Makron və korrupsiyaya uğramış komandası

post-img

Rüşvət, korrupsiya və maxinasiyalar Emmanuel Makron hakimiyyətini xarakterizə edən əsas cəhətlərdir. İrimiqyaslı maliyyə maxinasiyaları, korrupsiya piramidasının başında isə birbaşa prezident və ona yaxın adamlar dururlar. Onun hakimiyyətə gəldiyi 2017-ci ildən bəri “ən azı 26 nazir siyasi və hüquqi məsələlərə qarışıb”.

Halbuki, Makron prezidentlik müddətinin əvvəlində dövlət qulluqçuları arasında dürüstlük prinsiplərinin qorunmasının vacibliyindən danışır və istintaq altında olan nazirləri istefaya çağırırdı. Lakin bu prinsiplərə əməl edilmədi və onlar cəzasız qaldılar.

Onu da qeyd edək ki, korrupsiya problemi təkcə hakimiyyətin ən yüksək eşelonları ilə məhdudlaşmır. Eyni zamanda, korrupsiya bütün səviyyələrdə dövlət qulluqçularına təsir edir, onları cinayətə sürükləyir. Xüsusilə, ödənişli xidmət qarşılığında rüşvət tələb etmə adi hal alıb. Fransa liderinin şəxsi təhlükəsizliyinin keçmiş rəhbərinin rüşvətxorluqda ittiham edilməsi də bu zəncirin bir halqasıdır. Belə ki, uzun sürən prosedurdan sonra İnterpolun Baş Katibliyi Fransa prezidenti Emmanuel Makronun şəxsi təhlükəsizliyinin keçmiş rəhbəri Aleksandr Benallanın beynəlxalq axtarışa verilməsinə qərar verib. 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Bu qərarın qəbul edilməsinə əsas kimi 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi çərçivəsində göndərilmiş hüquqi sorğu göstərilib.

Məlum olduğu kimi, Fransa prezidentinin mühafizə xidmətinin keçmiş rəhbəri Aleksandr Benalla və “Saur” şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi qarşılığında külli miqdarda rüşvət alma və başqa cinayətlər törətməkdə ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd olunur ki, Fransa rəsmiləri rüşvət müqabilində Fərhad Əhmədovun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyi, özünün isə sanksiyalardan qorunacağı vəd edilib. Bundan sonra Aleksandr Benalla və Anass Derrazın hesablarına külli miqdarda vəsait köçürülüb. Beynəlxalq araşdırmaları ilə tanınan “Observer Online” nəşri rüşvətin köçürülməsini təsdiq edən sənədlərlə birlikdə dərc etdiyi məqalədə deyilir: “Bir müddət əvvəl Britaniya mətbuatında qalmaqallı məqalə dərc olunub. Bu məqalədə bildirilir ki, Azərbaycan xüsusi xidmət orqanları 6 milyon 140 min ABŞ dolları məbləğində rüşvət tələb etmə faktı ilə bağlı cinayət işi açıb. Rüşvəti isə Aleksandr Benalla və onunla əlbir olan Mərakeş əsilli Fransa vətəndaşı Anass Derraz tələb ediblər”.

Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “Bank of Africa United Kingdom PLC SC PAR”ın Fransa filialında açılmış 2701000091503 nömrəli və A. Derrazın “Al Hilal Bank”da açılmış 024071984024 nömrəlii bank hesablarına köçürüb.

Fransanın özündə bu məsələ ciddi səylə ört-basdır edilib. Ölkənin aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanıb. Lakin faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə “Saur” şirkətinin vitse-prezidenti A.Derraz istintaqa cəlb olunub. O külli miqdarda rüşvət almaqda və başqa cinayətlər törətməkdə ittiham olunub və ölkədən çıxışına qadağa qoyulub. Hazırda Derraz ev dustağıdır A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub”.

Məqalədə daha sonra bildirilir: “Redaksiyamızda rüşvətin həqiqətən də köçürülməsi barədə təsdiq var. Bizim ixtiyarımızda F.Əhmədov, A.Benalla və A.Derraz arasında imzalanmış “hüquqi xidmətlər haqqında” üçtərəfli müqavilə, həmçinin F.Əhmədovun hesabından Benalla və Derrazın hesablarına vəsaitlərin köçürülməsini təsdiq edən bank çıxarışları var. Bu sənədlər geniş auditoriyaya təqdim olunur”.

Beləliklə, İnterpolun Fransa prezidentinin mühafizə xidmətinin keçmiş rəhbəri A.Benallanı “Red Notice” (“Qırmızı Bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı Bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur.

Onu da qeyd edək ki, yaxın vaxtlarda Bakıda saxlanılan A.Derrazla bağlı aparılan cinayət işi üzrə açıq məhkəmə baxışının başlanacağı və açıqlanacaq beynəlxalq korrupsiya dəlillərinin əlavə qalmaqallar yaradacağı gözlənilir.

Makronun yaxın çevrəsinin rüşvət qalmaqalı bununla bitmir. Məsələ ondadır ki, bu şəxslər adları rüşvət əməllərində hallanan ilk adamlar deyillər. Dəfələrlə Makron komandasında təmsil olunan şəxslərin maliyyə fırıldaqları, korrupsiya əməlləri barədə xəbərlər mediada yayılır. Məsələn, onun yaxın adamı Riçard Ferranı Fransa dövlətinin ən yüksək inzibati orqanlarından biri olan Konstitusiya Şurasının rəhbəri təyin etməsi ölkədə burmənalı qarşılanmamışdı. Yada salaq ki, Ferran “Anticor” antikorrupsiya assosiasiyası “qanunsuz imtiyazlar əldə etməkdə” ittiham edilib. Düzdür, məhkəmə 2021-ci ildə ona bəraət verib, amma bu gün də Ferranın adı korrupsiya işi ilə birlikdə hallanır.

Makronun yüksək vəzifələrə təyinatlarla bağlı qızğın şəkildə təbliğ etdiyi “yeni dünya”sının üfünətdən boğulduğunu sübut edən digər dəlil isə ölkənin mədəniyyət naziri Raçida Dati və “Renault-Nissan” Alyansının keçmiş rəhbəri Karlos Qonu ilə bağlıdır. Fransada Milli Maliyyə Prokurorluğu hər iki şəxsi korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edərək, onlara qarşı cinayət işinin başlanmasını tələb etmişdi. Müstəntiqlərin fikrincə, 2010-cu ildən 2012-ci ilə qədər Dati “Renault-Nissan”ın hüquq məsləhətçisi və Avropa Parlamentinin üzvü vəzifəsində avtomobil alyansının törəmə müəssisəsindən 900 min avro alıb. Lakin o, bu pulun müqabilində heç bir konkret iş görməyib. Qon isə 2023-cü ildə beynəlxalq axtarışa verilsə də saxlanmayıb. Hazırda Livanda yaşayır. Dati və Qon prokurorun ittihamlarını rədd etsələr də “ləkəni” silmək gücündə deyillər.

Buna baxmayaraq, Raçida Dati 2024-cü il yanvarın 11-də Fransanın mədəniyyət naziri təyin edilib. 23 dekabr 2024-cü ildə Fransua Bayru yeni hökuməti quranda onu təkrar mədəniyyət naziri təyin edib.

Bayrunun özü də korrupsiya qalmaqallarının fəal iştirakçılarından biridir, Avropa Parlamentinin vəsaitlərindən sui-istifadə etməkdə ittiham olunub. Bu şəxs 2017-ci ildə Makronun hakimiyyətə gəlməsində əvəzsiz rol oynayıb, ali posta namizədliyini geri çəkib. Prezident də ona borclu qalmayıb, Bayru haqqında məhkəmədə bəraət qərarı çıxarılmasına nail olub.

Ümumiyyətlə, Makron hakimiyyətinin təməli korrupsiya və rüşvət üzərində qurulub. O, 2017-ci ildə seçki kampaniyasında maliyyə saxtakarlığı və həm də “Uber” şirkəti ilə gizli razılaşma ilə yadda qalıb. Bu da ölkədə ən böyük korrupsiya sisteminin qurulduğunu göstərir.

Göründüyü kimi, müxtəlif korrupsiya məsələlərində adı hallanan vəzifəli şəxslər məhz Makronun himayəsilə azadlığa çıxıblar. Bu hal Fransa prezidentinin korrupsiya hallarını müdafiə etməsi kimi dəyərləndirilir. İrimiqyaslı maliyyə maxinasiyaları, korrupsiya piramidasının başında birbaşa prezidentin durduğu təsdiqləyir. Bir daha aydın olur ki, Fransa dövlətinin hər zaman bayraq kimi dalğalandırdığı “demokratiya”, “azad rəqabət mühiti”, “azad bazar iqtisadiyyatı” və digər ideyalar sadəcə boş sözlər və şüarlardır, əməldə heç nə yoxdur. Ölkə isə rüşvətxorlar tərəfindən idarə edilir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət