İran Prezidentinin Bakıya gözlənilən səfəri yeni ümidlər doğurur
Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri Bakı ilə Tehran arasında uzun müddət gərgin keçən münasibətlərin qarşılıqlı anlaşma ilə müşayiət olunacaq növbəti, həm də pozitiv mərhələyə keçidini şərtləndirə bilər. Səfərin konkret tarixi açıqlanmasa da, onun geosiyasi, diplomatik və iqtisadi cəhətdən böyük əhəmiyyətə malik konturları aydın görünməkdədir.
M.Pezeşkianın Azərbaycana qarşıdakı səfəri ikitərəfli münasibətlərdə mövcud problemlərin, regional məsələlərin həlli ilə bağlı konkret addımların atılması ilə yadda qala bilər. Müşahidələr göstərir ki, Pezeşkian özündən əvvəlki prezidentlərin yeritdiyi xarici siyasət kursunu dəyişmək fikrində deyil. Yeri gəlmişkən, mərhum İbrahim Rəisinin prezidentliyi dövründə İran hökuməti qonşu və müsəlman ölkələrlə iqtisadi əlaqələrin inkişaf etdirilməsi xəttinə sadiq idi. M.Pezeşkian da bu xətti davam etdirəcəyini bildirib və bu istiqamətdə müəyyən addımlar atır.
Azərbaycana gəldikdə isə Bakı bölgə ölkələri ilə, o cümlədən qonşu İranla qarşılıqlı səmimiyyətə, hörmətə və faydalı tərəfdaşlığa söykənən münasibətlərin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Xüsusilə, ərazi bütövlüyünü və suverenliyini təmin edən Azrbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar fonunda Tehranla Bakı arasında səmərəli dialoqun və genişmiqyaslı əməkdaşlığın bərpası aktuallaşıb. Bu baxımdan, misal üçün, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi transmilli layihələrin birgə əlaqələndirilməsi vacibdir. Gömrük və logistika kimi sahələrdə də ortaq maraqlar mövcuddur. İrandan ötrü Azərbaycan Cənubi Qafqaza çıxış baxımından mühüm tranzit ölkədir. Azərbaycan isə İran ərazisindən keçərək Fars körfəzinə və Hind okeanına çıxış imkanlarını genişləndirməyi planlaşdırır. Biz hələ Zəngəzur dəhlizinə alternativ olaraq Arazın cənub sahilindən Naxçıvana çəkilməkdə olan, Azərbaycan üçün strateji əhəmiyyətə malik nəqliyyat qovşağını demirik.
* * *
Bütün bunlara baxmayaraq, Azərbaycan–İran münasibətlərində məlum səbəblərdən əmələ gəlmiş psixoloji və siyasi etimadsızlıq “buzunun” hələ tam əridiyini söyləmək də tezdir. 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücum bu inamsızlığın konkret nümunəsinə çevrildi. Hücum nəticəsində səfirliyin mühafizəçisi həlak oldu, bir neçə əməkdaş yaralandı. Rəsmi Bakı bu hadisəni terror aktı kimi qiymətləndirdi və səfirlik fəaliyyətini müvəqqəti dayandırdı. Üstündən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, terror aktı törədənin, eləcə də bu qanlı olayı təşkil edənlərin cəzalandırılması məsələsi açıq qalır. Rəsmi Bakı dəfələrlə bu məsələnin qanun və ədalət çərçivəsində həllini ikitərəfli münasibətlərin normallaşması üçün əsas şərt olduğunu bildirib. İnsafən, rəsmi Tehran Bakının bu tələbini anlayışla qarşıladığını açıqladı. Qalır konkret addım atmaq. İki qonşu ölkə arasında münasibətlərin qırılma nöqtəsinə çatmasını gözləyənlər yanıldılar. Son vaxtlar tərəflərin nümayiş etdirdikləri praqmatik diplomatiya, siyasi iradə və xoşməramlı açıqlamalar münasibətlərin “buzlaşma”dan yumşalmaya doğru getməsindən xəbər verir. Yəni, mövcud problemlərin həlli onlara isti, səmimi yanaşmadan, siyasi iradəyə söykənən ədalətli qərarların qəbulundan asılıdır.
* * *
Sirr deyil ki, İran Prezidentinin həm türk kökənli olması, həm də islahatlara meyilli siyasətçi kimi tanınması bu yüksək vəzifəyə seçildiyi gündən bölgənin və nə gizlədək, Türk dünyasının diqqət mərkəzinə düşən mövzudur. Bu nöqteyi-nəzərdən yanaşanda, onun Azərbaycana səfəri yalnız protokol görüşü deyil, həm də konkret razılaşmaların əldə edilməsi və münasibətlərin normal məcraya yönəlməsinin başlanğıcı ola bilər. Azərbaycan İranla münasibətlərin dərinləşməsində maraqlı olduğunu dəfələrlə göstərib. Cari ilin fevralında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, onun ardınca Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfərləri Bakının münasibətlərin yumşalmaya səmt götürməsində maraqlı olmasından xəbər verir. Prezident Məsud Pezeşkianın Azərbaycana səfərinin məhz bu təmasların nəticəsində reallaşması nəzərdən qaçmadı.
İndi Məsud Pezeşkianın Bakıya gözlənilən səfəri tərəflərə əlverişli fürsət yaratsa da, bunun dəyərləndirilməsi konkret nəticələrlə ölçüləcək. Tərəflər bir çox məsələləri sual işarəsi altından çıxarmalıdırlar. Ortada terror hadisəsinin istintaqı və yekunu, regional layihələrdə praktiki irəliləyiş, siyasi dialoqun institusional əsaslara oturdulması kimi strateji əhəmiyyət daşıyan gündəm var. Səfərin sonunda bu gündəmin real nəticələrlə yekunlaşması gözləniləndir.
* * *
Yeri gəlmişkən, Prezident Pezeşkianın Bakıya səfəri ərəfəsində Tehran şəhərində Azərbaycan və İranın Xarici işlər nazirliklərinin rəsmiləri arasında növbəti konsulluq məsləhətləşmələrinin keçirilməsi qarşıdakı müsbət tendensiyanın əlaməti sayılmalıdır. Məsləhətləşmələr geniş tərkibdə aparılıb. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İİR Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib. Tədbirdə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşları, Azərbaycan və İran xarici siyasət idarəsinin rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər. Rəsmi məlumatda qeyd olunduğu kimi, görüşdə iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması, onlara çevik və effektiv konsulluq-hüquqi yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
Eləcə də daxil işlər, ədliyyə, miqrasiya, sərhəd, gömrük orqanları arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin əhəmiyyəti vurğulanıb.
...Beləliklə, İran Prezidentinin Bakıya gözlənilən səfəri ilə bağlı ümidlər böyükdür. Bu ümidlərin gerçəkliyə çevrilməsi isə iki qonşu dövlətin mənafeyinə, xalqların milli maraqlarına tam cavab verir.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– İran bizim qonşumuzdur, böyük dövlətdir. Azərbaycan cənub qonşusu ilə münasibətlərin normal səviyyədə saxlanılmasında maraqlıdır. İranda yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qala bimərik. Digər tərəfdən, bu ölkə ilə bizim ticari-iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir. İranla diplomatik əlaqələrimiz son dövrlər bir qədər axsasa da, uzun illərdir ki, davam edir.
Azərbaycanın Tehrandakı səfirliyin fəaiyyətini dayandırması isə məlum səbəblərlə bağlıdır. Bakı bu məsələni açıq şəkildə İran rəhbərliyinin nəzərinə çatdırıb. Bu cür xoşagəlməz hallara hakimiyyət tərəfindən mütləq adekvat reaksiya verilməlidir. Doğrudur, terrorçu həbs edilib, məhkəməsi keçirib və hökm də çıxarılıb. Amma hələlik hökm icra olunmayıb. Rəsmi Bakı bu faktı da nəzərdən qaçırmayıb və bunu uyğun formada Tehrana xatırladıb. Bəli, Azərbaycan bu məsələdə ədalətli və sərt mövqedə dayanıb. Eyni zamanda, ikitərəfli münasibətlər yerində durmayıb, irəli gedir. Çünki hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır. İran hakimiyyəti yaxşı anlayır ki, Azərbaycan artıq bölgədə söz və güc sahibinə çevrilən oyunçudur. Yəni, münasibətləri normal səviyyədə saxlamaq Tehranın da maraqlarına cavab verir. Bu reallığı nəzərə alaraq, tərəflər bundan sonra qarşılıqlı şəkildə daha pozitiv addımlar ata bilərlər.
Hesab edirəm ki, İran Prezidentinin Bakıya səfəri zamanı bir sıra məsələlər üzrə razılaşmalar əldə ediləcək. Əlbəttə, bu zaman maraqlar mütləq nəzərə alınmalıdır. İndiki mərhələdə Bakı ilə Tehran arasında mövqe yaxınlaşması müşahidə olunur və ümid edirik ki, bundan sonra proses yalnız inkişafa doğru gedəcək.
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq
– Azərbaycan–İran trekində müşahidə olunan aktivlik nə vəd edir? Azərbaycan Prezidentinin köməkçisi İrana səfər etdi və orada Prezidentin müşaviri ilə görüşdü. Görüşdə mühüm mesajlar səsləndirildi və bunun rəsmi açıqlamalar vasitəsilə mətbuata çatdırılması tərəflərin həm xarici oyunçular, həm də daxili auditoriya üçün öz mövqelərini açıq şəkildə bəyan etməsi deməkdir. Doğrudur, İranda daxili qarşıdurma güclənir və Prezidentin tərəfdarları mühafizəkar qrupların hücumlarına qarşı fəal mübarizə aparır, bəzən də hücuma keçirlər. Digər mühüm element isə işlərinin yaxşı getmədiyi Yaxın Şərqə daha çox diqqət ayıran İranın indiki xarici işlər naziri Əraqçi ilə bağlıdır. İran Prezidentinin müşaviri Sanainin şəxsiyyəti də maraqlıdır. Göründüyü kimi, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev onunla ünsiyyət kanalı yarada bilib.
Sanai akademik dairələrdən, İranın Rusiyadakı keçmiş səfiri, Valday klubunun ekspertidir. Onun rəhbərlik etdiyi tədqiqat mərkəzi Avrasiya mövzularına yönəlib.
Deməli, İran hökumətindəki funksionerlər elə seçiliblər ki, Azərbaycanın İran-Rusiya münasibətlərindəki rolu və yeri dərk edilsin. Bu gün münasibətlər yüksək səviyyədə olmasa da, həm Bakıda, həm də Tehranda narahatlıq doğuran mövzularla bağlı bəzi mesajların verilməsi müşahidə olunur.
Düşünürəm ki, İran Prezidentinın Bakıya səfəri bir çox məsələlərə aydınlıq gətirəcək. Azərbaycan indiki məqamda konstruktivlik və xoş məram nümayiş etdirir. Görək İran rəhbərliyinin addımları nə dərəcədə səmərəli olacaq.
İmran BƏDİRXANLI
XQ