Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir.
Dünən – yarışların 6-cı təqvim günündə cüdoçularımız mübarizəyə başlayıblar. Komandamız ilk gündə – 1 qızıl, 3 bürünc medal qazanıb. Döyüşləri davam etdirən boks millimiz isə daha 13 – 5 qızıl, 5 gümüş, 3 bürünc mükafat əldə edib. Bununla da, yeniyetmə rinq ustalarının qazandığı medalların sayı 14-ə çatıb. Ondan 1 gün əvvəl yığmamız 1 bürünc medala sahib olmuşdu. Bu gün cüdo və boks komandamızın mübarizəsi davam edəcək.
Parabadmintonçularımız isə qarışıq komanda yarışında fərqləniblər. Millimiz gümüş medala layiq görülüb.
Xatırladaq ki, aprelin 12-dək davam edəcək və 56 ölkədən 2 min 742 idmançının mübarizə apardığı yarışda Azərbaycan 18 idman növündə, ümumilikdə, 191 atletlə təmsil olunur.
L.QURBANOVA
XQ