Səndə olan gözəlliyi az görmüşəm, yasəmən!

post-img

Tanınmış şair-publisist, “Kredo” qəzetinin redaktoru Əli Rza Xələfli dünən özünün “Facebook” səhifəsində Cəbrayıldan olan el müğənnisi, muğam ifaçısı Şamil Əhmədovun təzəcə yazdığı “Yasəmən” adlı gözəl bir şeirini paylaşıb. Mən oxuyub təsirləndim. Hörmətli oxucu, sizin də bu səmimi misralardan duyğulanacağınıza əminəm. 

Göy gurladı, külək əsdi,

Yağış yağdı, bu nə haldı?

Dünən qırmaq istədiyim

Yaraşıqlı budağını

Külək qırıb yerə saldı, yasəmən.

Yetmiş belə yaz görmüşəm,

Lap yetmiş min naz görmüşəm,

Səndə olan gözəlliyi 

Yetmiş ildə az görmüşəm,

yasəmən.

İki göz gərəkdi baxmağa,

Qoxlamağa, oxşamağa.

Mən qıymadım, Fələk qıydı..

Vallah, heç gəlmirdi əlim

Bir salxımını qırmağa, yasəmən.

P.S. Ə.R.Xələfli sonda yazır ki, şeir real duyğularla və təbii poetik axarla, ən başlıcası ruhən birbaşa, eyni məqamın təsiri ilə yazılıb. Ağrılı da olsa, deyim: bir şəhid obrazı gözlərimin önündə can­landı...

 

Təqdim etdi:
M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat