Postmüstəmləkə gərginliyi yeni mərhələdə
Fransa ilə Əlcəzair arasında hazırkı münasibətlər kəskin şəkildə gərgindir və diplomatik qovulmalar nəticəsində ən aşağı səviyyədədir. 2025-ci ilin aprelində Əlcəzair Fransada bir konsulluq əməkdaşının həbsinə cavab olaraq, bu ölkənin 12 diplomatını ölkədən çıxardı. Buna qarşılıq olaraq Fransa da 12 əlcəzairli diplomatı deportasiya etdi və səfirini geri çağırdı. Gərginlik may ayında daha da artdı: Əlcəzair Fransanın daha 15 diplomatını ölkədən qovdu, Fransa eyni addımla cavab verdi. Bununla kifayətlənməyən Paris Əlcəzair rəsmiləri üçün viza azadlığını ləğv etdi. Mayın 22-də Əlcəzair də Fransa diplomatlarına viza azadlığını dayandırdı.
Hazırkı vəziyyəti və böhranın inkişaf dinamikasını nəzərə alaraq, Fransa–Əlcəzair münasibətlərinin gərginləşməsi yalnız ikitərəfli problem deyil, həm də strateji və sistemli xarakter daşıyır. Bu böhran, həm dərin tarixi–müstəmləkə mirası, həm də çağdaş geosiyasi və iqtisadi maraqlar fonunda baş verir. Vizaların ləğvi isə münasibətlərdəki etimadsızlığın artdığını və diplomatik əlaqələrin minimum səviyyəyə endiyini açıq şəkildə göstərir. Bu, yalnız diplomatik missiyalara deyil, ümumilikdə iki ölkə arasındakı iqtisadi, mədəni və təhlükəsizlik əməkdaşlığına da ciddi zərbə vurur.
Diplomatik savaşın səbəbi?
2024-cü ilin aprelində Fransa ictimai fəal Amin Boukhorsun qaçırılması ittihamı ilə, aralarında bir konsulluq əməkdaşı da olmaqla, üç əlcəzairlini həbs etdi. Əlcəzair bu addımı suveren hüquqlarına qarşı kobud müdaxilə kimi qiymətləndirdi və sərt reaksiya verdi. Eyni zamanda, Əlcəzair Fransanı yeni diplomatların təyinatı prosedurlarını pozmaqda günahlandırdı ki, bu da əlavə gərginlik yaratdı. Fransa isə Əlcəzairin etirazlarına məhəl qoymadı və Mərakeşin Qərbi Səhraya dair muxtariyyət planını açıq şəkildə dəstəkləyərək Əlcəzairin əsas geosiyasi narahatlıqlarından birinə qarşı çıxdı.
Ümumilikdə, Fransa–Əlcəzair münasibətlərinin təməlində 132 illik müstəmləkəçilik dövrü və 1962-ci ildə başa çatan müstəqillik müharibəsinin ağır mirası dayanır. Əlcəzair cəmiyyətində və siyasi dairələrində Fransaya qarşı uzunmüddətli etimadsızlıq və antikolonial yaddaş hələ də canlıdır. Fransa isə postmüstəmləkə münasibətlərini əsasən təhlükəsizlik və siyasi maraqlar prizmasından idarə etməyə çalışır, tarixi və humanitar məsuliyyətləri isə daha çox simvolik jestlərlə məhdudlaşdırır.
Əlcəzair Sahel bölgəsində təsir gücünə malik olmaqla yanaşı, Avropa üçün vacib enerji tədarükçüsüdür. Fransa isə Saheldə artan nüfuz itkisilə üz-üzədir və Əlcəzair kimi əsas aktorla əlaqələrin kəsilməsi Parisin regional strategiyasına ciddi zərbə vura bilər.
Mövcud böhran yalnız ikitərəfli insident kimi qiymətləndirilə bilməz. Bu, əslində, postmüstəmləkə münasibətlər sisteminin sarsıldığını göstərən bir simptomdur. Əgər tərəflər bu böhranı dönüş nöqtəsi kimi dəyərləndirib münasibətləri yenidən, qarşılıqlı hörmət və bərabərlik əsasında qurmasalar, Fransa Şimali Afrikada nüfuzunu tamamilə itirəcək, Əlcəzair isə Qərb ilə münasibətlərdə daha sərt xətti seçəcək. Bu isə region üçün sabitlik, Avropa üçün isə enerji və təhlükəsizlik riskləri deməkdir.
Məğrib regionu – Əlcəzair, Mərakeş, Tunis və Liviya – artıq siyasi və təhlükəsizlik baxımından həssas durumdadır. Fransa–Əlcəzair böhranı digər regional münaqişələrin həllinə də mənfi təsir göstərə bilər. Bundan əlavə, Əlcəzair xüsusilə İtaliya və İspaniya üçün vacib qaz tədarükçüsüdür. Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyində bu ölkənin rolu daha da önəm qazanmışdır. Münasibətlərin pozulması isə Avropanın enerji təchizatında yeni qeyri-müəyyənliklər yarada bilər.
Fransa müstəmləkə keçmişinin kölgəsindən çıxmaq və Əlcəzair ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq üçün konkret, davamlı və etibarlı addımlar atmalıdır. Bu addımlar həm postmüstəmləkə travmasını aşmaq, həm də gələcəyə yönəlik sağlam əməkdaşlıq modeli qurmaq üçün zəruridir. Əks təqdirdə, bu böhranın nəticələri təkcə iki ölkə üçün deyil, bütün region və Avropa üçün ciddi strateji risklər doğuracaq. Çünki postmüstəmləkə dövründəki beynəlxalq münasibətlərin necə inkişaf edəcəyinə dair daha böyük bir sualın tərkib hissəsidir.
S.ELAY
XQ