana ilk rəsmi səfəri zamanı Bakıdakı Şəhidlər xiyabanını və "Əbədi məşəl” Abidə Kompleksini ziyarət etməmişdi. Bu fakt Heydər Əliyevin nəzərindən qaçmamış, ulu öndər qonağın Bakı Slavyan Universitetində tələbə və müəllimlərlə görüşündə Rusiya Prezidentinin bu addımının çox yanlış siyasət, dövlət adamı üçün xəta olduğunu ustalıqla onun üzünə vurmuşdu. Bildirilir ki, bu kadrlar o vaxt Azərbaycanın rəsmi dövlət kanalı olan AzTV ilə də yayınlanmışdı. Ona görə də, Putin “Sizdən öyrənəcəyimiz hələ çox şeylər var” – deyərək, yanlış addımına görə, Heydər Əliyevdən üzrxahlıq etmiş və növbəti səfərində həm Şəhidlər xiyabanını ziyarət etmiş, həm də “Əbədi məşəl”in qarşısında əklil qoyaraq diz çökmüş və baş əymişdi.
... Rusiya Federasiyasında bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam etdirilir. 


İ.QAÇAYEV, 
“Xalq qəzeti”

Sosial həyat