Xıdırəlləz Anadolu və Balkanlarda, Orta Asiya və Yaxın Şərqdə yazda qeyd olunan bayramlardan biridir. Xızır günü kimi də tanınan bu bayramda mayın 5-dən 6-na keçən gecə arzu tutularaq od qalayır və üzərindən tullanırlar. İnanca görə məhz bu tarixdə, yəni mayın 5-i axşam saatlarında soyuqlar başa çatır və isti yay günləri başlayır.
Miladi təqvimlə mayın 6-na təsadüf edən Xıdırəlləz günü keçmişdə Yulian təqvimi ilə - 23 apreldə keçirilirdi. Bəzi tarixi mənbələrdə “Xıdır” sözünün “İlyas” sözündən əmələ gəldiyi və dini inanclara görə bu gözəgörünməz, müqəddəs şəxsin hər il mayın 6-da yerə enərək torpağı, suyu qoruması və insanlara yardım etməsi barədə müxtəlif məlumatlar yazılıb.
Ölkəmizdə isə bu bayram Xızır Nəbi adlanır və kiçik çillənin əvvəlində, yəni fevralın ilk ongünlüyündə və ya ikinci çillənin bitməsinə iki-beş gün qalmış keçirilir.
UNESCO 2017-ci ildə bu bayramı “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edib.
Xızırın, yəni yazın gəlişini qeyd edən insanlar həyatın təməli sayılan bu dörd ünsürü - su, od, hava və torpaq ünsürlərini məhz onun adı ilə bağlayırlar.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”