Rusiyanın Ukraynaya müdaxiləsi bu ölkədən silah ixracatının kəskin azalmasına səbəb olub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiyanın qlobal bazara silah tədarükü 2020–2024-cü illərdə əvvəlki beş illik dövrlə müqayisədə 64 faiz azalıb. Azalma, Rusiyanın öz silahlı qüvvələri üçün əsas silahların istehsalını ixracdan üstün tutmaq qərarı, Moskvaya tətbiq edilən çoxtərəfli ticarət sanksiyalarının təsiri, ABŞ və onun müttəfiqlərinin digər ölkələrə Rusiya silahlarını almamaq üçün təzyiqinin artması ilə bağlıdır.
Beləliklə, hazırda Qərbin silah və sursatları Kiyevə göndərilir. Rusiya zavodları isə demək olar ki, yalnız öz ordusunun ehtiyacları üçün hərbi texnika istehsal edir. Bu, tarixən Vaşinqton və Moskvadan silah alan ölkələri alternativlər axtarmağa məcbur edir. Belə bir şəraitdə Hindistan yaranmış vəziyyətdən istifadə edərək boşluğu doldurmağa çalışır. Bu məqsədlə Nyu-Dehli dövlətə məxsus "EXIM" (İxrac-İdxal) Bankının imkanlarını genişləndirərək uzunmüddətli və ucuz kreditlər təqdim etməyə başlayıb. Bu təşəbbüs siyasi və ya kredit riskləri səbəbindən adi maliyyəyə çıxışı məhdud olan ölkələrə şamil edilir. Hindistan eyni zamanda, xarici ölkələrdəki səfirliklərində hərbi attaşelərin sayını artırır. Artıq səfirlik xətti ilə ən azı 20 yeni hərbi attaşenin təyinatı həyata keçirilib.
Onu da qeyd edək ki, onlar olduqları ölkələrdə Hindistan istehsalı olan silahları təbliğ etməklə yanaşı, silah ehtiyaclarını da təhlil edirlər. Bu fəaliyyətin nəticəsidir ki, artıq Hindistana gələn nümayəndə heyətləri ilə yerli müdafiə podratçıları arasında görüşlər təşkil edilir və hərbi təlimlər zamanı müasir texnikalar nümayiş olunur.
Hindistan hökumətinin məlumatına görə, ölkə 2023–2024 maliyyə ilində 14,8 milyard dollar dəyərində silah istehsal edib ki, bu da üç il əvvəlkindən 62 faiz çoxdur. Narendra Modi hökuməti 2029-cu ilə qədər silah və avadanlıq ixracını iki dəfə artırmağı və 6 milyard dollara çatdırmağı hədəfləyib.
Nyu-Dehli ümid edir ki, yeni alıcılar hərbi ixracatın əsas hissəsini təşkil edən sursat, atıcı silah və müdafiə avadanlığı komponentləri ilə maraqlanacaqlar. Alıcılar arasında Ermənistan da var. Türkiyənin “Star” qəzetinin yazdığına görə, 2020-ci ildə Ermənistan və Hindistan arasında təxminən 2 milyard dollar dəyərində müqavilə imzalanıb.
Yada salaq ki, 2024-cü ildə Hindistan ilk dəfə Ermənistana hərbi attaşe göndərib. “Reuters” agentliyinin məlumatına görə, Hayastanın 2022–2024-cü illərdə idxal etdiyi silahların, demək olar ki, 45 faizi Hindistan məhsuludur. Artıq bu sahədə Rusiyanın monopoliyasına son qoyulub.
Tərəflər bundan sonra da hərbi sahədə əməkdaşlığı davam etdirəcəklərini bildirirlər. Bu barədə Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinha bəyan edib ki, ölkəsi Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək: “Biz hər hansı ölkə ilə müdafiə sahəsində əməkdaşlıq edəndə, bu, təkcə texniki əməkdaşlıq deyil, həm də potensialın artırılması deməkdir. Beləliklə, biz bu qarşılıqlı əlaqəni davam etdirəcəyik”.
Xarici KİV-in vurğuladığı kimi, Hindistan Ermənistana əsas silah tədarükçüləri siyahısında Rusiyanı əvəz etməyə başlayıb və İrəvan bu Cənubi Asiya ölkəsindən silah idxal edən ölkələr arasında liderdir.
Maraqlıdır ki, Ermənistanın silahlanması bu ölkənin rəhbərlərinin sülh müqaviləsi ilə bağlı açıqlamaları fonunda baş verir. Xüsusilə, Ermənistanın baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri müntəzəm olaraq Ermənistan–Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirməyi təklif edirlər. Bəli, Paşinyan belə bir fikir bildirib: “Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. “Lehinə” və ya “əleyhinə” arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu, mənim siyasi mövqeyimdir”.
Paşinyan deyib: “Müharibə olmayacaq, sülh olacaq. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir”. O, Azərbaycanla yeni gərginlik və ya müharibənin başlanması üçün hər hansı əsas görmədiyini vurğulayıb.
Yenə də bunlar, sadəcə olaraq, “gəlişigözəl” sözlərdir. O, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı imzaladıqdan sonra da Qarabağ separatçılarını maliyyələşdirib. Onların silahlandırılmasında önəmli rol oynayıb.
Doğrudur, Paşinyan və komandası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin revanşistlər hələ də bunun əksinə fəaliyyət göstərirlər. Ölkənin hüquq-mühafizə orqanları, məhkəmə sistemi Azərbaycanla münasibəti pozanlar, iğtişaş yaratmağa səy edənlər barəsində indiyədək heç bir hüquqi addım atmayıb.
Ermənistan həm də Azərbaycanla şərti sərhəddə intensiv şəkildə fortifikasiya qurğuları tikir, mühəndis-istehkam işləri aparır. Hayların məqsədi daha güclü müdafiə sistemi qurmaq və gələcəkdə aparacaqları müharibə üçün zəmin yaratmaqdır. Hindistandan alınan silahların Azərbaycanla şərti sərhəd yaxınlığında yerləşdirildiyi barədə də məlumatlar var. Bu, çox narahatedici siqnaldır. Ona görə də iki ölkə arasında hərbi toqquşma riski yüksək olaraq qalır. Deməli, N.Paşinyan və onun komandasının sözlərinə inanmaq sadəlövhlük olardı.
Digər tərəfdən, Paşinyan sülhdən danışdığı bir vaxtda, İrəvan silahlanmaya da üstünlük verir. Əgər Ermənistan silahlandırılırsa, deməli, hansısa məqsəd var. Bu məqsəd heç də bu regionun sabitliyinə xidmət etmir. Əksinə, Hayastanı təxribatlar törətməyə və Azərbaycana qarşı növbəti müharibəyə həvəsləndirir.
Bəs Hindistanın Ermənistana silah verməsinə səbəb nədir? Birincisi, Nyu-Dehli Cənubi Qafqaza özünün xarici siyasətinin perspektivli istiqaməti kimi baxır. Aydın məsələdir ki, burada əsas səbəb heç də hind və erməni xalqlarının tarixi qohumluğu deyil, daha dərin və real səbəblər var. Azərbaycanın Pakistanla yaxınlaşması, rəsmi Bakının beynəlxalq platformalarda Pakistanın mövqeyini dəstəkləməsi, Kəşmir münaqişəsi ilə bağlı İslamabadın yanında dayanması bu məsələdə rol oynayır. Vəziyyətin bu həddə çatmasında Hindistanın hazırkı radikal sağ millətçi baş naziri Modinin rolu var. Məhz onun dövründə Hindistanda etnik münaqişələr daha da dərinləşib, müsəlmanlara qarşı zorakılıqlar artıb. Özü də bu zorakılıqları hakim siyasi partiya təşviq edib. Belə olan halda, Nyu-Dehli, Ankara–Bakı–İslamabadın regionda siyasi təsirinin güclənməsindən narahatdır.
İkincisi, Hindistanda hərbi istehsalın artmasına baxmayaraq (2023–2024-cü illərdə 14,8 milyard dollar), Rusiyadan (Su-30MKI, S-400), Fransa və ABŞ texnologiyalarından asılıdır. Bu ölkədə istehsal olunan silahların keyfiyyəti müasir dünya standartlarına cavab vermir. Raketlər və ya helikopterlər etibarlılıq və innovasiya baxımından sadəcə olaraq aşağı səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, Hindistan silahları, o cümlədən raket sistemləri və artilleriya qurğuları Azərbaycanın son müharibə zamanı fəal şəkildə istifadə etdiyi İsrail, Türkiyə və ya Rusiya modellərindən fərqli olaraq real döyüşlərdə özünü doğrultmayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü Cavid Vəliyev XQ-yə bildirdi ki, Nyu-Dehlinin özü hazırda dünyada ən çox silah alan ölkələr sırasında yer alır: “Eyni zamanda, silah istehsalı həyata keçirir və bunun bir hissəsini satır. Əldə etdiyi vəsaiti ordusunu modernləşdirmək üçün istifadə edir. Ermənistan da onun alıcılarından biridir. Yəni bu ölkə silahlarını zəif inkişaf etmiş ölkələrə satır və bunun üçün də ənənəvi rus müştərilərini hədəf alan ucuz silah kreditləri təklif edir”.
C. Vəliyev daha sonra qeyd etdi ki, Ermənistanın silahlanması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, sülhün bərpa edilməsinə zərbədir: “Onu da bilməlidirlər ki, silahlanmaq və şərti sərhəddə təxribatlar törətməklə heç nəyə nail ola bilməyəcəklər. Bu, onların sonunu gətirəcək.
Nyu-Dehli yalnız silah satmaqla Ermənistanı dəstəkləmir. Həm də siyasi-diplomatik arenada da İrəvanla tərəfdaşlıq edir. Bütün hallarda Ermənistan Hindistan əməkdaşlığı İrəvana heç bir üstünlük verməyəcək. Çünki hind silahları aşağı keyfiyyətlidir”.
Yaxşı olardı ki, Ermənistan silahlanmaya deyil, sülhə doğru addım atsın. Minsk qrupu kimi mənasız bir qurumun ləğvinə, konstitusiya dəyişikliyinə getsin.
Pünhan ƏFƏNDİYEV
XQ