Mixail Qusman: Prezident İlham Əliyevin ADF2025-də iştirakı tədbirin əhəmiyyətini daha da artırır

post-img

Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumuna (ADF2025) nəzər saldıqda görürük ki, bu beynəlxalq tədbir hər il daha da təkmilləşir və qlobal gündəmdə baş verən demək olar ki, bütün mühüm prosesləri əhatə edir. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin forumda ilk dəfə iştirakı isə tədbirin əhəmiyyətini daha da artıran və sevindirici bir hadisə kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ifadə edib.

Tədbirin builki mövzusuna toxunan Qusman deyib: “Onlarla dövlət və hökumət başçısının, nazirlərin və diplomatların burada “parçalanan” dünyamıza töhfə vermək üçün çalışdıqlarını görmək sevindiricidir. Dünyada həllini gözləyən, hər birimiz üçün vacib məsələlərin gündəmə gətirilməsi tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir”.

Bu gün ADF2025 çərçivəsində keçirilməsi nəzərdə tutulan “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunda panel iclasına diqqət çəkən müsahib, Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin bu müzakirələrdə iştirak edəcəyini vurğulayıb. O bildirib ki, bu kimi görüşlər regionda sülhün və sabitliyin bərqərar olunması baxımından xüsusi önəm daşıyır: “Bu iclasın keçirilməsi həm Antalya Diplomatiya Forumunun beynəlxalq əhəmiyyətini, həm də əhatə dairəsinin genişliyini nümayiş etdirir. Bugünkü dünyada diplomatiya və dialoq hər zamankından daha vacibdir”.

Siyasət