Dünən Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018–2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Onun sözlərinə görə, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
Qeyd olunub ki, əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb. Bunun da 90 faizi özəl sektorun payına düşüb. Bu müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb.
Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi və məşğulluğu ilə bağlı tədbirlərin gücləndirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min unikal şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib. A.Əliyev deyib ki, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6 min 800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib.
Nazir qeyd edib ki, ötən il 26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən, 12,4 min nəfər özünüməşğulluq proqramına, 1070 nəfər isə peşə hazırlığına cəlb olunub. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, o cümlədən, 492 hərbçiyə 609 yüksək texnologiyalı protez, 2 min 300 müharibə əlilinə 70 min reabilitasiya vasitəsi təqdim edilib. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirildiyini diqqətə çatdıran nazir deyib ki, hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Həmin dəyişikliklər, əsasən, məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir.
O bildirib ki, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb. Konfederasiya rəhbərinin sözlərinə görə, bu rəqəmlər açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil, həm də milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir. “Əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisə olan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrildi”, – deyə o əlavə edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib. Bildirilib ki, texniki bacarıqları və müasir əmək vərdişləri olmayan işçilər əmək bazarında müəyyən çətinliklərlə qarşılaşa bilər. Bu baxımdan, işçilər yeni tələblərə və çağırışlara uyğunlaşmalı, bilik və bacarıqlarını artırmalıdırlar. Bu istiqamətdə Azərbaycanda sistemli və ardıcıl işlər görülür. Qeyd olunub ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası” inklüziv məşğulluğun inkişafına, yeni əmək vərdişlərinin formalaşmasına töhfə verəcəkdir.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında özəl sektor nümayəndələrinə çağırış edərək onlara xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşdığını məsləhət bilib: “Dövlət olaraq bu istiqamətdə sizi təşviq edəcək stimullaşdırıcı təşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq. Qarşımızda duran yeni çağırışlar fonunda rəqabətqabiliyyətli iqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiya açıq yanaşma ilə mümkündür. Bu baxımdan, həm dövlət, həm özəl sektor səviyyəsində rəqəmsal həllər və innovativ texnologiyalara yönəlmiş investisiyaların həcmi və təsir dairəsi artırılmalıdır. Bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün əsas vasitədir” – deyə nazir müavini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə deyib ki, ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi, işçi hüquqlarının təminatı hər zaman diqqət mərkəzində olan məsələdir. Onun sözlərinə görə, bu məsələ dövlətin, vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların fəaliyyət gündəliyinin əsas istiqamətlərindən biridir.
Dövlət Komitəsinin sədri bu gün Azərbaycanda Böyük Qayıdış prosesi çərçivəsində yeni çağırışların meydana çıxdığını xatırladaraq bildirib ki, insanların “ağıllı kənd”də yaşamağa alışması üçün addımlar atılmalıdır. “Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Qarabağda yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir. Qarabağa qayıdan ailələrin, vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi, layiqli və təhlükəsiz iş şəraiti ilə təmin olunması vacib məsələ kimi diqqətdə saxlanılmalıdır” – deyə komitə sədri bildirib.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, beynəlxalq tədqiqatlara əsasən, yüksək texnologiyaların tətbiqi ilə bağlı 2023-cü ilə qədər dünya üzrə, təxminən, 375 milyon insanın yeni ixtisaslara və yeni bacarıqlara yiyələnməsinə ehtiyac yaranacaq ki, bu da ümumi işçi qüvvəsinin təxmini 14 faizini təşkil edir.
Son illər süni intellektin qlobal səviyyədə inkişafı, onun tətbiqi sahələrini daha da genişləndirməklə bir çox sektorlarda köklü dəyişikliklərə səbəb olduğunu xatırladan müvəkkil deyib ki, bu təcrübə, xüsusən də, qərar qəbuletmə prosesində səmərəliliyin və şəffaflığın artırılmasını, idarəetmənin optimallaşdırılmasını, maliyyə xərclərinin minimum endirilməsini və vətəndaşların xidmətlərə çıxışının asanlaşdırılmasını hədəfləyir.
Konfransda iştirak edən Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti, Moldova Həmkarlar İttifaqları Federasiyasının sədri İqor Zubku, BƏT-in baş mütəxəssisi Qoça Aleksandria və PARŞ-ın siyasi məsələlər üzrə məsləhətçisi Anna Salnikova beynəlxalq əmək standartları və tövsiyələrdən bəhs ediblər, əmək hüquqları, əməyin mühafizəsi istiqamətində təmsil etdikləri təşkilatın gördüyü işlər barədə məlumat veriblər.