Azərbaycan kinosunun 125 yaşlı tarixinin səhifələrini vərəqləyərkən, burada yüzlərlə film və bu filmlərin yaradıcıları, eyni zamanda iştirakçısı və şahid olduğum çoxlu hadisələr gözlərim önündən gəlib keçir.
2000-ci il dekabrın 18-də indiki Heydər Əliyev Sarayında keçirilən IV Beynəlxalq “Şərq-Qərb” Bakı kinofestivalının açılışı Azərbaycan kinosunun 100 illiyinə həsr olunmuşdu. Bu yubiley mərasimi kino işçilərinin həyatında ən əlamətdar və unudulmaz hadisəyə çevrildi. Həmin axşam ölkəmizin mədəni inkişafı sahəsində kinematoqrafçıların xidmətləri və Bakıda çəkilmiş kinosujetlərin 1898-ci il avqustun 2-də ilk seansın həyata keçirildiyini nəzərə alaraq həmin tarixin Azərbaycan kinosu günü elan edilməsi, 40-dan artıq kino işçisinə fəxri adların verilməsi haqqında Prezident Heydər Əliyevin imzaladığı sərəncam oxundu. Beləliklə, yeni tarix ikinci dəfə öz təsdiqini tapdı.
İkinci dəfə ona görə deyirəm ki, sovet dövründə bütün milli respublikalarda sovet kinosu günü kinematoqrafiya sahəsində uzun illər əsas bayram kimi qeyd olunurdu. Yəni 1919-cu il avqustun 27-də sovet hökumətinin başçısı V. Lenin tərəfindən imzalanmış XKC-nin Dekreti ilə RSFSR-in bütün fotoqrafiya və kinematoqrafiya ticarəti və sənayesi milliləşdirilərək maarifçilik üzrə xalq komissarlığının ixtiyarına keçmişdi. Bu əsasən, sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hər il avqustun 27-də sovet kinosu, həm də milli kino günü kimi bayram edilirdi. Halbuki Bakıda çəkilmiş ilk tammetrajlı bədii film–ikiseriyalı “Neft və milyonlar səltənətində” 1916-cı ildə ekranlarda nümayiş edilmişdir. “Arşın mal alan” kinokomediyası isə 1916-cı ildə istehsal olunmuşdur. Bundan başqa, bir neçə qısametrajlı bədii film yaradılmışdır... Buna baxmayaraq, ilk filmin nə 25, nə də 50 illik yubileyləri respublikamızda keçirilməmişdir.
Mən Heydər Əliyev Sarayında keçirilən bu bənzərsiz mənzərəni– “Şərq-Qərb” festivalının açılışını seyr edərkən özümdən asılı olmayaraq xəyalən 70-ci illərə qayıdır, bu möhtəşəm sarayda keçirilən Azərbaycan kinosunun 60 illik (köhnə tarixlə–A. K.) yubileyini xatırlayırdım...
1976-cı ilin mart ayı idi. “Neft və milyonlar səltənətində” bədii filminin ekranlara çıxarılmasının 60 illiyinə cəmi iki ay qalırdı. Yubileylə bağlı Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun otağında iclas keçirildi. İclasda kinostudiyanın direktoru C.Əlibəyov, Kinematoqraflar İttifaqının sədri H. Seyidbəyli, Azərbaycan EA kino şöbəsinin əməkdaşı H. Sadixov və bu sətirlərin müəllifi iştirak edirdi. M. Qurbanov məsələdən hali olan kimi təklifimizi bəyəndi və elə bizim yanımızda Moskvaya, SSRİ Dövlətkinonun sədrinə zəng vurdu. Burada qaldırılan məsələ ilə bağlı ona məlumat verdi. Cavabında nə eşitdisə, Məmməd müəllim bərk tutuldu, “sağ ol” deyib dəstəyi yerə qoydu. Həsən müəllim sədrin qanının qaraldığını görüb səbəbini soruşdu. Sədr təmkinlə cavab verdi: “Qəribədir, mən tədbir haqqında etika xatirinə məlumat verirəm, o isə istehza ilə məndən soruşur ki, məgər Azərbaycan kinosunun tarixi Rusiya kinosundan böyükdür?” Sonra sədr inam və qətiyyətlə dedi: “Ümid qaldı dövlətimizin başçısına. Əminəm ki, Heydər Əliyev təşəbbüsümüzü bəyənəcək. Onun mədəniyyətimizə, incəsənət xadimlərinə göstərdiyi qayğı gözümüzün qabağındadır”.
Yubileyin keçirilməsi ilə bağlı Mərkəzi Komitəyə göndərilən məktub milli kinomuzun yubileyinin keçirilməsi üzrə görüləcək böyük işlərin əsasını qoydu. Kino Komitəsinin sədri ilə söhbətimizdən bir neçə ay keçmişdi ki, o, bizi yenidən yanına çağırıb dedi: “Sizə şad xəbər vermək istəyirəm. Biz milli kinomuzun 60 illik yubileyini dövlət səviyyəsində, Heydər Əliyevin iştirakı ilə keçirəcəyik.
Azərbaycan kinosunun 60 illik yubileyinin keçirildiyi gün bütün bu kino bayramı tədbirlərinin apofeozu oldu. Kino bayramına Moskva və Leninqraddan, müttəfiq respublikalardan çoxlu qonaqlar dəvət olunmuşdu. Rəsmi hissədən sonra, tənəffüs vaxtı Moskvadan gəlmiş tanınmış kinematoqrafçıların nümayəndələri ilə Sarayın foyesində bizim hazırladığımız sərgiyə baxıb söhbət edərkən qonaqlardan biri heyranlığını gizləyə bilməyib, M. Qurbanova dedi: “Hə, bugünkü yubiley mərasimi iştirakçıların xatirindən uzun zaman silinməyəcəkdir. Əlbəttə, Heydər Əliyev kimi dövlət başçısı olan respublikada sənətin də, sənətkarın da qədr-qiyməti biloinər”.
Məmməd müəllim cavabında dedi: “Tamamilə doğrudur, dövlətimizin başçısı bizimlə görüşü zamanı kinomuzun tarixi ilə bağlı tədqiqat işlərini davam etdirməyi biz kino işçiləri, bu sahədə çalışan alimlərimiz, mütəxəssislər qarşısında bir vəzifə kimi qoydu. Onu da dedi ki, bir vaxt gələcək, Azərbaycan kinosunun yaranma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılacaq”.
...İndi həmin tarixi hadisədən neçə onillər keçib. Buna baxmayaraq ümummilli lider Heydər Əliyevin xeyir-duası və rəhbərliyi altında keçirilmiş milli kinomuzun 60 illik yubileyini Azərbaycan kino işçiləri bu gün də xoş təəssüratlarla xatırlayırlar.
Nəhayət, 1998-ci il mayın 2-də Azərbaycan kinematoqrafının 100 illiyinə və “Festivallar festivalı”nın açılışına həsr olunmuş təntənəli gecədən sonra ulu öndər mərasim iştirakçıları qarşısında çıxış edərkən dedi: “Bu gün biz bir kəşf etdik. Bu, həm Rüstəm İbrahimbəyov üçündür, həm də onun həmkarları üçün, göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur...Bu, birincisi, Sizin bunu bilməməyiniz pisdir. Elə biz də 1916-cı ili başlanğıc ili hesab edirdik...Lakin Azərbaycan kinosunun stajını,– əgər belə demək olarsa, – on il, yaxud neçə il artırmaq ümumən heç də sadə bir məsələ deyildir. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı olmuşdur, dünyada kino meydana çıxan kimi, o Azərbaycanda da peyda olmuşdur. Axı, az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın. Buna görə də bugünkü festival hiss etdiyimiz bütün xoş, yaxşı hallarla yanaşı, məsələn, mənim üçün məhz bu kəşf ilə dəyərə malikdir–onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə”.
Milli kinomuzun təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin kino işçiləri ilə görüşündə vaxtilə dediyi sözlər bugünkü kimi yadımdadır: “Kino yaşayacaq, daha da inkişaf edəcəkdir. Siz kino sənəti adamları da hələ çox işlər görəcəksiniz. Elə düşünürəm ki, xalq sizdən çox şey gözləyir. Mən də”.
Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı

