Azərbaycan Avropanın enerji xəritəsini yenidən çəkir

post-img

Son illər Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən Azərbaycan “köhnə qitə”nin təbii qaz ehtiyaclarının ödənilməsi üçün geniş potensiala malikdir. Məlum olduğu kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bununla belə, Prezident İlham Əliyev bu rəqəmin daha çox olması ilə bağlı nikbinliyini dəfələrlə bəyan edib. Dövlətimizin başçısı hesab edir ki, Azərbaycanın neft yataqlarında fəaliyyət təcrübəsi göstərir ki, qazma işləri davam etdikcə ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi daha çoxdur. Bu da Azərbaycanın qaz sahəsinin azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcəyini deməyə əsas verir.

Təsadüfi deyil ki, aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev indiki şəraitdə Avropa İttifaqının Azərbaycandan daha çox qaz istədiyini vurğulayaraq bildirib ki, hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq, qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda ökəmizdə “yaşıl” enerji stansiyalarının qurulacağı ilə elektrik enerjisinin istehsalında istifadə olunan qaza da qənaət edilməklə gələcəkdə qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq mümkün olacaq. Heç şübhəsiz, bütün bunlar ölkəmizin qaz potensialı barədə aydın təsəvvür yaradır.

Belə bir şəraitdə Avropa ölkələri də “mavi yanacağ”a olan tələbatının ödənilməsində ölkəmizə böyük ümid bəsləyirlər. Məhz bunun nəticəsidir ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ölkəmizə rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla da tərəflər arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Beləliklə, Prezident İlham Əliyevin gələcək üçün yol xəritəsi kimi dəyərləndirdiyi Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında planlaşdırılan bütün məsələlərin həlli üçün yeni imkanlar yaradıb.

ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda dövlətimizin başçısı Xorvatiyadan olan ekspert Anton Deymoviçin sualını cavablandırarkən həmin tarixi sənədi xatırladaraq deyib: “O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi.” Dövlət başçısının qeyd etdiyi kimi, hazırda Azərbaycanın qaz təchizatı 12 ölkəni əhatə edir ki, onlardan da 10-u Avropa ölkəsidir. Azərbaycan qazının 8 alıcısı isə Avropa İttifaqının üzvüdür.

Hazırda ölkəmiz strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrlə bağlı fəal dialoq aparır. Neft, qaz və bərpa olunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. Ötən müddətdə ölkəmiz qaz ehtiyatlarını Avropaya çatdırmaq üçün Cənub Qaz Dəhlizi kimi son dərəcə vacib enerji marşrutunun yaradılmasına nail olub. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazın “köhnə qitə”yə ixracı üçün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti sayılan Trans-Adriatik Boru Kəməri (TAP) inşa olunub. İstismara verildiyi 2020-ci il dekabrın 31-dən ötən 4 il ərzində TAP Avropaya 42,8 milyard kubmetr “mavi yanacaq” nəql edib.

Bununla belə, qeyd etdiyimiz kimi, Avropada Azərbaycan qazına tələbat getdikcə artır. Bu tələbatın ödənilməsi üçün infrastruktur imkanlarının artırılmasına, Cənub Qaz Dəhlizinin genişləndirilməsinə böyük ehtiyac duyulur. Xatırladaq ki, aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarındakı çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.

“Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumun Xorvatiyadan olan iştirakçısının “Brüsselə Balkanlar üçün sərmayə planında Avropada reallaşdırılan qazlaşdırma layihələrində iştirak etməyin vaxtının yetişməsi barədə danışmaq, Azərbaycanı, sadəcə, faydalı qazıntı və qaz platforması kimi deyil, o cümlədən tərəfdaş ölkə kimi qəbul etmək, onun “yaşıl” enerjisinə qapıları açmaq, regionla əməkdaşlıq etmək, eləcə də Azərbaycanın yenidənqurma və süni zəka layihələrində və digər işlərdə iştirak etmək fürsəti görünürmü” sualını cavablandıran dövlətimizin başçısı bildirib: “... Əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər. Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, – istər neft, istər qaz olsun, – eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi”.

Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyətinin genişləndirilməsinin vacibliyini önə çəkən Prezident qeyd edib ki, bunu yalnız kredit vəsaitləri və korporativ vəsaitlər hesabına həyata keçirmək mümkündür. Dövlətimizin başçısı Avropa Komissiyasına tam inteqrasiya olunmuş Avropa İnvestisiya Bankının faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırdığını xatırladaraq son zamanlar bir sıra rəsmilərlə görüşləri zamanı bu məsələni dəfələrlə qabartdığını diqqətə çatdırıb. Fikrinin davamında bu məsələdə ikinci mühüm meyarın uzunmüddətli müqavilələrlə bağlı olduğunu xatırladan Prezident İlham Əliyev deyib: “Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Bu isə haqlı olaraq sual sual doğurur: həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir”.

Hər bir halda bütün maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın “mavi yanacağ”ı ilə qızınmaq istəyən ölkələrin sayı artmaqda davam edir. Artıq bu ildən TAP-la Avropaya çatdırılan qazın daha bir ölkəyə daxil olacağı dəqiqləşib. Bu ölkə isə Albaniyadır. Yeri gəlmişkən, uzunluğu 878 kilometr olan Trans-Adriatik Boru Kəmərinin 215 kilometri Albaniyanın ərazisindən keçsə də, bu ölkə Azərbaycan qazının alıcısı deyil. Prezident İlham Əliyev ADA Universitetində bu ildən Albaniyanın da Azərbaycan qazının alıcılarının sırasına qoşulacağının anonsunu verib. Dövlətimizin başçısının sözlərinə görə, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Ölkəmizin ötən müddətdə bu sahədə lazımi təcrübə əldə etdiyini vurğulayan Prezident İlham Əliyev bu baxımdan Gürcüstanın qazlaşdırılmasına yatırılmış sərmayələri xatırladıb. Qeyd olunub ki, qonşu ölkədə əvvəllər qazlaşdırmanın səviyyəsi 30 faiz təşkil edirdisə, Azərbaycanın sərmayəsi hesabına bu rəqəm, təxminən, 80 faizə çatıb. Bununla yanaşı, Azərbaycan dövləti hazırda Bolqarıstanda da qazlaşdırma layihəsini müzakirə edir. Gələcəkdə isə digər ölkələrlə də bu sahədə razılaşmaların əldə olunması üçün real imkanlar mövcuddur.

Görünən budur ki, Avropa Komissiyası və Avropa İttifaqının Enerji Komissiyasının bir müddət əvvəl Azərbaycanı etibarlı tərəfdaş, “Panavropa qaz təchizatçısı” adlandırması heç də təsadüfi deyilmiş...



Siyasət