Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)
2018-ci ildə jurnalistlərlə hakimiyyət arasındakı belə bir qarışıq kontekstdə, Fransanın media dünyasında yeni bir maqnat – Daniel Kretinski peyda olur. EPH qrupunun rəhbəri olan bu qırx yaşlı çex milyarderi var-dövlətini Mərkəzi Avropanın enerji sektorunda qazanıb. Fransanı və fransız mədəniyyətini çox sevən, fransız dilində sərbəst danışan, ancaq Fransada heç kimin tanımadığı bu iş adamı, təxminən 60 milyon avroya Lagardère qrupunun yeddi məşhur jurnalını, (Elle, Version Femina, Art & Decoration, TV 7 jours, France Dimanche, Ici Paris, Public), eləcə də Marianne siyasi jurnalını satın alır.
Böhran vəziyyətində olan Fransanın media dünyasındakı bu qəfil alqı-satı məsələsi hamıda sürpriz yaradır və paralel olaraq ölkədə bir şayiə yayılır: deyirlər ki, guya sərvətini enerji, xüsusilə daş kömür və qaz sayəsində əldə edən oliqarx Kretinski Putinə və Kremlə çox yaxın adamdır. Bir neçə həftə sonra bu söz-söhbət Le Canard enchaîné qəzetində də təkrarlanır. Ancaq qəribə burasındadır ki, Makron və onun klanı ağız-ağıza verib səhərdən axşama qədər Putini, Rusiyanı və onun Fransaya pis təsirini tənqid etsələr də, bu dəfə səslərini də çıxarmırlar. Ancaq mətbuatda gedən bir neçə qısa xəbərə görə, nə rəsmi, nə də qeyri-rəsmi reaksiya verməsə də, Yelisey sarayı bu söhbətdən narahat olur.
Haqq-hesab saatı
Bütün ölkənin, xüsusilə də siyasi jurnalistlərin çoxdan gözlədiyi vaxta – nazirlərin dəyişdirilməsi gününə – iki gün qalıb. Ekologiya naziri Nikola Hülo ilə Daxili İşlər naziri Jerard Kollomb istefa verib gedəndən sonra Emmanuel Makron gecə-gündüz kimi hansı nazirliyə göndərmək barəsində fikirləşir. O bu seçimini mesaj kimi mediaya da çatdırmaq istəyir. Düzdür, gənc prezident ona əxlaq dərsi keçənlərə, ona nəyi necə etmək haqqında məsləhət edənlərə nifrət edir, lakin indi hiss olunur ki, o, bərk narahatdır və məsləhətə ehtiyacı var. Əslində, dövlət başçısı nazirləri belə tez dəyişməyi planlaşdırmamışdı, hər halda, Avropa seçkilərindən əvvəl yox. Lakin gözlənilmədən ortaya çıxan Benalla məsələsi həm ictimai fikirlərdə, həm də Yelisey sarayının dəhlizlərində dərin iz buraxdı. Doğrudan da, bu məsələdə prezidentin bəxti heç gətirmədi.
İndi bütün ölkədə, bütün ailələrdə şam yeməyi zamanı söhbət ancaq prezident Makrondan, onun zəifliyindən və onun hakimiyyətdəki tənhalığından gedir. Bir müddət qartal kimi qanad açıb göylərdə süzən Makron indi hamının tənqid hədəfinə çevrilib. Dövlət başçısı o böyük Yelisey sarayında tənhalığa qapılıb. Bununla belə Makronçular arasında hələ də heç kim ictimai yerlərdə və ya mediada prezident haqqında tənqidi bir söz deməyə cəsarət etmir. Fransada hələ ki, hər şey bu monarxın əlindədir və onun ətrafında dövr edir. V Respublikada prezidentin səlahiyyətlərinin sayı çox olsa da, onun gərginliyi də çoxdur. Amma seçki kampaniyası zamanı müxtəlif şəbəkələrin və müxtəlif siyasi şəxsiyyətlərin birləşib ona kömək etdikləri dövr artıq geridə qalıb. İndi hamı öz başının hayındadır. Hamı özünə sual verir ki, niyə o vaxt mən elə yox, belə elədim? Niyə mən o vaxt bu macəraya qoşuldum? Niyə o vaxt mən buna (Makron) səs verdim?.. Bu məsələ ilə bağlı bizim verdiyimiz suallara çoxları belə cavab verdi: “Bu dəqiqə ölkədə siyasi vəziyyət çox pis gündədir. Ona görə hələlik sizinlə bu barədə danışmaq istəmirəm...”
Prezidentdən məyus olanlar arasında Jan-Lui Borlo xüsusi bir yer tutur. Bu mərkəzçi partiyasından olan keçmiş nazir, Makronun ona həvalə elədiyi şəhərətrafı qəsəbələrdəki sosial vəziyyətlə bağlı hesabatından sonra məruz qaldığı təhqirləri hələ də həzm etməyib. Telekameralardan və jurnalistlərdən kənarda Nikola Sarkozinin bu keçmiş naziri prezident Makronun ona qarşı pis davranışından şikayətlənir. Xüsusilə də Afrika ölkələri ilə bağlı məsələlərdə. Dominik dö Villpənt də dövlət başçısının ona qarşı soyuq münasibətindən gileylənir. Onların özləri, onların dostları, onların şəbəkələri, prezident seçkiləri zamanı bu gənc namizədə kömək etməmişdilərmi? Etmişdilər!.. Niyə bəs Makron onların köməyini belə tez unudur? “Biz onun üçün nələr eləmədik. Ancaq əvəzini görmədik. Prezident seçiləndən sonra o bizi unutdu. Elə advokat Jan-Mişel Darruanı götürək. O yazıq seçki kampaniyasında Makron üçün əlindən gələni etdi, Rotşild bankında, eləcə də Nestlé firmasında ona maliyyə köməyi tapdı. Ancaq Makron hər şeyi unutdu. Prezident seçiləndən bəri bircə dəfə də olsun ona zəng vurmadı. Amma Parisdə belə şeylər keçmir. “...Əgər yuxarı qalxanda sənə kömək edən insanları sonra saymırsansa, yıxılanda sənə əl uzadan olmayacaq”, – deyə parisli bir iş adamı dodaqaltı deyinir. Heç digərləri də, xüsusən Sosialist Partiyasından olanlar da bu ikibaşlı danışan, məntiqsiz hərəkətlər edən cənab Makronu anlamırlar. “Biz ona Barak Obama kimi, Castin Trüdo kimi baxırdıq... Nə oldu bəs? Əvəzində Nikola Sarkozi ilə dostluq edən, sağa-sola liberalist qanunlar səpələyən və siyasi məmurlara hörmətsizlik göstərən bir adam gördük...” Hətta Yelisey sarayının özündə belə prezident kabinetinin üzvlərindən biri cəsarət edib bizə dedi ki: “Biz fikirləşirdik ki, dövlətin başına yeni bir Napoleon Bonapart gəlib, ancaq əvəzində Sarkozinin minə bölünmüş versiyasını gördük”. Onun ən yaxın çevrəsindəki əməkdaşları arasında belə çox az adam onunla ünsiyyətə girə bilir. İsmael Emelienin kiçik klanında qapanıb qalan prezident haqqında makroniyanın özündə belə qəribə söz-söhbətlər gəzir: “Benalla Makronun məşuqu deyil, çamadan daşıyandır...” Bəziləri də deyir ki, “Prezidentin hamıdan qaçmağının səbəbi şəxsən özüdür...” Təbii ki, bütün bunlar arxada, gizlin, pıçıltı ilə deyilir.
Onun haqqında gəzən şayiələrin heç doğru olub-olmamasını sübut etmək mümkün olmasa da, dedi-qodu durmadan artır. Suallar getdikcə çoxalır. Nə üçün Aleksandr Benallanın ətrafında bu qədər afrikalı iş adamı var? Nə üçün indi də onun yanında oliqarxlar peyda olub? Necə oldu ki, sadə bir “missiya müşaviri”, may ayının 1-də etdiyi hərəkətlə bütün dövlət aparatını ifl ic vəziyyətinə saldı? Niyə prezident də, onun ətrafı da Benallanı belə canfəşanlıqla qorudular? Bəlkə, kimsə prezidenti şantaj edir?
Benalla qalereyanı əyləndirir
O da bir həqiqətdir ki, bu payız keçmiş “missiya müşaviri” Aleksandr Benalla ölkədə, bəlkə də, ən məşhur adamdır. Bir gün onu paytaxtın adlı-sanlı Fuquet’s restoranında, bir başqa gün FoburqSan-Onore küçəsində, Yelisey sarayının iki addımlığında yerləşən beş ulduzlu məşhur Bristol hotelinin barında görürlər. Onun Parisin 8-ci rayonunda çox dəbdəbəli Piaf restoranında keçirilən JDD jurnalının 70 illik yubiley mərasimində peyda olması əsl sensasiyaya səbəb olur. Benalla tez-tez Nikola Sarkozinin büdcə naziri olmuş Jerard Darmanan, məşhur advokat Terri Herzoq, Fransua Baruan, Valeri Pekress, Ramzi Kirun, Denis Oliven kimi adlı-sanlı adamlara görüşüb söhbət edir. Yanvar ayında senatorların qarşısında ikinci dəfə dindiriləndən sonra Benalla hər gün vəkili Jaklin Lafonla birlikdə Parisin 6-cı rayonunda, Odeon Teatrının yaxınlığındakı məşhur Hibou kafesində nahar edir. Fevral ayında həbsxanadan çıxandan sonra qəsdən hər axşam Bristol hotelinin barına gəlir. Benallanı görən kimi hamı dərhal yaxınlaşıb onunla selfi çəkdirir, ya da heç özündən icazə də almadan kənardan onun şəkilini çəkirlər. Əlbəttə, artıq heç kim onun vaxtilə prezidentin sadə bir “cangüdəni” olduğuna inanmır.
Benallanın Çad ölkəsinə səfəri mediada yayılandan sonra Yelisey sarayı əks hücuma keçdi. Prezidentin mətbuat xidməti elan etdi ki: “Benalla heç bir diplomatik söhbətlərdə iştirak eləmir; o, prezidentin elçisi deyil və xarici dövlət başçıları ilə heç bir rəsmi danışıqlar aparmır”. Bu yay hələ heç kim Yelisey sarayından Benallaya qarşı belə bir münasibət gözləmirdi. Burdan aydın görünür ki, Benalla Yelisey sarayını tərk edəndən sonra da çox yüksək səviyyədə dəstəklənib və çox yüksək səviyyədə də qorunub. Xüsusilə prezidentin kölgəsindəki İsmael Emelien ilə Lüdovik Şaker hər şey edirdilər ki, Benalla heç nədən korluq çəkməsin.
Ancaq Milad bayramı ərəfəsində, onun diplomatik pasportları ilə bağlı məsələlər, eləcə də keçmiş “missiya müşavirinin” rus oliqarxları ilə yaxınlığı mediada yayılanda, Yelisey sarayında yenidən panika yarandı. Əvvəlcə, prezidentin mətbuat xidməti iddia etdi ki, Benalla Yelisey sarayını tərk edəndən sonra prezident onunla Teleqram proqramı vasitəsilə mesajlaşmayıb. Ancaq bir müddət sonra prezidentin elə həmin mətbuat xidmətində jurnalistlərə etiraf etdilər ki, prezident, həqiqətən də, Aleksandr Benalladan bir neçə mesaj alıb və bəzilərinə cavab verib. (?) Çünki bir neçə həftə əvvəl Valeurs actuelles jurnalı yazmışdı ki, İsmael Emelien ona zəng vurmaqda davam edir və Benallanın özünün dediyinə görə, hətta prezidentin özü də ona zəng vurur.
Yanvar ayının əvvəlində Yelisey sarayında sanki bomba partlayır. Hamının təəccübünə rəğmən prezident aparatının mətbuat xidmətinin direktoru Silvan Fort istefa verib işdən çıxır. Bəzi makronistlərin dediyinə görə, “Prezidentin Benalla ilə Teleqram proqramı vasitəsilə mesajlaşması epizodu” onun səbir kasasını doldurdu.
(ardı var)