Azərbaycanda hərbi qüvvələrin, o cümlədən Daxili Qoşunların yaranması günləri ölkəmiz üçün mürəkkəb, faciəli bir dövrə təsadüf edir. 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə, o zamankı DQMV-ni özünə birləşdirmək uğrunda ümummilli hərəkata başlamış, niyyətinə çatmaq üçün genişmiqyaslı mitinqlərə, nümayişlərə rəvac vermiş, silaha əl atmışdı.
Martın 12-si ölkəmizdə Daxili İşlər Nazirliyinin tabeliyindəki Daxili Qoşunların yaranması günü kimi qeyd edilir.
Daxili Qoşunların formalaşması tarixi 1991-ci ilin dekabrından başlanır. Həmin vaxt keçmiş SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıdakı 5-ci diviziyasının bazasında Azərbaycanın 2500 nəfərlik şəxsi heyətə malik Daxili Qoşunları yaradılıb və ölkəmizin Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt və Gəncədəki hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə yollanıb. 1995-ci il martın 9-da Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları 12 mart Daxili Qoşunlar Günü elan olunub.
Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də Milli Ordumuzla bərabər Vətənin ərazi bütövlüyü uğrunda böyük qəhrəmanlıq nümunələri göstəriblər. Daxili Qoşunlar döyüş əməliyyatlarında 680 şəhid verib, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (səkkizi ölümündən sonra) fəxri adına layiq görülüb.
Azərbaycan Prezidenti Heydər Əliyev həm Silahlı Qüvvələrimizin, həm də Daxili Qoşunların möhkəmləndirilməsi üçün mühüm işlər görüb. Qoşunların formalaşmasında və operativ qüvvələr kimi fəaliyyətində ümummilli liderimizin misilsiz tarixi xidmətləri olub.
2003-cü ildə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyə başlaması ilə ölkəmizin müdafiə qüvvələrinin daha da möhkəmlənməsində, eləcə də Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərib.
2020-ci ilin payızında 44 günlük müharibədə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi də məhz ordumuza, eləcə də Daxili Qoşunlara göstərilən böyük qayğı və diqqət sayəsində mümkün olub. İşğalçılara qarşı döyüşlərdə Azərbaycan ordusunun əsgərləri ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də böyük qəhrəmanlıqlar göstərib. İkinci Qarabağ müharibəsində böyük Qələbənin əldə olunmasında Daxili Qoşunların şəksiz xidməti olub. Qanlı savaşda onların sırasından 66 hərbçi şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. Qoşunların dörd əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin peşə bayramı günlərində Daxili Qoşunlara baş çəkməsi, yeni inşa olunan hərbi hissələrinin açılışlarında iştirakı da dövlətimizin başçısının bu qoşun növünün maddi-texniki bazasının və hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

