Bu gün Azərbaycanın üzərinə götürdüyü missiya, sadəcə olaraq, regional deyil, həm də qlobal əhəmiyyət daşıyır. İqtisadi və siyasi transformasiya, beynəlxalq hüquqa hörmət, diplomatik təşəbbüskarlıq və tarixi təcrübənin verdiyi empatiya Azərbaycanı Qlobal Şimal və Qlobal Cənub arasında bərabərlik və dialoq körpüsünün aparıcı memarlarından birinə çevirir. Bu körpünün qurulması isə Azərbaycanın və bütün beynəlxalq ictimaiyyətin daha ədalətli, davamlı və sülhsevər bir gələcəyinin təminatı üçün həyati əhəmiyyət daşıyır.
Bərabərsizliklər və etimadsızlığın kökü
Son illər beynəlxalq münasibətlər sistemində qlobal parçalanmaların və qeyri-bərabər inkişaf tendensiyalarının daha da kəskinləşdiyi bir dövrdə Azərbaycan öz fəal diplomatiyası ilə yeni bir missiyanı üzərinə götürməkdədir: Qlobal Şimal və Qlobal Cənub arasında etimadın və dialoqun qurulması.
Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransına ünvanladığı müraciət bu istiqamətdə açıq və prinsipial bir siyasi mövqeyi ortaya qoydu. Prezidentin sözləri ilə desək, "ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır." Məhz bu etimadsızlıq beynəlxalq sistemdə daha inklüziv və ədalətli bir düzənin qurulmasına qarşı ən ciddi əngəl olaraq qalır.
Qlobal Şimal və Qlobal Cənub anlayışları coğrafi bölgüləri təsvir edən terminlər deyil; onlar dünyadakı iqtisadi gücün, siyasi nüfuzun və sosial rifahın kəskin şəkildə bölündüyü bir beynəlxalq reallığı ifadə edir və dünya düzənindəki struktur qeyri-bərabərlikləri və tarixi ədalətsizlikləri simvolizə edir.
Tarixən Qlobal Şimal ölkələri – ABŞ, Qərbi Avropa dövlətləri, Kanada, Yaponiya və sonradan inkişaf etmiş bəzi digər ölkələr – sənaye inqilabından başlayaraq texnoloji innovasiya, iqtisadi kapital yığımı və siyasi-hərbi güc sahəsində üstünlük əldə etmişlər. Onlar qlobal ticarət şəbəkələrini qurmuş, beynəlxalq hüququ və institutları öz maraqlarına uyğun şəkildə formalaşdırmış, resursların və zənginliyin böyük hissəsini öz əllərində cəmləmişlər.
Əksinə, Qlobal Cənub adlandırılan Afrika, Latın Amerikası, Asiya və Sakit okean ölkələrinin əksəriyyəti uzun müddət müstəmləkəçiliyin, iqtisadi istismarın və siyasi asılılığın təsiri altında olmuşdur. Bu bölgələrin dövlətləri yalnız XX əsrin ortalarında müstəqillik əldə etsələr də, post-kolonial dövrdə də struktur asılılıqdan tam azad ola bilməmişlər. Qlobal iqtisadi sistemdə onların rolu uzun müddət xammal təminatçısı və istehlak bazarı olmaqla məhdudlaşmışdır.
Siyasi nəzəriyyələr çərçivəsində bu vəziyyət “struktur qeyri-bərabərlik” və “institusional ayrı-seçkilik” anlayışları ilə izah edilir. Struktur qeyri-bərabərlik dedikdə nələr nəzərdə tutulur? Məlum olduğu kimi, beynəlxalq iqtisadi və siyasi sistem elə qurulub ki, inkişaf etmiş ölkələr öz üstün mövqelərini qorumaq üçün sistemli şəkildə mexanizmlərdən istifadə edirlər. Beynəlxalq valyuta sistemi, ticarət qaydaları, texnologiyaya çıxış imkanları və hətta beynəlxalq informasiya axınları bu üstünlüyün qorunmasına xidmət edir.
Bu gün də beynəlxalq təşkilatlarda – məsələn, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı kimi qurumlarda – qərarvermə mexanizmləri Qlobal Şimal ölkələrinin maraqlarına daha çox xidmət edir. BMT Təhlükəsizlik Şurasında veto hüququ yalnız beş daimi üzv dövlətə (onlar da Qlobal Şimalı təmsil edirlər) məxsusdur. BVF və Dünya Bankında isə səsvermə hüquqları ölkələrin iqtisadi çəkisinə əsaslanır və nəticədə inkişaf etmiş ölkələrin dominantlığı təmin edilir.
Qlobal çağırışlar – iqlim dəyişikliyi, ərzaq və su təhlükəsizliyi, borc böhranı, texnoloji bərabərsizlik – ən ağır formada məhz Qlobal Cənub ölkələrini vurur. İqlim dəyişikliyinin ən kəskin təsirləri də bu bölgələrdə yaşanır. Halbuki, karbon emissiyalarının əsas məsuliyyəti inkişaf etmiş sənayeləşmiş dövlətlərin üzərindədir. Paradoks ondadır ki, Qlobal Cənub problemlərin əsas qurbanı olsa da, bu məsələlərin qlobal həllində təsir imkanları və danışıqlardakı çəkisi olduqca zəifdir.
Nəticədə, beynəlxalq münasibətlər sistemində yaranan dərin disbalans yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır; bu disbalans etimadsızlıq, məyusluq və qlobal idarəetmə institutlarına qarşı inamsızlıq kimi sosial və psixoloji nəticələr doğurur. Belə bir şəraitdə Qlobal Cənub ölkələrinin daha bərabər və ədalətli sistem tələbi getdikcə daha güclü və daha legitim olur.
Bu fon qarşısında Qlobal Şimal və Qlobal Cənub arasında yeni bir etimad quruculuğu prosesinə ehtiyac yaranır. İnkişaf etməkdə olan ölkələrin beynəlxalq sistemdə daha fəal və təsirli rola sahib olması üçün həm normativ yanaşmanın (beynəlxalq hüququn, ədalət prinsipinin təkmilləşdirilməsi), həm də struktur islahatlarının (məsələn, beynəlxalq təşkilatlarda təmsilçiliyin artırılması) həyata keçirilməsi vacibdir.
Azərbaycanın körpü rolunda unikal mövqeyi
Prezident İlham Əliyevin müraciətində vurğuladığı kimi, “biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.” Prezidentin bəyanatı Azərbaycanın beynəlxalq sistemdəki artan rolunu və məsuliyyətini ifadə etməklə yanaşı, onun tarixi, siyasi və diplomatik təcrübəsinə söykənən obyektiv reallığa əsaslanır.
Azərbaycanın bu rolu mənimsəməsi təsadüfi deyil. Müstəqillik qazandıqdan sonra ölkə dərin və çoxşaxəli transformasiya mərhələsindən keçmişdir. Planlı iqtisadiyyatın iflasından sonra bazar iqtisadiyyatına keçid, enerji strategiyasında şaxələndirmə və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır. Əldə olunmuş təcrübə onu inkişaf etməkdə olan ölkələr üçün həm nümunə, həm də tərəfdaş qismində təqdim edir. Azərbaycan bir tərəfdən zəngin təbii ehtiyatlardan səmərəli istifadə nümunəsini göstərmiş, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı ilə iqtisadi şaxələndirmənin vacibliyini ortaya qoymuşdur.
44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə istinad edərək ərazi bütövlüyünü bərpa etməsi isə xüsusilə Qlobal Cənub ölkələri üçün mühüm bir presedent yaratdı. Müstəmləkəçilikdən çıxmış, ərazi mübahisələri və suverenlik pozuntuları ilə qarşılaşan dövlətlər üçün Azərbaycanın uğuru beynəlxalq hüququn yalnız nəzəri bir konsept deyil, reallıqda tətbiq oluna və nəticə verə bilən bir mexanizm olduğunu nümayiş etdirdi.
Azərbaycanın xarici siyasəti də bu körpü rolunu daha da gücləndirir. Dövlətin beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik, daxili işlərə qarışmama və münaqişələrin sülh yolu ilə həlli kimi prinsiplərə ciddi sadiqliyi onu Qlobal Cənub ölkələrinin beynəlxalq sistemdəki ədalət və bərabərlik tələbləri ilə eyni müstəviyə gətirir. Azərbaycan beynəlxalq arenada tərəf saxlamayan, ədalətə əsaslanan bir siyasət yürütməklə etimad qazanan azsaylı ölkələrdən biri kimi çıxış edir.
Diplomatik fəallığı da Azərbaycanın bu missiyasının mühüm dayağıdır. Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu çərçivədə inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi Azərbaycanın qlobal səviyyədə etibarlı və söz sahibi bir dövlət kimi qəbulunu təmin etmişdir. Azərbaycanın 2024-cü ildə COP29-a evsahibliyi etməsi isə qlobal ekoloji çağırışlar fonunda Qlobal Cənubun səslərinin daha güclü eşidilməsinə xidmət edəcək və dövlətimizin inklüziv diplomatiyasının təzahürü olacaqdır.
Bu rolun formalaşmasında Azərbaycanın tarixi və sosial təcrübələri də əhəmiyyətli yer tutur. Öz tarixində müharibə, məcburi köçkünlük, iqtisadi çətinliklər və regional münaqişələr yaşamış bir ölkə kimi Azərbaycan Qlobal Cənubun qarşılaşdığı problemləri sadəcə nəzəri deyil, praktiki və insani səviyyədə də dərk edir və bu empatiya dövlətimizin beynəlxalq münasibətlərdə daha anlayışlı, daha çevik və daha ədalətli mövqe tutmasına imkan verir.
Beləliklə, Azərbaycan yalnız coğrafi mövqeyi ilə deyil, həm də tarixi təcrübəsi, siyasi iradəsi və diplomatik fəallığı ilə Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolunda etibarlı və mühüm bir aktor kimi çıxış edir. Sözügedən mövqe çağdaş beynəlxalq münasibətlərdə struktur dəyişikliklərinə ehtiyac duyulduğu bir zamanda Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Qlobal miqyasda gedən siyasi, iqtisadi və sosial transformasiya prosesləri mövcud beynəlxalq sistemin struktur problemlərini daha aydın şəkildə üzə çıxarmaqdadır. Müasir çağırışlar – iqlim dəyişikliyindən iqtisadi qeyri-bərabərliyə, regional münaqişələrdən qlobal idarəetmənin legitimlik böhranına qədər – beynəlxalq münasibətlərdə daha ədalətli, inklüziv və nümayəndəliyin təmin olunduğu yeni bir düzənə ehtiyacın təcili olduğunu göstərir. Belə bir dünya nizamının formalaşması isə Qlobal Şimal və Qlobal Cənub arasında tarixi qeyri-bərabərlikdən doğan etimadsızlığın aradan qaldırılmasını zəruri edir.
Belə mürəkkəb və ziddiyyətli prosesdə Azərbaycanın oynadığı rol diqqətəlayiqdir. Azərbaycanın təşəbbüsləri və fəallığı göstərir ki, inkişaf etməkdə olan ölkələrin təcrübəsi, yaşadıqları tarixi çətinliklər və əldə etdikləri uğurlar artıq beynəlxalq sistemdə mərkəzi bir yer tutmağa başlayır. Azərbaycan sadəcə olaraq, sözlə deyil, konkret fəaliyyət və təşəbbüslərlə — siyasi platformalar yaratmaq, inklüziv dialoqlara ev sahibliyi etmək, inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq gündəmin mərkəzinə çıxarmaqla – etimad quruculuğunda real töhfə verir.
Prezident İlham Əliyevin “Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə, Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir” fikri isə bu fəaliyyətlərin arxasındakı strateji fəlsəfəni açıq şəkildə ortaya qoyur. Azərbaycan, tarixdən gələn təcrübəsi və keçdiyi inkişaf yolu ilə bu ölkələrin problemlərini yalnız nəzəri planda deyil, praktiki səviyyədə də anlayır. Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolu süni deyil, təbii və legitim bir mövqeyə çevrilir.
Azərbaycanın təşəbbüsləri yeni dünya nizamı ideyasının reallaşmasına real dəstək verir və belə təşəbbüslər həm beynəlxalq hüququn üstünlüyünü bərpa etməyə, həm də qlobal idarəetmədə səsvermə və təmsilçilik prinsiplərini yenidən qurmağa yönəlib. İnkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək, onların real ehtiyaclarını beynəlxalq gündəmdə prioritetə çevirmək Azərbaycanın diplomatik strategiyasının əsas xəttini təşkil edir.
Nəticə etibarilə, Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir; o, beynəlxalq sistemdəki struktur ədalətsizliklərlə mübarizə aparan daha geniş bir qlobal cəbhənin fəal üzvünə çevrilir. Azərbaycanın mövqeyi, gələcəyin daha ədalətli və davamlı beynəlxalq nizamının inşasında strateji bir aktor kimi rolu getdikcə daha da güclənir.
Şəbnəm ZEYNALOVA,
Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru