Çiyələk əkinləri sığortalanır

post-img

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, ölkədə meyvə bağları və giləmeyvə əkinlərinin dövlət dəstəyi ilə sığortalanması prosesi davam edir. Son illərdə çiyələk plantasiyalarının sahəsi də artmaqdadır. Belə ki, 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb.

Hazırda ölkə üzrə, ümumilikdə, 4256 hektar sahədə çiyələk və digər giləmeyvə növləri yetişdirilir ki, bunun da 4 min hektarı artıq məhsul verir. Çiyələk əsasən Cəlilabad (600 hektar), Lənkəran (360 hektar), Masallı (300 hektar) və Şəmkir (300 hektar) rayonlarında əkilir. Plantasiyalarda orta illik məhsuldarlıq 1 hektara, təxminən, 10 ton təşkil edir. Ötən ildə isə Cəlilabad rayonunda rekord göstərici – 32 ton/hektar orta məhsuldarlıq qeydə alınıb.

Sığorta tariflərinə gəlincə, 1000 manatlıq çiyələk məhsulunun sığortalanması fermerlərə Lənkəran–Astara regionunda 14,7 manata, Mərkəzi Aran regionunda 14,2 manata, Qazax–Tovuz regionunda 30,7 manata, Quba–Xaçmaz regionunda 16 manata başa gəlir.

Məlumata görə, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çiyələk əkinlərini bir sıra risklərdən – dolu, fırtına, qasırğa, sel və subasma, üçüncü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və digər təbii hadisələrdən sığortalayır. Fermerlər bu sığorta imkanından cüzi ödənişlə və sərfəli şərtlərlə yararlana bilirlər. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

 

İqtisadiyyat