“Qarabağnamə” – həqiqətin bədii təsviri

post-img

Nizami Kino Mərkəzinə toplaşan ictimaiyyət nümayəndələri, mədəniyyətsevərlər dərin ictimai məzmuna malik, böyük vətənpərvərlik ruhu aşılayan “Qarabağnamə” tammetrajlı televiziya sənədli filminin təqdimatını həyəcanla gözləyirdilər. Əvəzolunmaz zəngin irsi ilə dünya mədəniyyətinə böyük töhfələr verən, 30 ildən çox işğal altında qalsa da, düşmənə təslim olmadığı üçün sinəsinə çalın-çarpaz dağlar çəkilən Qarabağımızla bağlı faktların kino dili ilə ifadəsi hamı üçün maraqlı idi. 

Təqdimat mərasimi Vətən uğrun­da canlarını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səs­ləndirilməsi ilə başladı. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva giriş nitqində tariximizin, 44 günlük Vətən müharibəsində qazan­dığımız böyük qələbə ovqatının əks olunduğu filmi uğurlu sənət əsəri kimi səciyyələndirdi. 

Xalq rəssamı Arif Hüseynov qeyd etdi ki, filmdə əsas hədəf erməni vəhşi­liklərini bütün dünyaya vizual formada çatdırmaqdır: “Əsərlərin hər biri üzərin­də iki dildə yazılmış kiçik mətnlər vardır ki, bu dəhşətli hadisələr haqqında mü­hüm informasiya əhəmiyyəti daşıyır”.

Rejissor Elnurə Kazımova, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar jurnalist Etibar Babayev və digərləri çıxış edərək “Qarabağnamə” filmi­nin təbliği əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, filmin bir önəmi də xalqımızın tarixi, zəngin və mədəni ir­sini təbliğ etməsidir. 

Sonra film nümayiş etdirildi. Elnurə Kazımovanın rejissorluğu ilə Xalq rəs­samı Arif Hüseynovun “Qarabağnamə” adlı silsilə əsərlərinin və “Qarabağ­namə-tarixin səhifələri” kitabının motiv­ləri əsasında çəkilən ekran əsəri ma­raqla izləndi.

Rəssamın qravüra texnikasında ərsəyə gətirdiyi qrafik lövhələrə nəzər saldıqca, elə bil, doğma Qarabağa səyahətə çıxırsan. “Qarabağnamə-ta­rixin səhifələri”nin əsas simvolu kimi ilk olaraq Qarabağın açarı – Xarıbülbülün təsviri isə qəlbləri riqqətə gətirir. Dini abidələrimiz, zəngin incəsənət rəmzlə­ri, zəfərimiz yüksək yaradıcılıq, böyük sevgi ilə təqdim edilir.

Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbədən ruhlanan rəssam tarixi zəfərə həsr olunmuş sil­silə plakatlar yaradıb. “Biz qalibik” pla­katındakı təsvirlərdə Ali Baş Komanda­nın dəmir yumruğunun əksi ölkəmizin, xalqımızın dinc və xoşbəxt həyatının qarantı olduğu bir daha nümayiş etdirir.

Orijinal kompozisiyaya malik ekran əsərinə tamaşa etdikcə bu torpağın keçmişindən, zəngin tarixindən qürur hissi keçirdik, işğaldan azad edildikdən sonra işıqlı gələcəyinin təsviri məm­nunluq yaratdı.

 

Fidan HÜQUQQIZI,
Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat