Milli Məclis sədrinin Sankt-Peterburqa işgüzar səfəri

post-img

Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edib. Məclisdə ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Spiker Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

***

Sahibə Qafarova səfəri çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Söhbət zamanı dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin qəti iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Görüşdə “Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı”nda (Yol xəritəsi) cari il üçün nəzərdə tutulan tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Tənzilə Narbayeva Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının uğurla təşkil olunduğunu vurğulayıb. Sahibə Qafarova Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlərin və yüksəksəviyyəli təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini söyləyib.

XQ



Son xəbərlər