ABŞ dünya iqtisadiyyatını titrədir

post-img

“Rüsum savaşı” qlobal tənəzzül təhlükəsi yaradır

ABŞ-ın yeni rüsum siyasəti və onun qlobal iqtisadiyyata təsiri mövzusu qlobal ticarətdə əsas mövzulardan biri olaraq qalır. Bu da təsadüfi deyil, çünki Prezident Donald Trampın aprelin 2-də rüsum artımını son əsrdə ən yüksək səviyyəyə çatdırması qlobal iqtisadiyyata təsir göstərir. İqtisadçılar deyirlər ki, bu qlobal sarsıntılar xüsusilə Avropa İttifaqına (Aİ) ağır zərbə vura bilər. Eyni sözləri Asiya ölkələri barədə də demək olar. Pekinin də cavab rüsumlar tətbiq etməsi vəziyyəti daha da qəlizləşdirir və bəzi mütəxəssislər, hətta qlobal tənəzzül barədə danışırlar. Okeanın o tayından gələn son xəbərlərdə isə bildirilir ki, Vaşinqton razılığa gələ bildiyi ölkələrə qarşı tətbiq etdiyi rüsumlara yenidən baxmağı istisna etmir.

Aydındır ki, qarşılıqlı rüsumların tətbiqi ticarət müharibələrinə gətirib çıxarır və bu proses getdikcə daha geniş siyasi və geosiyasi gərginliyə çevrilir, ölkələr arasında münasibətləri pisləşdirir. Çünki rüsumların artırılması xaricdən gətirilən malları bahalaşdırır. Şirkətlər əlavə xərclərini istehlakçıların çiyinlərinə qoymağa məcbur olurlar və bu da idxaldan asılılığı yüksək olan ölkələrdə inflyasiyaya gətirib çıxarır. Ticarət müharibələrindən çox vaxt inkişaf etməkdə olan ölkələr əziyyət çəkirlər. Öna görə ki, belə ölkələr bərabər səviyyədə rəqabət apara bilmirlər, bazarları, investisiyaları və texnologiyalarını itirirlər. Bundan başqa, qarşılıqlı rüsumların tətbiqi beynəlxalq ticarətin həcmini də azaldır, ixracatçıları və xarici tələbdən asılı olan ölkələri ciddi maliyyə itkilərilə üz-üzə qoyur. Eyni zamanda, şirkətlər investisiya qoyuluşlarını azaldır. Bu, xüsusilə yüksək texnologiyalı və kapital tutumlu sənayelərdə artımın dayanmasına səbəb olur. Rüsum artımı xüsusilə avadanlıq hissələrinin müxtəlif ölkələrdə istehsal olunduğu yüksək texnologiyalı sənayelər (məsələn, smartfonlar, avtomobillər, yarımkeçiricilər) üçün ağrılıdır. Çünki logistikanın yenidən qurulması illər çəkir və milyardlarla dollara başa gəlir.

Rüsumlar mahiyyətcə idxalçı tərəfindən ödənilən vergidir və adətən distribyutorlara, topdansatışçılara, pərakəndə satışçılara və son nəticədə istehlakçılara ötürülür. Aİ, Yaponiya və Cənubi Koreya kimi əsas müttəfiqlər də daxil olmaqla, ABŞ-la ən böyük ticarət profisiti olan 60-a yaxın ölkə indi elan olunmuş 10 faizi keçən əlavə tariflərlə, onlarla başqa ölkə isə 50 faiz və ya daha çox tariflərlə üzləşdi. Prezident Tramp çıxışı zamanı, demək olar ki, bütün ölkələrə 10 faizlik baza rüsumlarının aprelin 5-dən qüvvəyə minəcəyini, daha yüksək tariflərin isə aprelin 9-dan tətbiq ediləcəyini bildirmişdi. ABŞ hökuməti yeni rüsumların ölkə iqtisadiyyatına 600 milyard dollar gəlir gətirəcəyini vurğulayır. Amma iqtisadçılar düşünürlər ki, yeni rüsumlar ABŞ-da malları daha da bahalaşdıracaq, Avropada və ABŞ bazarına ixraca əsaslanan başqa yerlərdəki bir çox sənayelərə də təsir edəcək.

Birləşmiş Ştatlar ümid edirlər ki, rüsumlara məruz qalan ticarət tərəfdaşları cavab addımları atmayacaqlar. Amma bir çox ölkədən fərqli olaraq Çin gecikmədən ABŞ məhsullarına qarşı 34 faizlik rüsum tətbiq etdi. Çinin cavabı, ilk növbədə, ona görə mümkün oldu ki, Pekinin prezident Trampın ilk prezidentlik dövründə tədarükün diversifikasiyası üzrə təcrübəsi var və Çinun Amerika bazarından asılılığı Vaşinqtonun Çin bazarından asılılığından xeyli aşağıdır. Ancaq Ağ evin sahibi bundan narahat deyil. O düşünür ki, bu qarşıdurmada daha çox zərər çəkən tərəf Çindir.

Bununla yanaşı, Tramp Çinlə ticarət balansı şərti ilə sövdələşməyə hazır olduğunu da açıqlayır. O, Çinlə yalnız Amerika tərəfindəki ticarət kəsirinin aradan qaldırılması şərti ilə razılaşmaya hazır olduğunu bildirir: “Çin üzündən biz ildə yüz milyardlarla dollar itiririk. Əgər bu problemi həll etməsək, mən müqavilə bağlamayacam. Mən razılığa gəlməyə hazıram, lakin onlar profisit problemini həll etməli olacaqlar”.

“Qoca qitə”də də ABŞ-a cavab verməyin yollarını axtarırlar. Çindən fərqli olaraq Avropa prezident Trampa qarşı ciddi addım atmaqdan ehtiyat edir. Fransa prezidenti Emmanuel Makron bildirib ki, ticarət müharibəsi “heç kimin maraqlarına uyğun deyil”. Onun sözlərinə görə, Fransa və Böyük Britaniya cənab Trampla danışıqlar zamanı öz hərəkətlərini əlaqələndirəcəklər. ABŞ-ın yeni rüsumları Almaniyaya ağır zərbə vura bilər. Çindən fərqli olaraq, Berlinin ABŞ bazarından asılılığı yüksəkdir. Statistikaya görə, ABŞ-ın Almaniya üçün bazar kimi əhəmiyyəti hazırda son 20 ildə ən yüksək səviyyədədir. Avropanın digərləri üçün ABŞ əhəmiyyətli bazar olaraq qalır.

S.ELAY
XQ

Siyasət