Xəzərin küləyi də cilovlanacaq

post-img

Avropanın külək sənayesinin aparıcı şirkətləri və maliyyə institutlarının geniş tərkibdə təmsil olunduqları tədbirdə energetika naziri Pərviz Şahbazov, Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dicksonun iştirakı ilə “Dənizdə külək enerjisinin inkişafı” mövzusunda növbəti Azərbaycan–Avropa İttifaqı (Aİ) dəyirmi masası təşkil edilib.

Toplantıda Xəzər dənizinin Azərbaycan seqmentində 5 sahənin müəyyənləşdirilməsi, ölçmə və müşahidə işlərinin aparılması və enerji şirkətləri ilə həyata keçirilən layihələr barədə məlumat verilib. Dənizdə külək enerjisi istehsalının ilkin mərhələdə 4 QVt-nın “Xəzər-Qara Dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Avropaya ixrac ediləcəyi, həmçinin planlaşdırılan digər interkonnektorların da məhz Avropa ölkələrinə istiqamətləndiyi qeyd olunub. Eyni zamanda, Avropa şirkətlərinin külək enerjisinin istehsalı və ötürülməsi layihələrində iştirak etmək üçün geniş imkanlara malik olduğu bildirilib.

Dəyirmi masada Azərbaycanın dənizdə külək enerjisi potensialının inkişafı üzrə Azərbaycan – Aİ əməkdaşlığına qarşılıqlı maraq bir daha vurğulanıb. 2024-cü ildə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “WindEurope” arasında imzalanan Anlaşma Memorandumunun icrası çərçivəsində görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müzakirə olunub.

 

İqtisadiyyat