İrəvan “eks”lərin də ətəyini buraxmır

post-img

Siyasi nöqteyi-nəzərdən etibarsız, imzasına və sözünə sahib çıxmağı bacarmayan, Qərbdə və Şərqdə qapısını döydüyü “tərəfdaşlarından” arzuladığı dəstəyi görməyən rəsmi İrəvan indi də sabiq yetkililərin xidmətindən yararlanmaq qərarına gəlib. Həm də bu dəfə onların pullu xidmətindən istifadə etmək niyyətindədir.

Rəsmi dəvətlə İrəvana təşrif bu­yuran NATO-nun sabiq baş katibi, “Rasmussen Global” siyasi konsaltinq təşkilatının təsisçisi Anders Foq Ras­mussen Ermənistanda olduğu iki gün ərzində bu ölkənin hərbi-siyasi rəhbər­liyinə məsləhətlər verməklə, hayların başbilənlərinin başlarına ağıl qoymaq­la məşğul olub. Və bu zaman “siyasi ekspert” Rasmussen müştərilərinə tək­cə daxili məsələlərlə bağlı deyil, həm də bölgədəki mövcud durum barədə “ustad dərsləri” keçib. Dinləyicilərin­dən biri, Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündən sonra Cermukda mətbuat konfransı keçirən Rasmussen deyib ki, o, bura rəsmi dəvətlə gəlib və məqsədi “Ermənistan hökumətinə Qərb və Avropa İttifaqı ilə əlaqələri gücləndirməkdə kömək” et­məkdir. 

***

Mətbuat konfransında “Azərbayca­nın təcavüzünün nəticələrini öz gözləri ilə görmək üçün” cənub rayonlarına səfər etdiyini açıqlayan hərbi alyansın sabiq komandanı “mən gözəl Cermuk­da oldum və mer mənə azərbaycanlı­ların hücumlarının şəhərin turizminə necə mənfi təsir göstərdiyini söylədi”, - deyə bildirib. 

Məhz Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistana ayağı açılan əski NATO-çunun Azərbaycan­la bağlı belə təxribatçı açıqlamaları başında durduğu “Rasmussen Global” siyasi konsaltinqin pulqazanma takti­kasıdır. Xankəndi-Laçın yolunun hu­manitar məqsədlər üçün gecə-gündüz açıq olduğunu bilə-bilə “bu yolun dər­hal və şərtsiz açılmasını” Azərbaycan hökumətindən tələb edən Rasmussen, deyəsən, keçmiş siyasi statusundan şəxsi biznesinin çiçəklənməsi üçün is­tifadə etməyə çalışır.

ARAYIŞ: 2009-2014-cü illərdə NA­TO-nun baş katibi postunda çalışan Anders Foq Rasmussenin bu, Ermə­nistana ilk səfəri deyil. O, 2012-ci ilin sentyabrında İrəvanda olub. Ser Ras­mussen hələ hərbi blokun patronu postunda ikən erməni diasporu ilə sıx əlaqələrə malik olması heç kəsə sirr deyildi... 

İndi lektora çevrilmiş sabiq koman­dan Rasmussen İrəvan istebleşmenti üçün təşkil etdiyi “siyasi hazırlıq kurs­ları”nda mövzudan daha irəli gedərək, Hayastanın Qarabağa BMT-nin man­datına malik yeni sülhməramlı missiya­sının yerləşdirilməsi ilə bağlı niyyətinə ekspert kimi münasibət bildirib: “Tərəf­lərin boynuna götürdüyü öhdəliklərin icrasına nəzarəti həyata keçirəcək beynəlxalq sülhməramlı hərbi kontin­gent üçün zəruri mexanizm yaradılma­lıdır. Amma Rusiyanın iştirakı olmadan bu mandatı əldə etmək çətindir. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna malik­dir”. 

***

Sıravi siyasətçiyə də aydındır ki, NATO-nun əski baş katibinin və onun arxasındakı qüvvələrin əsas məqsədi bölgədə Qərbin iştirakını təmin edəcək layihələri yeritmək, Rusiyanın bu coğ­rafiyada nüfuzunu heçə enənə qədər zəiflətməkdir. Əgər belə deyilsə, Qa­rabağ münaqişəsinə, sülh danışıqları üzrə ikitərəli, üçtərəfli dialoqa qəti dəxli və heç bir beynəlxalq statusu olmayan “Rasmussen Global”ın İrəvanda nə işi var? Elə mətbuat konfransında çıxışı zamanı Rasmussenin rəsmi İrəvana Kremldən uzaqlaşmaq, yeni “dost­lar”ını (Qərbli –red.) bölgəyə gətirmək ruhunda müraciətləri də təsadüf sayıl­mamalıdır.

Amma daha gecdir. Bu gün belə alt­məqsədli meyillərin qarşısında özünün müstəqil və suveren siyasətini yeridən, bölgənin böyük güclərin siyasi-coğra­fi mübaizə meydanına çevrilməsinə mane olan, milli maraqlarını hər şey­dən uca tutan Azərbaycan var. 44 günə tarixi ədaləti bərpa edən Bakı doğma Qarabağımızla bağlı bütün yad çağırış­ları da dəf edəcək. 

Bu səfəri, təbii olaraq, özünün biznes layihəsi, pul qazanmaq trendi sayan Rasmussen, yəqin İrəvandan məmnun yola salınıb. Bunu onun Er­mənistanın cırılmış bayrağının altın­da fotoqrafa poza verərkən üzündən aşkar sezilən hay konyakının təsirinin sərməst işartılarından sezmək müm­kündür... 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

88-88.jpg

Siyasət