Ermənistan XİN: Dandığı nədir, “danışdığı” nə?

post-img

İrəvan manipulyasiyalara ara vermir

Prezident İlham Əliyev aprelin 2-də ölkəmizdə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata birgə bəyanatından sonra jurnalistlərin suallarını cavablandırarkən, almaniyalı həmkarını Bakı – İrəvan sülh danışıqları ilə bağlı məlumatlandırdığını bildirdi və bu fikirləri diqqətə çatdırdı:

“Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə “Dağlıq Qarabağ respublikası”nın taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur.

Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, daxili işimiz olduğu üçün biz, təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik.

Ancaq 2023-cü ilin sentyabr ayında Qarabağ torpağında separatizmə son qoyulandan bir neçə aydan sonra Ermənistan təkidlə irəli sürdüyü o maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı oldu. Faktiki olaraq real danışıqlar təqribən bir il bundan əvvəl başlamışdır”.

Əlbəttə, Prezident İlham Əliyev Berlində fəaliyyət göstərən DPA informasiya agentliyindən Ullrix Ştaynkolun sualına cavabında Ermənistanın danışıqlardakı mövqeyinə ümumi şəkildə yanaşmış, detallara varmamışdı. Yəni, dövlətimizin başçısı İrəvanın Qarabağ motivinin real məqsədinin nəyə hesablandığını diqqətə çatdırmışdı. Ermənistan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlaması, daha doğrusu, ölkənin “Azatutyun” radiosunun sorğusuna cavabı isə həmişəki kimi, spekulyasiya xarakterlidir. Ancaq necə deyərlər, dil çaşar, düzünü deyər. Hayların baş diplomatiya idarəsinin etirafına sonda aydınlıq gətirəcəyik.

Beləliklə, Ermənistan XİN bəyan edib ki, Qarabağ ermənilərinin məcburi köçürülmələrinə və qondarma “Dağlıq Qarabağ respublikası”nın ləğvinə dair “fərmandan” sonra bölgənin hay əhalisi ilə bağlı məsələ Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması gündəliyindən çıxarılıb: “Biz əvvəllər dəfələrlə bəyan etmişik ki, Ermənistan Azərbaycanla apardığı danışıqlarda Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə, o cümlədən bu məsələlərin həlli üçün beynəlxalq mexanizmin yaradılmasına çalışır. Buna görə də Azərbaycanla Dağlıq Qarabağ ermənilərinin üçüncü ölkələrdə görüşünü təşkil etmək cəhdlərimiz olub, lakin bu, Dağlıq Qarabağ tərəfindən geri çevrilib. Dağlıq Qarabağ ermənilərinin zorla qovulmasına və Dağlıq Qarabağın buraxılmasına dair fərmandan sonra məsələ Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin nizamlanması gündəliyindən çıxarılıb”.

Birincisi, rəsmi İrəvan həmişəki kimi, yenə qeyri-səmimi yanaşma sərgiləyir. Məlumdur ki, baş nazir Nikol Paşinyan administrasiyası həmişə erməni avantürizmini saxlamağa, canını tapşırmış separatçı rejimi qorumağa çalışıb. Mövcud istiqamətdə hansısa, az da olsa, pozitiv təsir bağışlayan, əslində illüziya yaradan nəyəsə nail olanda, durumu özünün uğuru kimi göstərib. Cəhdlər, bir qayda olaraq, heç bir fayda verməyəndə isə loru dildə desək, yaxasını kənara çəkib. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyanın bir müddət əvvəl jurnalistlərin suallarını cavablandıran zaman dediklərindən elə qənaət hasil olmuşdu ki, Qarabağ erməniləri qalıb Azərbaycana qarşı döyüşməli idilər və bunu bacarmayıblarsa, günah təmsil etdiyi iqtidarın deyil, onlarındır. Elə bil, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən N.Paşinyan olmamışdı.

İkincisi, həmin Paşinyan 2023-cü il sentyabr ayının əvvəlində yerli mediaya müsahibəsində bildirmişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Rəsmi İrəvan qondarma rejimdə keçirilmiş “prezident seçkilərinin” “qalibinə” təbrik də ünvanlamışdı. Baxmayaraq ki, o anadək Nikol Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etmişdi. Deməli, ortada böyük ikiüzlülük olub. Belədə ritorik sual yaranır: bütün bunlar separatçı quruluşun varlığını sürdürməsinə çalışmaq deyildimi?

Üçüncüsü, Qarabağın erməni icması ilə danışıqlar təklifini Azərbaycan vermişdi. Rəsmi Bakı bu icmanın ölkəmizə reinteqrasiyasını təmin etmək istəmişdi. Ancaq dəfələrlə görüş təkliflərinə baxmayaraq, ondan imtina edilmişdi. Hazırda Ermənistan XİN-in açıqlamasından belə görünür ki, sanki rəsmi İrəvan Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqların aparılmasının tərəfdarı imiş. Halbuki, təmasa imkan verməyən Paşinyan iqtidarının özü olmuşdu.

Ermənistan hakimiyyəti Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələsini gündəmdə saxlamaqla, bölgəninin əlahiddə statusda təqdimatına cəhd göstərib, yolverilməz yanaşması ilə ölkəmizin yurisdiksiyasını heçə sayıb. Hələ Ermənistan XİN-in hazırkı açıqlamasındakı “üçüncü ölkə” məntiqi də var. Yəni, Azərbaycan özünün erməni millətindən olan sakinləri ilə üçüncü ölkədə danışıq aparmalı imiş. Heç şübhəsiz, mövcud düşüncə də Qarabağı həyasızcasına ayrıca ərazi subyekti kimi vurğulamaqdadır...

Dördüncü məqama keçid alaq. Ermənistan XİN-in açıqlamasında maraqlı detal var. Nazirlik separatçı rejim tərəfindən 2023-cü ilin sentyabrın 26-da verilmiş “fərmanı” təhrif edir. Guya, “fərmanın” məzmununda separatçı rejimin buraxılması ilə yanaşı, Qarabağın erməni əhalisinin zorla çıxarılması motivi də yer alıb. Halbuki belə olmayıb. Qarabağın ermənisizləşdirilməsi “fərmanın” verilməsindən sonra gerçəkləşdi və prosesdə təşəbbüskar bilavasitə Ermənistan hakimiyyətinin özü oldu.

Bəli, Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələsi gerçəkləşmədiyindən, Silahlı Qüvvələrimizin lokal xarakterli uğurlu antiterror tədbirləri mövcud istiqamətdəki bütün ümidləri puça çıxardığından, rəsmi İrəvan Qarabağ avantürasının fərqli davam trayektoriyasına üstünlük verdi. Çalışdı ki, bölgənin erməni əhalisinin təhlükəsiz qayıdışı danışıqlar predmetinə çevrilsin. Əlbəttə, təhlükəsiz qayıdış üçün beynəlxalq təminat məsələsi də həmçinin.

Bütün bunlar Qarabağın erməni varlığına xüsusi obraz qazandırmaq niyyətinə hesablanmışdı. Yəni, Azərbaycanın konstitusyon quruluşunun şübhələndirilməsinə. Prezident İlham Əliyevin almaniyalı həmkarını məlumatlandırdığı məqam, habelə özünə ünvanlanmış sualı cavabındırarkən bildirdiyi məhz bu idi.

Bəli, dövlətimizin başçısı, faktiki olaraq, Ermənistanın 2024-cü ilin yanvarınadək sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyünü şübhələndirən formul axtarışlarına baş vurduğunu diqqətə çatdırıb. Rəsmi İrəvan belə yanaşmanın yolverilməzliyini bir il əvvəldən anladığı üçün həmin vaxtdan Bakı – İrəvan sülh gündəminin real trayektoriyası start götürüb. Ancaq bir maraqlı məqam da var.

Məsələ ondadır ki, Ermənistan hakimiyyəti 2024-cü ilin yanvarından başlayaraq, Qarabağ məsələsində özü bilavasitə fəaliyyət göstərmədi. “İşi” xaricdəki ermənipərəstlər, erməni lobbi və diaspor təşkilatları həyata keçirdilər. Onlar hazırda müxtəlif beynəlxalq platformalarda “Azərbaycanda saxlanılan ermənilər” adlı siyasi şou yaradır və ölkəmiz əleyhinə təbliğat aparırlar. Çalışırlar ki, Bakıda məhkəməsi gedən separatçı rejimin rəhbərləri siyasi məhbus kimi tanınsınlar və s.

Heç şübhəsiz, Paşinyan iqtidarının təmsilçilərinin də həm açıq, həm də qapalı dəstək verdikləri belə sərsəm dəst-xətt də özündə Qarabağ avantürasına “xidmət” məramını daşıyır. Üstəlik, rəsmi İrəvanın xaricdəki havadarlarının Qarabağ ermənilərinin bölgəyə qayıdışı ilə bağlı apardıqları kampaniya da gündəmdədir. Məqsəd təzyiqlər yolu ilə Azərbaycanı Ermənistanla ədalətsiz sülhə vadar etməkdir. Elə bir sülh ki, onda haqqında söz açdığımız Qarabağ avantürasının davamına maneçilik törədən hansısa məqam olmasın.

Baxın, Ermənistan hakimiyyəti Azərbaycanın ATƏT-in Minsk qrupunun rəsmən ləğvinə dair müştərək müraciət ünvanlanması ilə əlaqədar tələbini yerinə yetirməkdən boyun qaçırır. Paşinyan iqtidarı ölkə konstitusiyasına dəyişiklik aparmaqdan da yayınır. Çünki hər iki məsələ özündə Azərbaycana qarşı ərazi iddiasının saxlanılmasını ehtiva edir. Ermənistan konstitusiyası İstiqlaliyyət bəyannaməsinə istinad edir. O bəyannaməyə ki, orada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma qərarı əksini tapır. ATƏT-in Minsk qrupuna gəlincə, məlumdur ki, bu təsisatın mövcudluğu Qarabağın Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi qismində vurğulanmasıdır. O ərazi ki, digər torpaqlarımızla yanaşı, otuz ilə yaxın müddətdə işğalda qalmışdı. Nəzərə alsaq ki, Minsk qrupunun faktiki fəaliyyəti ədaləti bərpa etmək yox, işğalı leqallaşdırmaq idi. O zaman belə qənaətə gəlmək olar ki, rəsmi İrəvan onun ləğvinə razılıq verməməklə, əslində, ərazi iddiasının sıradan çıxması ilə barışmazlığını göstərir.

Sonda “dil çaşar, düzünü deyər” misalının nə üçün yerinə düşdüyünə aydınlıq gətirək. Vurğuladıq ki, Ermənistan XİN məlum açıqlamasında qondarma rejimin buraxılmasına dair “fərmanı” təhrif edir. Elə təsəvvür yaradır ki, sanki “sənəd” Qarabağ ermənilərinin də bölgədən çıxarılması ilə bağlı olub. Ancaq digər tərəfdən, rəsmi İrəvanın, bəlkə fərqinə varmadan, etiraf etdiyi reallıq var. Reallıq ondadır ki, Ermənistan XİN-in hazırkı açıqlaması Paşinyan hakimiyyəti təmsilçilərinin Qarabağın ermənisizləşdirilməsinə görə Azərbaycanı ittiham ritorikasını heçə endirir. Başqa sözlə desək, haylar özləri öz yalanlarını ifşa edirlər.

Belə nəticə hasil olur ki, separatçı rejim özünü buraxdı və varlığını qorumaq üçün saxladığı əhali kütləsini də özü ilə bərabər apardı. Bir qədər də aydın vurğulayaq: Ermənistan hakimiyyəti Azərbaycan dövlətinin gücü, iradəsi və qətiyyəti qarşısında geri çəkildi, himayəsi altındakı separatçı rejimi buraxmağa dair qərar verdi, habelə həmin rejimə “leqallıq” obrazı qazandıran erməni əhalini də bölgədə saxlamaq istəmədi, ən əsası isə Qarabağ avantürasının, belə demək mümkünsə, niskil dövrünə start verdi. Hər halda, Qarabağ erməniləri kosmosa yox, Ermənistana getdilər. Yəni, əslində, gəldikləri yerə. Hərçənd, gəldikləri yer məsələsi də şübhəlidir. Çünki Qafqaza ermənilərin necə, hansı məqsədlə yerləşdirildikləri hər kəsə yaxşı məlumdur.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət