“Afərin, azərbaycanlılar!”

post-img

Ürəkdən gələn, hər bir idman pərəstişkarımızın dərhal üzündə təbəssüm yaradan bu iki kəlmədən ibarət başlıq 66 il əvvəl, 1957-ci ildə Sovet İttifaqında çox məşhur olub, əl-əl gəzən “Sovetski sport” qəzetində bütün səhifə boyu verilmişdi. Yazıda həmin il Moskvada keçirilən və Böyük Oktyabr sosialist inqilabının 40 illiyinə həsr edilən kişilərdən ibarət komandalar arasında SSRİ Kuboku uğrunda voleybol turnirinin qalibi olmuş Azərbaycan yığma komandasının parlaq oyunu və böyük nailiyyəti ilə hamını təəccübləndirməsi haqqında ətraflı söhbət açılmışdı. Tarixi zəfərin qəhrəmanlarından biri də Azərbaycan voleybolunun əfsanəsi rəhmətlik Oqtay Ağayev idi.

İdmanımızın artıq o uzaq illərdəki qələbələrinin şahidi olmuş yaşlı nəs­lin nümayəndələri və ya köhnə, stajlı azarkeşlər indi hərdən ötən günləri xa­tırlayarkən bir vaxtlar respublikamızın neçə-neçə mahir voleybol ustasının çıxışlarını görmələri haqqında ağızdo­lusu, fəxrlə danışırlar. Elə O.Ağayev də respublika Voleybol Federasiyasının 1997-ci ildə rus dilində nəşr etdirdiyi və özünün müəllifi olduğu “Birincilər sıra­sında” broşüründə voleybolumuzun fə­dakar oyunçularını razılıq hissi ilə yada salmışdır.

SSRİ yığma komandasının da şərəfini layiqincə qorumuş görkəmli vo­leybolçu, sonralar isə respublikamızın Əməkdar məşqçisi və Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbay­can Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında voleybol və tennis ka­fedrasının müdiri, respublika Voleybol Federasiyasının vitse-prezidenti, pro­fessor, “Şöhrət” ordenli Oqtay Ağayev­lə vəfatından bir neçə il əvvəl söhbət zamanı bildirmişdi ki, həmin illərin ko­mandası onun arzuladığı komanda idi.

Bəs həmin kollektivdə kimlər oyna­mış, 1957-ci ildə SSRİ Kubokunu Azər­baycana qazandırmış voleybolçular haqqında nə demək olar? Sualın cava­bını yuxarıda xatırlatdığımız “Birincilər sırasında” broşüründə axtaraq.

Başda O.Ağayevin özü olmaqla yarım əsrdən də çox əvvəl tarixi zəfə­ri bizə bəxş etmiş, sonralar da ölkə çempionatlarında, spartakiadalarda uğurları ilə Azərbaycan idmanının şöh­rətini artırmış o gənclər, idman ustaları voleybolumuzun indiki nəslinə yaxşı nümunədir. Onları minnətdarlıq hissi ilə xatırlamaq isə bizim mənəvi borcu­muzdur.

O.Ağayev müəllifi olduğu kitabda 1957-ci ildə SSRİ Kubokunu qazanmış komandanın oyunçularını bu ardıcıllıq­la xatırlamışdır – Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Gennadi Rudnov, Xəyyam Zülfüqarov, Həsən Ələkbərov, Tofiq Kazımov, Fazil Rzayev və komandanın məşqçisi İosif Kiblitski.

Bu voleybol ustaları qüvvələrinin çiçəkləndiyi vaxtlarda çox səmimi, mü­bariz, möhkəm iradəli, yüksək texnikalı kollektiv idi. Bir yazıda onların hamısı haqqında ürəyin istədiyi qədər danış­maq çətindir. Amma, hər halda, elə xatırlatdığımız kitabçada verilmiş ar­dıcıllıqla hərəsini heç olmasa bir neçə cümlə ilə yada salaq.

Beləliklə O.Ağayevin yazdıqların­dan:

...İdman ustası, Sovet İttifaqı Kubo­kunun sahibi, SSRİ xalqları spartakia­dasının, 1955-ci ildə Parisdə keçirilmiş dünya çempionatının mükafatçısı Ana­toli Makaqonov hələ ölkə yığma ko­mandası heyətində çıxış edərkən lider­lik keyfiyyətləri, yetkin məşqçi bacarığı nümayiş etdirmişdi.

...Heç də hər voleybolçu dörd il ər­zində güclü oyunçular sırasına daxil olub, idman ustası adı qazana bilmir. Bunun üçün seçdiyin idman növünü ürəkdən sevməlisən, yorulmadan tex­nikanı artırmalısan. Azərbaycan yığma komandasının ən ucaboy oyunçusu, təəssüf ki, idman şöhrətinin artdığı bir vaxtda avtomobil qəzasında həlak olmuş Gennadi Rudnov özünü məhz belə oyunçu kimi göstərmişdi. 

... Çox populyar “Komsomolskaya pravda” qəzeti yubiley turnirinin final oyunu haqqında hesabatında yazmışdı ki, Moskva və Azərbaycan komandala­rı arasında həlledici görüş maraqlı və gərgin mübarizə şəraitində davam etdi. Azərbaycan voleybolçuları müdafiədə səhvsiz, hücumda isə gözəl oynamaq­la əsl virtuoz oyun göstərirlər. İnanıl­maz reaksiyası, sol əllə güclü zərbələri ilə fərqlənən fədakar müdafiəçi Fazil Rzayevi xüsusi qeyd etmək istərdik.

Həqiqətən, F.Rzayev komandanın ürəyi idi və qəzetin hesabatında onun adının xüsusi qeyd olunması təsadüfi deyildi. 

...Azərbaycan komandasının əsas xüsusiyyəti kollektivin bütün üzvlərinin müdafiədə parlaq oyunu idi. Tamaşa­çılar akrobatik tullanışlarla “ölü” topları məharətlə geri qaytaran, elə də ucaboy olmayan X.Zülfüqarovu dəfələrlə “Əh­sən, Xəyyam!” nidası ilə alqışlamışlar. Sonralar o, 1960–1970-ci illərdə Konqo Xalq Respublikası və Çad Respublika­sı yığma komandalarının məşqçisi kimi fəaliyyət göstərdi.

... Yaşar Abbasov hələ Azərbayca­nın gənclərdən ibarət yığma komanda­sının kapitanı olarkən ölkə birinciliyinin qalibi adını qazanmışdı. Sonralar isə idman ustası, SSRİ Kubokunun sahibi, ölkə xalqları spartakiadasının müka­fatçısı oldu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldı, res­publikanın Əməkdar məşqçisi adına layiq görüldü.

...Həmin komandanın daha bir üzvü Roman Eydelman hələ 1946-cı ildə məşhur məşqçi İosif Kiblitskinin rəhbərliyi ilə voleybolla məşğul olma­ğa başlamış və tezliklə özünü peşəkar oyunçu kimi göstərərək Ümumittifaq və beynəlxalq yarışlarda Azərbaycanın şərəfini qorumuşdu. Həm hücumda, həm də müdafiədə eyni dərəcədə yük­sək səviyyədə oynayırdı.

Müəllif həmçinin idman ustası adı daşımış daha neçə-neçə məşhur vo­leybolçunu xatırlamış, Xalıq Ağayev, Səlim Ağayev, Vladlen Busalayev (həm də idman jurnalisti kimi tanınırdı, “Vışka” qəzetində şöbə müdiri idi, bir müddət də “İdman” – “Sport”da birgə çalışdıq – O.B.), Tofiq Kazımov, Eldar Qədəşov, Ramiz Hismətov, Həsən Ələkbərov (sonralar respublika Dövlət İdman Komitəsi sədrinin müavini kimi məsul vəzifədə çalışdı), məşqçilər Şa­mil Şamxalov, İvan Dyaçkovu da səmi­miyyətlə xatırlamışdır.

Yubiley kuboku sahiblərini nəsillərə nümunə ola biləcək qibtəediləcək qələ­bə əzmi, fədakar oyun və nəcib keyfiy­yətlər birləşdirirdi. Oqtay Ağayev bunu xüsusi qeyd etmişdi. 

 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sosial həyat