Vətənimiz olan o torpağa mütləq qayıdacağıq!

post-img

Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

(Prezident İlham Əliyevin martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışından.)

Hayastan hazırda Laçın–Xankəndi yolunun, guya, blokadada olması barədə bütün dünyaya car çəkir, Qarabağ iqtisadi rayonunda yaşayan etnik hayların “humanitar böhran”la üzləşdiyini bildirir, dünya dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə sanksiya tətbiq etməsinə nail olmağa çalışır. Rəsmi İrəvan iddia edir ki, Azərbaycan bununla, guya, Qarabağdan erməni əhalinin baş götürüb getməsinə nail olmaq istəyir. Biz azərbaycanlılar bunun ağ yalan olduğunu bilirik, necə deyərlər, hayların dabbağda gönünə bələdik. Rəsmi Bakı ekofəalların etiraz aksiyasının başladığı ilk gündən bəyan edib ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər üçün yol daim açıqdır. Dekabrın 12-dən indiyədək bu yoldan 4 minə yaxın nəqliyyat vasitəsi keçib.

Biz hayların özlərinin bu üsuldan 1988-89-cu illərdə tarixi Azərbaycan tor­pağı, indiki Ermənistan ərazisində yaşa­yan soydaşlarımıza münasibətdə istifadə etdiklərini unutmamışıq. 1988-ci ilin əv­vəlindən başlayaraq, Qərbi Azərbaycan­dakı soydaşlarımız iş yerlərinə, uşaqlar məktəbə buraxılmır, dükan-bazarda on­lara ərzaq malları satılmır, işığı, telefonu, suyu, qazı kəsilir, yaşayışı dözülməz hala gətirilirdi. Əslində, bu, real psixoloji terror idi. Amma tez-tez fiziki terror da baş verir­di. Hazırkı Qərbi Azərbaycan İcmasının hüquqi varisi olan Azərbaycan Qaçqınlar Cəmiyyyətində 1990-cı ildə tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illərdə Ermənistanda 216 azərbaycanlı vəhşicə­sinə qətlə yetirilib və ya millətlərarası mü­naqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olub.

***

Azərbaycanın Vətən müharibəsin­də qazandığı Qələbə təkcə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunma­sı, dağıdılmış şəhər və kəndlərimizin bər­pası demək deyil, həm də Ermənistandan qovulan soydaşlarımızın doğma yurd-yu­vasına dönməsinə gətirib çıxarmalıdır. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi çoxdan gündəmdədir. Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi zəfərdən daha da ruhlanıblar. Onla­rın qayıdış arzusu indi əvvəlkindən qat-qat güclüdür. Onlar 2022-ci ilin avqustun 3-də təşkilatlanaraq, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Qaçqınlar Cəmiyyəti­nin bazasında Qərbi Azərbaycan İcması­nı yaradıblar. Dekabrın 24-də Prezident İlham Əliyev icmanın üzvləri ilə görüşdə, faktiki olaraq, Qərbi Azərbaycan mövzu­sunu xalqımızın yeni strateji hədəfi kimi müəyyən edib. İcma bu yaxınlarda Qər­bi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlayıb. Soydaşlarımız sülh yolu ilə dədə-baba torpaqlarına geri dönmək, dinc yanaşı yaşamaq istəyirlər. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır. İcma həm də hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistanın öhdəliyi kimi, Azərbaycan–Ermənistan sülh müqaviləsində də təsbit olunmalıdır.

***

Rəsmi Bakı son vaxtlar israr və əzm­lə Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq müstəvidə qaldırmaqdadır. Prezident İlham Əliyevin martın 16-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçı­larının Fövqəladə Zirvə görüşündəki çıxı­şından epiqraf kimi istifadə etdiyimiz fikir­lər də bunun əyani nümunəsidir. Cənab İlham Əliyev bildirib ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir və tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycan­dan alınıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olub. 1991-ci ilə qədər bütün azər­baycanlılar indiki Ermənistan ərazisindən zorla qovulublar. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azər­baycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıdıb. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mə­dəni irsinin monitorinq edilməsi məqsə­dilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət edib və UNESCO-dan müsbət cavab gözləyir.

Prezident İlham Əliyev qeyd edib ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər: 

“Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deporta­siya olunmuş azərbaycanlıların öz yurd­larına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razı­laşma əldə edilməlidir”.

***

Azərbaycan Prezidentinin sammitdə­ki çıxışı Hayastan hakimiyyətinin yuxusu­nun ərşə çəkilməsinə səbəb olub. Təca­vüzkar ölkənin xarici siyasət idarəsi gecə ikən dövlət başçımızın fikirləri ilə bağlı açıqlama yayıb. Qərbi Azərbaycan ifadə­sinin Azərbaycanın Hayastana ərazi iddi­alarının təzahürü adlandırıldığı bu bəya­nat mahiyyətcə əvvəlkilərdən heç nə ilə fərqlənməyən növbəti kağız parçasıdır.

Öz növbəsində Qərbi Azərbaycan İcması Ermənistan XİN-in qərəzli bəya­natına münasibət bildirib. İcma qeyd edib ki, rəsmi İrəvan Azərbaycan Prezidenti­nin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi bəyanatını yanlış məzmunda təq­dim etməyə cəhd edərək, Qərbi azərbay­canlıların sülh yolu ilə, ləyaqətli və təh­lükəsiz şəkildə qayıdış hüququna xələl gətirməyə cəhd edib: “İlk növbədə Qərbi Azərbaycandan qovulmuş azərbaycan­lıların sülh yolu ilə qayıdışına verdiyi siyasi dəstəyə və bu məsələni mötəbər beynəlxalq formatların tribunasından çat­dırmasına görə Prezident İlham Əliyevə təşəkkür edirik.

Ermənistan hökumətinin etiraz etdi­yi Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, həmin bölgədə yaxın ta­rixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alın­mış toponimlərin və hidronimlərin 95 faizdən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlət­məyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar et­nik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədil­miş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.

Öz evimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz”.

Beləliklə, döyüş meydanında olduğu kimi, diplomatik cəbhədə də uğursuzluğa düçar olan Hayastan okeanda fırtınaya düşmüş gəmini xatırladır. Onun lövbər salacağı, ya da saya oturacağı yaxın vaxtlarda bilinəcək.

Qafar ÇAXMAQLI, 

Türkiyənin Ərciyəz Universi­tetinin ermənişünaslıq şöbəsinin rəhbəri:

– Təkcə 1988-89-cu illərdə deyil, Ermənistan dövlətinin mövcud ol­duğu yüz ildən artıq müddətdə, hələ ondan əvvəl də buradakı azərbay­canlılar təzyiq və təqiblərə məruz qalıblar. Nəticədə, öz ata-baba yurd­larını tərk ediblər. İndiki Ermənistan ərazisi vaxtilə Azərbaycan türkləri­nin sıx məskunlaşdıqları ərazi olub. Ayrı-ayrı dövrlərdə qovulan, çıxdaş edilən əhalinin sayına, onların köç etdikləri ərazilərdə məskunlaşma xə­ritəsinə baxsaq, bu həqiqət açıq gö­rünər. Təkcə 1918-ci ildə Ermənistan dövləti elan olunandan sonra Zəngə­zuru, Göyçəni və İrəvanı yüz mindən çox insan tərk edib. Deportasiyalar sonrakı dövrdə də davam edib. Bunu biz demirik, tarixi faktlar deyir. 1988-89-cu illərdə qovulan əhalinin sayının 300 minə yaxın olduğu deyilir. Mən­cə, bu rəqəm də səhih deyil, real say daha çoxdur. Qərbi Azərbaycanın əsl sahibləri azərbaycanlılardır. Haylar orada əsrlər boyu yaşaya bilməzlər, o torpaqların sahibləri var və onlar tarixi Vətəni unutmayıblar. Artıq Vətənə qa­yıtmağın məqamı yetişib.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

88.jpg

Sosial həyat