Qəbələ – Xankəndi ultramarafonunun 2-ci mərhələsi başa çatıb. İştirakçılar Ağdaşdan Bərdəyə 65 kilometr məsafəni qət ediblər.
Marafonun 1-ci mərhələsində olduğu kimi, bu dəfə də kişilər arasında türkiyəli atlet Üzeyir Söyləməz qalib adını qazanıb. Qadınların mübarizəsində də Ukrayna təmsilçisi Alyona Şevçenko fərqlənib. Ultramarafon iştirakçıları növbəti iki gündə Bərdə – Ağdam (44 kilometr) və Ağdam – Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən marafona aprelin 13-də yekun vurulacaq. İlk mərhələdə isə idmançılar Qəbələdən Ağdaşa kimi 55 kilometr məsafəni qaçmışdılar.
L.QURBANOVA
XQ