Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) çox yaxındır və Lefkoşanın ədalətli mövqeyini dəstəklədiyini gizlətmir. Bakıdan çoxlu sayda nümayəndə heyəti, o cümlədən Milli Məclisin deputatları ölkəmizə gəlir. ŞKTC-nin xeyli sayda nümayəndə heyəti Bakıya səfər edir. Əlaqələrin fəal və hərtərəfli inkişafı göz qabağındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ŞKTC Prezidenti Ersin Tatar Türkiyənin “Habertürk” telekanalının efirində deyib.
Şimali Kiprin lideri ümidvar olduğunu bildirib ki, müəyyən mərhələdə Azərbaycan da daxil olmaqla bütün türk dövlətləri Türkiyədən nümunə götürəcək və ŞKTC ilə münasibətləri beynəlxalq hüququn ən yüksək müstəqil subyektləri səviyyəsinə çatdıracaq.
Onun sözlərinə görə, indiki mərhələdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin hərtərəfli inkişafı prioritetdir. "Biz qardaş dövlətlərlə, o cümlədən turizm və təhsil kimi sahələrdə əlaqələrin potensialını açmağa çalışırıq. Bu, tanınmağa aparan yoldur", -deyə E. Tatar vurğulayıb.
ŞKTC Prezidenti Türkiyə Silahlı Qüvvələrinin Kiprdə olmasına da toxunub. Onun sözlərinə görə, bu ordu Kiprin türk əhalisi üçün təhlükəsizliyin təminatçısıdır. “Biz Ankara ilə əməkdaşlıqdan imtina etmək fikrində deyilik. Türkiyə ordusu geri çəkilsə, Kipr çox təhlükəli yerə çevriləcək", -deyə siyasətçi qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara